Medianews.az
Cənnətin qəbzi
255 baxış

Cənnətin qəbzi

zamin yeni raz Bir xarici qurum dünyada viza almaq çətin olan 10 dövlətin siyahısını açıqlayıb, orda ana yurdumuz Azərbaycanımız da vardır. Bəzi ağzıgöyçəklər buna irad tutur, deyirlər axı bizdə nə matah şeylər var ki, onu görməyi əcnəbilərə çətin edirik, normal halda belə xaraba qoyulan yerin bütün qapı-pəncərələrini açıb turisti-muristi ölkəyə buraxmalısan ki, bəlkə onlardan beş qəpik xeyir ola, şirniquş-filan satıb dolanaq. Kökündən yanlış düşüncədir. Azərbaycanımız dünyaya günəş kimi doğmaqla yanaşı, analoqu olmayan ərazidir. Tarkovski-nin dünya şöhrətli “Stalker” filmində bir zonadan bəhs edilir, orda otaq var, həmin otaqda ən dərin arzular yerinə yetirmiş. Filmin qəhrəmanları həmin otağa doğru keşməkeşli, əzablı yollarını sizcə hansı müsiqinin altına gedirlər? Bizim “Bayatı-Şiraz” muğamımızın! Bununla böyük sənətkar Tarkovski uzaqgörənliklə Azərbaycanın gələcəkdə arzuların yerinə yetdiyi diyar olacağına işarə vurmuşdur. Sözgəlişi, rəhmətlik rejissorun soyadı qədim türk dilindən irəli gəlir, “Türkovski” deməkdir. AMEA Tarixi-Etnoqrafik-Kulturalizm və Beynəlxalq Münasibətlər İnstitutunun araşdırmalarına görə rəhmətliyin babası yaxşı tar çalan da ola bilərdi və muğam sənətimizə məhəbbət burdan irəli gəlmişdir. Bax, elə AMEA-da aparılan islahatlar yuxarıdakı institutun yaranmasına səbəb olmuşdur. Keçən həftə AMEA-da daha bir iclas qayırılmış, Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutu birləşdirilib Torpaqşünaslıq və Aqrokimya İnstitutu olmuşdur. Çox əladır. Yaxşı olardı Qoyunçuluq və Çəmənlik İnstitutu ilə Canavarçılıq və Şumlama İnstitutu, həmçinin Dağçılıq və Dərəbəyçilik İnstitutu ilə Qurutma və Korroziya Elmi Araşdırma İnstitutları da birləşdirilsin. Məncə belə olan halda Nobel mükafatı alan alimlərimizin sayında bir qədər artım yaranardı, indi hər il cəmi 9 alimimiz Nobel alır, bu isə bizi narahat etməkdədir. Suvarma üzrə ümumiyyətlə Nobel-imiz olmamışdır. AMEA prezidenti Akif Əlizadənin yerinə olsam istefa verib Artur Rasizadənin yerinə keçərdim. Yaşları da üst-üstə düşür, Artur müəllim 80, Akif müəllim 81 yaşındadır. Qanunla bizdə orduya çağırışı Səfərbərlik İdarəsi adlı qurum edir. Ancaq bugünlərdə bir general dedi ki, müdafiə naziri Zakir müəllim nazir uşaqlarını da tutub orduya aparır, özü də birbaşa cəbhə xəttinə basır, hətta bir neçə nazir balası şəhid olmuşdur. (Hərbi sirdir, o üzdən nazirlərin adlarını açıqlamaq olmaz). İndi bunu necə anlayasan? Sabah Zakir müəllim Suvarma və Erroziya İnstitutunda elmi suların axmasına da göstəriş verə bilərmi? Yaxud, mədəniyyət naziri Əbülfəs müəllim - bu şairin dilinə qurban ola bilmədiyi həmin kadrdır - təzə sərəncam verib, ölkədə çəkilən istənilən film gərək nazirlikdə qeydiyyatdan keçsin. Prinsipcə, bunu piratlıqla mübarizə üçün üsul adlandırmaq olar. Bir çox ölkələrdə də filmlər dövlət reyestrində qeydiyyata alınır. Ancaq bizim kino haqda qanun elə yayğındır ki, burda film anlayışı altına istənilən kamera ilə çəkilən audiovizual kadrlar düşə bilər. Örnək üçün, indən belə uşağın sünnət toyunu videoya çəksən gərək bunun bir surətini də aparıb verəsən Əbülfəs müəllimə, baxıb qərar çıxartsın: axşam qohumlar bir yerə toplaşıb bu filmə baxa bilər, ya yox. Əgər filmdə zorakılıq, pornoqrafik səhnə-filan olsa - bu isə sünnət toyunda labüd səhnədir - Mədəniyyət və Turnik Nazirliyi bunun baxılmasına, yayımına, hətta saxlanmasına qadağa qoya bilər, sünnət olunan uşağın atasını isə kirvə və dəlləklə birgə tutub Dövlət Təhlükəsizlik Xidmətinin zirzəmisinə salarlar, qoy gedib orda incəsənətin, həmçinin kino sənətinin qurban tələb etməsi haqda dərin düşüncələrə dalsınlar. İndi başa düşdünmü Azərbaycana viza almaq niyə çətindir?

Bizə qoşulun