Medianews.az
Hinduların Bakıdakı hüquqları
229 baxış

Hinduların Bakıdakı hüquqları

zamin yeni raz
Uca millətimizin demaqoqiya damarı tərpənəndə öz problemlərini görməyib başqa dövlətlərdə tük axtarır. Özəlliklə, Avropanı, Qərbi “biz müsəlmanıq, onlar xristian” kontekstində söymək bizdə dəbdir. Bu mənasız söhbətlərdə daim səslənən arqumentlərdən biri Amerikanın yerli əhalisi - hindular haqda olur. Əziz müsəlmanlarımız deyirlər ki, əgər Amerika yaxşı dövlət olsaydı hinduları qırıb onların torpaqlarını tutmazdılar. Ta indiki Amerika sakinlərinin 300-400 il qabaqkı davalara görə suçu nə qədərdir, indiki dövlətdə hinduların hüquqları nə qədər qorunur - bunlar heç kimi düşündürmür. 
Ancaq təzəlikcə Bakıda elə bir hadisə cərəyan etməkdədir ki, azərbaycanlılar hindu arqumentini gərək birdəfəlik qatlayıb bir yerə soxsunlar, çünki həmin hadisə baş verib qurtarandan sonra Azərbaycanda hinduların hüquqları azərbaycanlıların hüquqlarından artıq olacaqdır. Sözün əsl mənasında. Məcazi söhbət-zad deyil. İzah edim, sən də gör.
Bakının lap mərkəzində “Azərbaycan” kinoteatrı vardı. Qarşısında Natəvanın heykəli olan bu yeri paytaxtın bəlkə ürəyi saya bilərik. İndi yapistlər kinoteatrı tamam söküblər, yalnız fasadı qalıb. İçində isə “Hard Rok Kafe” adlı restoran açılacaq.
Bu, dünyada yayılmış restoranlar şəbəkəsi imiş, françayzinq (qısa yazsam, markanın satışı) üsulu ilə yapistlərdən kimsə burda da açacaq.  (Hərçənd “HRK” son illər tənəzzül yaşayır və xeyli restoranı bağlanıb - yapistlərin perspektivli sahəyə yatırım qoymasını görmüsünüzmü? Bunlarda ağıl olsaydı korrupsioner olmazdılar, halal yolla qazanılan pulun haramdan min dəfə üstünlüyünü, yeməliliyini başa düşərdilər).
Natəvan 19-cu əsrdə Şuşada yaşamış şairdir, onun heykəlinin arxasında rok-kafe açmaq paytaxt konsepsiyasına nə qədər uyğundur, bunun müzakirəsini peşəkarlara buraxaq. Hərçənd buna da şükür, ona qalsa Bakının bir çox tarixi binalarında əcaib restoranlar açıblar, misal üçün, Cabbarlının heykəlinin yanında “KFC” restoranı tarixi binada yamaqdır. Qız qalasını “evroremont” villaya döndəriblər. Səlahiyyət əllərindədir, istəsələr Natəvanın heykəlinin başına pinqvin də qoyarlar - kim etiraz edəcək? “Xalq ziyalıları” - yazıçı-pozucular, manıslar, kinoqayıranlar, boyakarlar və sairə riyakarlar prezident təqaüdü alıb dillərini çoxdan bir yerə qoyublar, yazılası yer deyil.
Rok azad, etiraz musiqisidir, o baxımdan yapistlər bizdə rokun cücərməsinə belə imkan verməyiblər və hazırda Azərbaycan roku demək olar yoxdur. Bir atımlıq barıtı olan iki-üç yorğun qrup qırıntısından başqa heç nə saya bilmərik. Təsəvvür edin, adamlar hələ də 25 il qabağın qrupu “Yuxu”nun səs yazılarını dinləyib qulaqlarının qurdunu öldürür! Roku olmayan şəhərdə rok kafe açırlar, afərin. Prinsipcə, bizdə siyasət də məhv edilib, ancaq “seçki” keçirilir.
Nəhayət, oxucu deyə bilər bunun hindulara nə dəxli, lap bezdirdin bizi. Haqlısınız, qısa yazıram: bu “Hard Rok Kafe” şəbəkəsini 2006-cı ildə ABŞ-ın əsasən Florida və Oklahoma ştatlarında yaşayan seminollar adlı hindu tayfası 965 milyon dollara alıb! Yəni Bakıda açılacaq restoran hindularındır. Yeri gəlmişkən, seminollar Amerikada yeganə hindu tayfasıdır ki, hələ indiyə qədər ABŞ hökuməti ilə rəsmi barışıq imzalamayıblar və özlərinə “yenilməz qəbilə” deyirlər. Bu tayfanın mübariz başçılarından biri haqda məşhur yazıçı Mayn Ridin “Otseola - seminolların başçısı” adlı romanı da var.
Hüseyn Məhəmməd adlı sosial şəbəkədən tanıdığım virtual dostumuz səyahət həvəskarıdır, bu yaxında Himalaya da getmişdi, həmin səyahətindən “Yeni Müsavat”da müsahibə olub, yəqin diqqətli oxucular xatırlayar.
Hüseyn bəy vətənə dönəndən sonra dağ turizmi ilə bağlı bir şirkət qurmaq fikrinə düşüb, ancaq bizim bürokratik orqanlar onun qarşısına saysız əngəl çıxardılar. Deyir Himalaya qalxmaq üçün Nepal turizm idarəsindən icazəni 10 dəqiqəyə almışdım, burda Bazardüzünə çıxmaq icazəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 aya verir. Bu vəziyyətdə hansı turizmdən, hansı biznesdən danışmaq olar? 
Halbuki Hüseyn bəyin dərisi qırmızı olsaydı Bakının mərkəzində kafe aça bilərdi. 

Bizə qoşulun