Avtoritar rejimlərin klassik şüarı olan “Adam yoxdur, problem də yoxdur” devizi hazırda bizim ölkəmizdə bir çox sferalarda uğurla tətbiq edilməkdədir. Örnək üçün, biz devalvasiyadan, dolların kursunun qalxmasından şikayətlənirdik, bunun altını çəkirdik. Hakimiyyət iqtisadi islahatlar aparmaq yerinə nə etdi? Yuxarıdakı sadə üsula əl atdı: hazırda valyuta dəyişmə məntəqələri demək olar tamamilə bağlanmışdır. Söhbət var ki, onları ümumiyyətlə qanunla bağlayacaqlar, kimə dollar lazım olsa ancaq banklardan müəyyən limitlə ala biləcək, özü də ancaq xaricə gedərkən!
Nə gözəl tədbirdir. Doğrudan da, əgər dollar olmasa, biz manatın öldüyünü hardan görəcəyik? Heç hardan. Ölünün ölü olmasını başa düşmək üçün gərək yanında bir diri olsun. Kənd yerində iqtisadi yüksəlişə nail olmağı “Çoxlu pul kəssin hökumət, guya nə ziyanı var” deyə şərh etmirlərmi? İndi xarici valyutalar da bənzər metodla cəzalandırılmışdır.
Afrikada dəvəquşular təhlükə anında başlarını quma soxurmuşlar. Düşməni görmürsən, bununla canın dincəlir. Qum yumşaq olsa lap özün də tam içinə girərsən. Bizim valyuta savaşında uğurlarımızı başqa ümummilli böhran sferalarına tətbiq eləməyimiz lazımdır. Örnək üçün, Qarabağ deyə bir süni problem yaradılıbdır. Halbuki, heç bir problem-zad yoxdur, Zakir müəllim hər gün düşmənin 128 atəş nöqtəsini susdurur, ildə 80 əsgərimiz vətən uğrunda həlak olur, bütün ştabların da döşəməsinə yaxşı mərmər üzlüklər vurulubdur. Bəs problemi yaradan nədir? Manıslar! Adamı lap dilxor edirlər. Haçan baxsan biri çıxıb “Qarabağ şikəstəsi” oxuyur. Bəyəm biz bu arxaik mahnını oxumağı qadağan eləsək, Qarabağ kimin yadına düşər?
Yaxud, görürsən kimsə şikayətlənir, deyir belə getsə hökumət havanı pullu eləyəcək. Əslində bu adamların xəbəri yoxdur, bizim ölkədə bəzi yerlərdə hava çoxdan pulludur. Siyasi məhbus olmuş jurnalist Əvəz Zeynallı keçən ay “Yeni Müsavat”a açıqlamışdı ki, Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında kameranın nəfəsliyini açıq saxlayıb hava almaq dustaqlara ayda 150-200 manata başa gəlir. Kameranın qapısını açıq saxlamaq isə 800-1000 manat imiş. Ancaq bu havasızlığı qanun şəklinə salıb hər bir azərbaycanlıya əleyhqaz satmaq mümkün deyildirmi? Hər maşına aptek qutusu, yanğınsöndürən alınması məcburidirsə, niyə hər bir adam əleyhqaz almasın? Bəlkə ermənilər sabah kimyəvi hücum təşkil edəcəkdir? Uca millətimizin taleyinə bu cür dırnaqarası münasibətin kökləri hardan qaynaqlanır görəsən? Ar olsun! Ümid edirəm, nəinki ümid, hətta tələb edirəm fevralın 1-dən (ta yanvar keçdi, eybi yox, birtəhər dözərik) hər bir azərbaycanlının əleyhqaz alıb evdə saxlaması məcburi olsun. Bunun nüvə savaşı ehtimalı da var. İran, Rusiya nüvə problemləri olan ölkələrdir. Hələ ermənilərin Metsamorunu demirsən, yaxşı yadıma düşdü!
Özü də bu əleyhqaz işinə dırnaqarası yanaşmaq olmaz. Sən yalandan al qoy evə - bu keçməyəcək. Hər bir ərazi üzrə icra hakimi, JEK müdiri, uçaskovı, məktəbin direktoru, məhəllə ağsaqqallar şurasının sədri, YAP nümayəndəsi evləri gəzib əhalinin əleyhqazları saz vəziyyətdə saxlamasına nəzarət etməyə borcludur. Kömürü təzədirmi, başın ölçüsü uyğundurmu (bəzi müxalifətçi vətəndaşlar dövlətçiliyimizə zərər vurmaq üçün ucuz qiymətə uşaq başına uyğun balaca əleyhqazlar ala bilərlər), gözlük hissəsində şüşədə çat varmı-yoxmu – bunlar hamısı vaxtında təftiş edilməlidir, qanunu pozanlar cərimələnməlidir. (Açığı, son dövrlər bu “cərimələmək” sözünün “mələmək” kökündən və “cəri” şəkilçisindən əmələ gəldiyini düşünürəm).
Araq satışı da eyni qayda ilə tənzimlənir. Lisenziya ləğv edildi, hər kəsə bank kartıyla araq satılması, vergilərin bu yolla artırılması qərara alındı. Nəticədə dükanlardan araq yoxa çıxdı. Məncə ət-yağ, çay-çörək də kartla satılsa yaxşı olar. Beləcə bunlar da yoxa çıxar, millətimiz tam xoşbəxtliyə yetər.
04.01.2016, 06:28
278 baxış
Zamin Hacı
İslahatımıza əleyhqaz lazımdır