Medianews.az
Məktəb islahatı
273 baxış

Məktəb islahatı

zamin yeni raz

Aya 400 manatdan məktəbdən azadlığa çıxmaq mümkün olacaq.

Çoxdandır nə gəlinlər qaçır, nə səfirlər. Adamın ürəyi sıxılır. Azərbaycanı maraqlı, koloritli, rəngarəng edən cəhətlərin azalmasına dözə bilmərik.
Bu yaxında mətbuat baş nazirin soyadının necə yazılmasını müzakirə elədi. Ciddi müzakirə idi. Ortada bir neçə variant vardı: Rasizadə, Rəsizadə, Rəsi Zadə, Rəsi-zadə, sadəcə, Zadə, Bombarbiya Kerqudu və sairə.
Şəxsən mən 25 ildir qəzetçiliklə məşğulam, dünyaya gələndən bəri Artur müəllimin Nazirlər Kabinetində dinozavrlara arpa verməyini görmüşəm, ancaq onun gerçək soyadını bilmirdim. Rəsi-zadə imiş! Təsəvvür edirsinizmi? İllərdir mən bu soyadı yanlış yazmışam, oxucuları aldatmışam. Buna görə üzr istəyirəm. İmkan varsa, məni bağışlayın. Bir informasiya da verim, bəlkə ona görə günahımdan keçəsiniz: mədəniyyət və turnik naziri Əbülfəz Qarayevin adı pasportda və rəsmi sənədlərdə əslində Əbülfəs şəklində gedir. Niyə belədir, heç mən də bilmirəm. Bunun sirrini mənə də açmadılar. Əbülfəz adını Əbülfəs yazanda Vaqif Bəhmənlinin şeir, qafiyə qurmağı asanlaşırmı? Kim bilir... Biz belə sirlərə vaqif deyilik.
Bizim Artur müəllimin soyadını yanlış bilməyimiz sayəsində iqtisadiyyatımız yaxşı inkişaf etməmişdir. Əgər Rəsizadə yox, Rəsi-zadə yazsaydıq, indi bəlkə də peyki kosmosa Kürdəmir Kosmodromundan buraxırdıq, hansısa Fransa Qvineyasına getməyimizə ehtiyac yox idi. Yeri gələndə öz vətənimiz ekvatora daha yaxındır.
Rəsulzadə irsindən uzaq düşməyimizin də belənçik milli məsələlərə böyük təsiri yaranır. Nəticədə hansısa naqis yapist ortaya çıxır, böyük öndərimiz Məhəmməd Əmin Rəsulzadəyə böhtan atır. Həmin naqis, burnufırtıqlı şəxsin çərənləməsi cəmiyyətə necə mənfi təsir edibsə, srağagün ağsaqqal jurnalist Firuz Haşımov mənə zəng vurub dedi: “Mən iqtidarı dəstəkləyən yazar olmuşam, amma hətta mən də bu deputatın .... (burada Firuz müəllim yazılması mümkün olmayan xeyli gözəl ifadələr işlətdi - Z.H.) danışığına görə, beləsini öz sıralarından tapıb parlamentə qoyan hakimiyyəti qınayıram, çox əsəbləşmişəm”.
Yeri gəlmişkən, azərbaycanlıların Rəsulzadəyə səmimi, əvəzsiz sevgisini yoxlamaq üçün bu son hadisə bir növ lakmus kağızı oldu. Göründü ki, millət öz böyük oğlunu unutmur, hakimiyyətdə heç bir qohum-əqrəbası olmasa da Rəsulzadəyə təmənnasız məhəbbət bəsləyir. Maraqlı hadisədir.
Dünən vətəndaşlıqdan çıxarılacaq azərbaycanlıların Qrenlandiya buzlaqlarında, ya da Sakit okeanda kimsəsiz mərcan rifində azdırılması projesini uğurlamışdım, sən demə, hakimiyyət həmin dəqiqələrdə daha bir antiböhran tədbiri hazırlayırmış. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik eləmək istəyirlər: üzrsüz səbəbə 1 ayda 7 gün məktəbə getməyən şagirdlərin valideynləri 100 manat cərimə olunacaqdır.
Əhsən! Yoxsa hər ay Neft Fonduna və başqa offşor hesablara yığdığın milyardlardan neçə kisə bazara at ki, manat çezməsin... Heç belə də iş olar? Üstəlik, sonra qədirbilməz azərbaycanlılar qara bayraq qaldırıb üstünə gəlsinlər, işıq pulu verməsinlər. Ən yaxşı yol odur məktəbliləri cərimə eləyəsən. Onsuz bu dəqiqə heç kim məktəbə uşaq göndərmir, müəllimlər evdə repetitorluq edirlər. Bir sinifdə minimum 20 uşaqdan hər ay adambaşına 100 manat cərimə toplasan, bunu respublika məktəblilərinin sayına vursan, hətta tank alıb Qarabağı azad etmək mümkündür! Urrra! Qoy millətdə ruh yaşasın! Təzə təhsil naziri Mikayıl müəllimə də bu yeniliyə görə bütün valideynlər adından minnətdarıq! Kabinetiniz pulla dolsun!
Ancaq hesab edirəm, bu tədbir dövlət büdcəsinin kəsiri üçün azlıq edəcəkdir. Yaxşı olar şagirdlərin dərsdən icazə alıb tualetə getməsi pullu olsun. Hər uşağın ayda 7 dəfə məktəb tualetinə çiş eləməsi 50 manatdan sayılsın. Bununla dövlətimiz daha qüdrətli olar, uşaqlar da dərsdən yayınıb tualetə getməz. Pis oxuyan uşaqlar şalvarını doldura bilər, təbii. Demokratik ölkəmizdə seçim imkanları vardır.

Bizə qoşulun