“Kralın oğlu diqqət edib gördü ki, qız hər dəfə danışanda onun dodaqlarından çiçək, inci, ya da almaz tökülür. O heyrətə gəldi, bu möcüzənin səbəbini soruşdu”.
(Şarl Perro, “Pərinin hədiyyələri”)
****
Prezident müşavirədə aviabiletlərin bahalığından şikayətlənəndən sonra uca millətimiz sosial şəbəkələrdə sürətlə şaiyə yaymağa başladı. Biri yazırdı Türkiyəyə uçmaq 5 manata düşüb, o biri yazırdı indi Almaniyaya su qiymətinə gedəcəyik. Prinsipcə, xüsusən yay aylarında suyu quruyan Bakıda nəyinsə “su qiymətinə” olmasını demək elə pis zarafat kimi idi. Çünki sonradan bu ucuzlaşmanın hökumət səviyyəsində zarafat olması aşkara çıxdı. AZAL açıqlama yaydı ki, biletlər ucuzlaşmayıb. Sitat: “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlayıb. Təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılması və optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcəkdir”.
Vəziyyət nə təhər kritik hala gəlmişdisə hətta “AZAL” şefi Canik Askerov da zurnalistlərə, üzr istəyirəm, jurnalistlərə məlumat verməli olmuşdu: “Mövcud hava xətlərində müəyyən sayda yerlərin aşağı tariflərlə satışa çıxarılması üzərində iş gedir”. Canik müəllimin açıqlamasında bu hissə ümumiyyətlə super idi: “Azərbaycana xarici turist axını cəlb edilməsi üçün AZAL tərəfindən turizm marşrutlarına aşağı tarifli özəl uçuşlar təşkil ediləcək”. Yəni, gedin dombalaq aşın, ucuzlaşma olsa da sizin üçün olmayacaq, turistləri öz obyektlərimizə gətirmək üçün çarter reyslərini ucuz edə bilərik.
“Müəyyən sayda yerlər” söhbəti isə bir Nehrəm lətifəsini yadımıza salmışdır. Bir gün Naxçıvan hava limanında uçağa minik başlanır, bir sərnişin bileti adi yerə (ekonom) olsa da gedib bahalı yerdə (biznes-klass) oturur, yerin həqiqi yiyəsi gəlsə də durmur. Nə qədər çalışırlar, adam tərpənmir, uçuş ləngiyir, bu vaxt bir başqa adam gəlib onun qulağına nəsə deyir, tərs sərnişin tez durub arxa salona, öz yerinə keçir. Camaat çox təəccüblənir, soruşurlar sən ona nə dedin. Deyir: “O bizim kəndçidir, tanıyıram. Ondan soruşdum sən hara gedirsən, dedi Bakıya. Mən dedim uçağın qabağı Gəncəyə uçur”.
İndi AZAL şefi də uçağın yarısını İstanbula, yarısını Qəbələyə uçurmaq fikrindədir. Əks halda eyni salonda müəyyən sayda yerlər necə ucuz ola bilər? Bu ucuz yerlər kimlərə satılacaq: yaltaq jurnalistlərə, yoxsa “Girməli” təşkilatının gənclərinə? Bəlkə kasıb icra hakimi və prokurorlara? Yaxud, nazirlərin səkkizinci məşuqələrinə? (Yeddisinə özləri bilet ala bilir).
İki qotur uçağın biletini ucuz eləmək üçün xüsusi iclaslar, təhlillər, optimallaşdırma, dövlət qurumlarının araşdırması-zad lazım gəlməsi də lətifənin davamıdır. O ölkələrdə ki, bunu adi menecer edir, bizdə az qala Milli Elmlər Akademiyasının mütəxəssisləri cəlb olunmalıymış. Doğrudan da, bəlkə akademiyada elmi işlər yazılsın, bu mövzuda akademiklərə biletemik adı verilsin? Mələyin uçma sürətini araşdıran alimlər üçün Bakıdan Ankaraya uçan maşında bilet yerlərini neçə qəpik azaltmağı öyrənmək çətin olmasın gərək.
AZAL biletlərini ucuzlaşdırmaq üçün xüsusi idarə yaratmaq lazımdır. ASAN xidmət tipində bir şey. Adını da UÇAN-xidmət qoyarıq. Yenə başqa bir uçaq lətifəsində deyilən kimi, sanarsan uca millətimizdən Madaqaskarın paytaxtını soruşurlar. Ta ondansa denən paraşüt vermək istəmirik. Heç bilet bahalaşdıranda optimallaşdırma, təhlil-məhlil lazım olmur.
Amma insafən biletləri ucuzlaşdırmaq doğrudan çətindir. Çünki sənin biletə verdiyin hər qəpiyin xüsusi dövlət təyinatı vardır. Misal üçün, uçaq bileti 50 qəpik ucuzlaşsa gərək AZAL şefinin külfəti mədəni istirahət üçün “Nord Ost”a yox, Sumqayıtda yerləşən İrəvan Dram Teatrının Basarkeçər filialına getsin. Yaxud, başqa bir məmur oğluna “Bentli” yox, “Porşe” alsın. Açığı, həyat tərzlərimiz o qədər yerlə göy arasındadır ki, örnəklər tapmağa da çətinlik çəkirəm. O üzdən təxminən yazdım. Gərək biz də bu mövzuda analizlər aparaq, optimal köşələr yazaq.
