“Bağban, mənə bar gətir,
Əsirgəmə, var gətir.
Əkilməmiş ağacdan,
Dərilməmiş nar gətir".
(Bayatı)
***
Srağagün prezidentin rəhbərliyi ilə Nazirlər Kabinetində keçirilən iclasdan bir çox nəticələr çıxarmaq mümkündür. Məsələn, aydın oldu ki, Avropa Şurasına 14 illik üzvlüyümüzün Azərbaycana heç bir xeyri olmayıbdır, indi istəsək oranı tərk edib başqa bir təşkilata girə bilərik. Örnək üçün, Şanxay Əməkdaşlıq Təşkilatına.
Axı əziz dostumuz Putin Ermənistanla bizi eyni vaxtda bu quruma daxil olmağa çağırmışdır! Ermənilərlə və ruslarla daha bir platformada əməkdaşlığın dadını çıxararıq. Rusların sayəsində bizim Ermənistanla qardaşlıq əlaqələrimiz daimidir, dönməzdir. Arada gedən torpaq boş şeydir. Bu bizə böyük görünür, Rusiyanın bir əyalətindən baxanda Dağlıq Qarabağ və ətraf rayonlar çox kiçik ərazidir. “Daşlıq, qumluq yer”... Sitat yadınıza gəlirmi? Gəlmirsə, mən niyə yazıram kimə məxsusluğunu? Zəhmət çəkin tarixinizi yadda saxlayın.
Bizə ayrı nə lazımdır? Əlinin altında polis-AzTV-neft ehtiyatı olan sistem üçün istənilən təşkilata girmək, çıxmaq, girib-çıxmaq və çıxıb-girmək çətin deyil. Ara yerdə 14 il Avropa Şurasına axıdılan qara kürülər, Strasburqda partladılan şampanlar, diz üstdə oynanılan rəqslər, alınan və verilən medallar heyf oldu. İndi xalq dünənki 14 iyulda puça çıxdığı məlum olan həmin 14 ilin hesabını kimdən soruşsun? Uzaqgörən xarici siyasət bu idisə, niyə bu günü görməyiblər?
İkinci önəmli mesaj AZAL-ın uçaq biletlərini baha satması ilə bağlı idi. Prezident AZAL-ın işindən razılığını bildirsə də, qiymətlərin bahalığını söylədi. Dedi ki, AZAL-a hava limanı tikməkdən, uçaq və yanacaq almağa qədər hər şeyi dövlət verir, bəs bunun yol bileti niyə bahadır? Doğrudan da, məntiqlə belə çıxır ki, azərbaycanlılar öz büdcələri hesabına uçaq alıb sonra bu uçağın biletini özlərinə baha satırlar.
Kimə desən gülər. Ancaq biz gülmürük. Biz ölkədəki dövlətçiliyin verdiyi nəşədən, sevincdən havalanıb uçaqsız da uçuruq. Daima xəyallarımız göydədir. Orda gah Angela Merkelin saçını yolub AzTV-də alim-şair Əziz Musaya söydürürük, gah Londonu söküb Vestminster sarayını alkoponla üzləyirik.
Amma əsas sual yenə də qaranlıq qaldı: əgər Azərbaycan daxilə qapanıb özü-özünü tərifləyib həzz alacaqsa, Avropa, iclasda deyilən kimi, “dünəndən bizə lazım deyilsə” AZAL-ın biletlərini ucuzlaşdırmağın anlamı nədir? Onsuz da bir azdan uçmağa heç bir yer qalmayacaqdır. Uzağı Qəbələyə, Gəncəyə uçarıq.
Deyəsən, hiyləgər amerikalılar bizim yeni dövlətçilik kursumuzdan hamıdan qabaq duyuq düşmüşdülər. Nazirlər Kabinetindəki tarixi-proqram iclasından cəmi 4 gün qabaq ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Hüseynqulu müəllimlə görüşmüşdü. Görüş zamanı səfir Quba dağlarında keçi ovlamaq arzusunu nazirin diqqətinə çatdırmış, bir neçə qohumuna da ovçuluq lisenziyası almağa cəhd göstərərkən tərəfimizdən aşkar edilib götürülmüşdür... Zarafat edirəm, qorxmayın. Amerika səfiri elə şey eləməz. Ümumiyyətlə, Amerika həmişə qanunlara, beynəlxalq konvensiyalara diqqətlə yanaşır. Səfir görüşdə ABŞ-Azərbaycan ekoloji əlaqələrinin güclənməsinin vacibliyindən danışmışdır. Gəncədə qarğaların, Hacıqabulda kərtənkələnin, Füzulidə tısbağanın nəslinin qorunmasını önə çəkmişdir.
Yəni bunlar artıq gördülər Azərbaycanla “diktə dili ilə danışmaq” mümkün deyildir, keçiblər hava, iqlim yolu ilə rabitə qurmaq cəhdlərinə. Anladılar ki, ilk növbədə hava yaxşı olmalıdır. İçməyə su olmalıdır. Meşədə ağac bitməlidir. Dənizdə mazut və kanalizasiya tullantıları yox, balıqlar, yosunlar üzməlidir.
Ümid edirik Konqresin puluyla danışan AzadlıqRadiosunun efirində də indən belə hava haqda məlumatlar olar. Yoxsa indiki sayta baxırsan, elə bil bunu alman faşistləri hazırlayıbdır.
15.07.2015, 09:20
222 baxış
Zamin Hacı
Qarğa yuvası üzərindən uçarkən