Medianews.az
Ülvi arzular
449 baxış

Ülvi arzular

zamin yeni raz
“Amma bir vaxtlar hər şey başqa cür olmuşdur. İndi bunu heç təsəvvürə gətirmək də mümkün deyil, indi bu, heç kəsin ağlına da gəlmir, heç kəs başa düşmür ki, o qədim zamanlarda Luvr ördəyi olmasaydı, dünya tamam başqa cür qurula bilərdi - quru suya qarşı, su da quruya qarşı durmazdı” 
 
(Çingiz Aytmatov, “Dəniz kənarıyla qaçan alabaş”)
****
Şəhərdə gəzərkən divarda böyük bir elan plakatı gördüm:“Banner və vinil çapı. Məndən ucuz edən olsa əlimi kəsərəm!”. Sonra da qırmızı qan içində kəsilmiş bir əl şəkli vardı, aşağısında isə “şirkətin” telefon nömrələri yazılmışdı.
Görün yapistlərin yarıtmaz iqtisadi siyasəti insanları hansı yola əl atmağa, daha doğrusu, əl itirməyə vadar edir. Adamlar beş-on qəpiklik rəqabət üçün əllərini kəsməyə razıdırlar. Heç AXC-Müsavat cütlüyünün hakimiyyət erasında bu kimi hallar mümkün idimi? Qətiyyən. İnsanların iki əli də salamat qalırdı. İndi isə banner və vinil çap edənlər bir-birini doğrayırlar.
Ancaq insafən o vaxtlar banner çapı da yox idi. Gərək bunu da yazaq. Həyat ağ və qara rənglərdə deyil, boz rəng də var. O vaxt banner çapı olsaydı cəbhəçilərlə müsavatçılar bir-birinin nəinki əlini, başını kəsib futbol oynayardılar. Gəlmişdilər, gördük da bə! Yazıq Səyavuş müəllim “Vasmoy”da güləş müəllimi işləyirdi, xalqın balalarının qulağını sındırırdı. Amma sonra ulu rəhbər onu deputat qoydu, bu cür istedad it-bata düşüb məhvə məruz qalmadı.
Burada zəruri filoloji haşiyə çıxmalıyam. Son abzasın axırında “məhvə məruz qalmadı” yerinə “məhv oldu” da yaza bilərdim, ancaq söhbət Səyavuş müəllim kimi böyük tarixi şəxsiyyətlərdən düşəndə hərəkəti bir feillə ifadə eləmək olmur. Gərək miqyas yekə götürülsün. Balaca götürmək olmaz. Düzdür, yekə götürülmə əsasən son illərin məhsuludur, ancaq vaxt önəmli deyil. Əsas mahiyyətdir, yekə götürülmədir. Məsələn, heç vaxt “Səyavuş müəllim danışdı” yazmaq olmaz. Bu, heç nə ifadə eləmir. Gərək “Səyavuş müəllim açıqlama verdi” yazasan. Danışan Zahid Orucdur. Nə isə mövzudan uzaqlaşmayaq.
3-4 gün qabaq Bakı Şəhər İcra Hakimiyyətindən oğurluq edilməsi haqda xəbər yayıldı. Oğurluq edən Ağcabədi sakini idi. O, Hacıbala müəllimin seyfindən çirkin rüşvətxorluq yolu ilə toplanan 100 milyon dollar vəsaiti əkişdirmişdi. Zarafat edirəm, özünüz bilirsiniz Hacıbala müəllim kasıb adamdır, bircə ekskavatoru var, yatmağa evi də yoxdur, çaşıb bir dəfə öz evini də uçurub, indi Fəxri Xiyabanda ulu rəhbərin məzarının ayaq tərəfində büzüşüb yatır. Ağcabədili gənc BŞİH-in “Abadlıq” xidmətinin anbarını xaraba qoyaraq ordan 160 metr elektrik naqili, 2 çəkic, bir-iki dənə də laqunda oğurlamışdır. Sonra isə bunları daşımaq istəyəndə tutulmuşdur.
Bax, görün insan nə cür kasıb yaşayır ki, Ağcabədidən vurub gəlir paytaxta, çəkic oğurlamağa! O boyda yolda bunun oğurlaması üçün başqa bir zad olmayıbdır. Deməli Ağcabədi icra hakimiyyətində heç dişə vurmağa laqunda da yoxdur. (Səhiyyə nazirinin təzə əmri var, dövlət poliklinikalarında əhalinin dişləri laqunda ilə ağardılır). Belə yaşamaq olmaz! Bəsdirin! Nə təhər kəskin tələb qoydumsa özüm də qorxdum.
Sonda fransız xalqını 14 iyul Bastiliyanın alınması günü münasibətiylə qutlayıram, arzu edirəm hərdən Kürdəxanı zindanında saxlanılan siyasi dustaqlarla da maraqlansınlar, orden verdikləri Leyla Yunusun səhhətinə diqqət yetirsinlər. Heydər Əliyev Fondunun pulları ilə Strasburqda kilsəni təmir eləmək, əlbəttə, vacibdir, amma Leyla Yunus girov saxlanılmasa sabah kilsənin remontuna pul qoparmaq çətinləşəcəkdir. Nə də olmasa dünyanın bütün kilsələri halal pullarla tikilmişdir, heç bir kilsə, din tarix boyunca insan qanı axıtmamışdır. Elə mövzu düşmüşkən, azərbaycanlıları da qutlayaq, çünki 14 iyul onların da bayramıdır: 1969-cu il 14 iyulda Heydər Əliyev ilk dəfə respublikada hakimiyyətə gəlmişdir...

Bizə qoşulun