“Şamı söndürüb kresloda yerini rahatlamazdan öncə o külü ovcunda bir yerə topladı, sakit səslə Sözü dedi. Və qızılgül yarandı”
(Xorxe Luis Borxes, “Paraselsin qızılgülü”)
Hakimiyyət telekanalizasiyalarından birinin Mingəçevirdə Cəbrayıl rayonundan məcburi köçkün Seymur Səfərovu İngiltərədən gəlmiş turist adıyla efirdə göstərməsi çox simvolik hadisə idi. Özü də rejimin əsas bayramlarından biri olan “15 iyun Milli Qurtuluş Günü”. Səfərov videoda çox cavan görünür, ola bilsin Cəbrayıl işğal ediləndə onun uzağı 1-2 yaşı varmış. İndi rayonun işğalının üstündən 22 il keçir, lakin yapistlər Cəbrayılın 22 qarış torpağını da geri qaytarmadılar. Əslində o məqsədlə hakimiyyətə gəlməmişdilər, rejim banisinin hələ 1993-cü ilin yayında dediyi məşhur “Mən heç nə vəd etmirəm” sözləri yadımızdan çıxmayıbdır. Amma bizim yaltaq toplum heç nə vəd eləməyən adamın arxasıyca getdi.
Nəticə də budur: öz torpağımızda turist sayılırıq. O da hələ ingilis dilini bilsən. Yalnız ingiliscə bir-iki kəlmə qırıldadıb “Ooo, şəhəriniz çox yaxşıdır, inkişaf edib, mən belə təmiz dənizi dünyada heç yerdə görməmişəm” tipli sərsəmləmə eləsən adama boğazından asmağa palaz boyda vəsiqə, gün papağı, bir-iki brelok-zad, qarına atmağa da ayranlı dönər verirmişlər. Mən bu yaltaq gəncləri həm qınayıram, həm də qınamıram. Onların həyatı o qədər ağır, çətin, üstəlik, perspektivsizdir ki... Hamısı Azərbaycanda doğulduqları üçün valideynlərini söyürlər, həyatları cansıxıcı, əməkləri ucuz, sevgiləri ölümə məhkumdur. Ən yaxşı halda hansısa oliqarx nazirin, deputat qırıntısının dükanında, əyləncə mərkəzində, restoranında ayda 200-250 manata satıcı, xadimə, ofisiant işləməyə məhkumdurlar. Bu gənc qızları və oğlanları səhər saat 8-dən axşam saat 11-ə qədər - sutkada 15 saat, həftənin 6 günü qul kimi işlədirlər, əvəzində qəpik-quruş verirlər. Ölü iqtisadiyyat, neft buruqlarının xarabalığı altında can verən ölkədə bu minlərlə gəncin heç bir başqa alternativi yoxdur. Qul, kölə üçün nə alternativ olacaq ki?
“Lider TV” ekranında özünü “ingilis turist Ceyms Bonar” kimi təqdim edən (ya da buna məcbur edilən - kim bilir) məcburi köçkün Seymur Səfərov bəlkə o anlarda vəcdə gələrək özünü doğrudan ingilis sayırdı. O məşhur rejim filosofunun hər kvartalda bir metr uzunluqda yazdığı cızmaqaralardakı “milli azərbaycançılıq məfkurəsi”, “suveren demokratiya” bəlkə elə bu deməkdir - özünü istənilən dünya xalqının yerində təsəvvür eləyə bilirsən? Avropa Oyunlarının açılışında 2 milyon dollarımızı verib gətirdikləri Ledi Gaganın oxuduğu mahnıda deyilən kimi: “Xəyal et...”. Budur, Seymur bəy də söhbəti tutub və xəyal edib. Taleyin başqa ironiyasına bax ki, məhz həmin gün beynəlxalq jurnalist araşdırma qrupu Londonda hakim ailəyə məxsus çox bahalı villanın görüntülərini yaymışdı. Əgər sənə başçılıq edənlər vaxtaşırı Londonda kef çəkirsə, sən də özünü Mingəçevirdə ingilis turisti sayanda qəbahətdirmi? Bax, and içmişəm, əgər küçədə-bayırda o telekanalizasiyalardan hansısa mənə rast gəlib intervü almaq istəsə özümü dahi ingilis yazıçısı Conatan Svift kimi təqdim edəcəyəm. Bu təhsil sistemi ilə heç çox adam yalanı tutmaz. Siz də, hörmətli oxucular, özünüz üçün müəyyənləşdirin ki, hansı xarabanın turisti olmağa hazırsınız. Yapistlərin səyyar kameraları hər an qarşınıza çıxa bilər. Lap istəsəniz özünüzü şahzadə Çarlz, yaxud, rəhmətlik Diana kimi təqdim edin. Deyin ki, qəzada ölmüşdük, Azərbaycanda Avropa Oyunlarını, analoqu olmayan inkişafı eşidib dirildik. Ölü dirilməyinə inanan cəmiyyətdə çox asan işdir.
Təzəlikcə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin hardasa açıqlaması vardı: “2014-cü ildə Azərbaycana 2 milyon yarım turist gəlmişdir”. Biz bunun gop olduğunu onsuz da bilirik. Aeroportdan statistikanı götürürlər, hər il Rusiyadan ev-eşiyinə, arvad-uşağına baş çəkməyə gələn azərbaycanlıları turist kimi sayırlar, bu yolla belə uydurma rəqəm düzəlir. Amma hərdən görünür “ingilis turist” istehsalı da lazım olurmuş.
Adam təəccüblənir ki, bunlar hər şeyin, hətta turistin də saxtasını qayırdılar, amma nə əcəb indiyəcən saxta bir qələbə qayırmırlar. Örnək üçün, hansısa dağda Şuşanın, Cəbrayılın maketini qoyub videoya çəkmək, “təzə almışıq” deyib forslanmaq çətindirmi? And içərəm ki, camaat buna inanar. Avamlıq o dərəcədədir.
