“Sarısaçlı başını yellədi: - Bu adadır. Hər halda, mənə belə gəlir. Orda isə mərcan qayaları var. Ola bilsin, burada heç böyük yaşlı adamlar yoxdur”
(Uilyam Qoldinq, “Milçəklərin hökmdarı”)
Uca millətimiz çox safdır, uşaq kimi sadəlövhdür. O səbəbdən, 30 ildir hər cür şərə-şürə qulluq edən, hər sifətə düşən bəzi şəxslərin Avropa Parlamentinə “Bizdə siyasi dustaq yoxdur” müraciətini oxuyub şoka düşmüşdülər. Bu, həm də o deməkdir ki, millətimizin içində işıq ölməmişdir, hətta ən axırıncı yaramazların belə haçansa düzələcəyinə, adam olacağına ümid edirlər.
Örnək üçün, yapistlərin əlindən milyardlarla neft pulunun gəlib-getdiyi, dayanmadan “hər kəsi satın ala bilərik, bizim pulumuz çoxdur” ədasıyla dolaşdıqları bir neftokratiya dövründə yaltağa döndərə bilmədikləri yüzlərlə insan oldu. O insanlar zindanlara düşdülər, ailəlikcə min cür əzablar gördülər, öldürülənlər belə oldu, xaricə qaçanlar da var idi - amma sınmadılar. Şərə xidmət etmək istəmədilər. Gözgörəsi həqiqəti tapdalamağa qıymadılar. Əgər neft pulunun zibil kimi çox vaxtında zibilə dönməyən insanlar yüzlərlə idisə, əmin olun ki, pul azaldıqca minlərlə olacaqdır. İndi bizim bir İlqar Məmmədov, bir Rəşad Həsənovumuz, bir Xədicə İsmayılımız varsa, rejim zəiflədikcə belə qorxmaz insanlarımızın sayı artacaqdır. Adi riyazi hesablama belə deyir.
Eyni zamanda baxırsan iqtidar yaltaq tapmaqda da çətinlik çəkmir. Mən pafoslu, yuxarıdan getmək tərəfdarı deyiləm və pis proqnozumu da yazmaq istərdim. Ola bilər ki, rejim bizim hamımızı “1984" romanının qəhrəmanı Uinston Smitin gününə salsın. Bunun əlamətləri var. Örnək üçün, dünən Bakıda bəzi yerlərdə hakimiyyət Avropa əleyhinə piketlər düzəltmişdi. Belə piket və aksiyaları davamlı etmək, ATƏT-in ardıyca ABŞ səfirliyini də qovub Şimal kommunist günəşi Rusiyanın bayrağı altında anti-Qərb isteriyalarını sürətləndirmək, hətta yaxın gələcəkdə balaca, mini-Şimali Koreya qurmaq olmazmı? Tamamilə mümkündür. Yaltaq ağsaqqallar, debil gənclər, repressiv polis aparatı və hırreypatriotik-hərbi kompleks - hər şey var, yağlanıb-piylənib hazır vəziyyətdə durur. Azərbaycanda elə bir ”çuçxe" rejimi qurmaq olar ki, Kim Çen İn həsəddən inildəyər. Niyə də olmasın? Niyə səmimi şəkildə öz müstəqil və suveren inkişaf yolumuzu tapmayaq? Kim bizə mane olur? Bəlkə ayda bir dəfə “Məhsul” stadionuna yığışan bir qrup gülməli adamlar? Lətifə danışmayaq. Səmimiyyətimizə mane olacaq heç nə yoxdur. Məncə bu oyunları yola verəndən sonra cənab prezident yeni kursu tam elan etməlidir. Avropa bizi bəyənmirsə, biz onu dünəndən bəyənmirik.
Kimsə iddia edə bilər ki, axı Azərbaycanın iqtisadi imkanları “dəmir pərdə” çəkməyə, öz qınına girməyə çatmaz. Boş şeydir. Elə həmin Şimali Koreyada aclıqdan nə qədər adam ölürdü, BMT yardım edirdi, bəyəm xalqın ümummilli lider Kim Çen İr-ə məhəbbəti azalırdı? Uzağa getməyək, guya bizim özümüzdə 1993-2003 arası çox pul var idi? Şou ilə, qara halqaya salmaqla, zəhmətkeş məktubları ilə, AzTV ilə hamını fırladırdılar. İndi də o potensial yerində durur, heç yerə getməyib. Anara barmaq göstər, səhərisi əli aftafalı-qılınclı 1500 yazıçı ilə tində hazır olsun. Müəllimlər, həkimlər, JEK işçiləri, it boğuşduranlar, xoruz dalı yağlayanlar, jurnalist qırıqları və sairə qoşun-moşun hissələri də öz yerində.
2-ci Avropa Oyunlarını zor-xoş Hollandiyanın boynuna qoymuşdular, amma onlar bundan imtina elədi. Deyiblər 57 milyon dollar xərc çəkməyə, hansısa idmançılara pul verməyə həvəsimiz yoxdur. Bunu deyən Hollandiya təkcə gül ixracından ildə 10 milyard avro qazanır. Amma demokratik dövlətdir, hər qəpiyinin qədrini bilən, kişi kimi yaşayan milləti var. Hərçənd, bizdə Hollandiya deyəndə camaat ağzını büzür, deyirlər orda kişi yoxdur, hamısı “mavidir”.
İndi bəlkə bu “filin dişisi də gəlsin” - ikincini də biz qayıraq? Ümumiyyətlə, ölkəni stadion elan edək, biz ancaq bunu bacarırıq. Şərqin bazarı var - Dubay. Bizimki də idman meydançası olsun.
O uşaqlara verilən vəsiqələri yığmaq lazım deyil.
