Medianews.az
Oyunçusuz oyunlar
190 baxış

Oyunçusuz oyunlar

zamin yeni raz
“Sənə yaxınlaşırıq, İlahi”
(“Titanik” batanda çalınan mahnının adı)
Yapistlərin Şıx çimərliyi tərəfdə, SSRİ-dən qalma “Dostluq” adı daşıyan küknarlıqlarda qəfildən aşkara çıxardıqları 44-dən çox villanı darmadağın eləmələri Azərbaycan xalqına münasibətlərinin simvolu ola bilər. Bəyəm o villalardan hansısa xeyirxah məqsədlə yararlanmaq olmazdı? Örnək üçün, minlərlə məktəbli uşağın yay tətilini keçirəcəyi, məşhur “Artek” tipində istirahət düşərgəsinə çevirmək mümkün idi. Prinsipcə, sistem tam hazır idi. Qalırdı villaları bir-birinə birləşdirən infrastruktur qurmaq, bu da böyük xərc tələb eləmirdi. Amma onlar “dəlinin əlinə bel verib”, məşhur zırrama icra nümayəndəsini ekskavatorla, zurna-balabanla silahlandırıb villaları yerlə-yeksan etdilər.
Əlbəttə, mən bayaq “qəfildən aşkar edilən” sözlərini ironiya üçün yazdım, 44 villa göbələk deyildi ki, yağışdan sonra dağın döşündə peyda olsun? Onlar hansısa oliqarx-məmura məxsus idi, sadəcə, görünür, manatın devalvasiyası dövründə adam qəzəbə düçar olmuşdu. Hətta mən fikirləşirəm ola bilsin həmin villa düşərgəsi vaxtilə ailə daxili pay bölgüsündə Ağalarovlara verilibmiş. İndi də məlum səbəbdən sökülür. Bu ehtimalımı sanki qəsdən, kiməsə acıq verirmiş kimi orda çaldırdıqları muğam üçlüyü gücləndirir.
Yeri gəlmişkən, yəqin dünya tarixində ilk dəfə haranısa söküb dağıtmaq musiqili həyata keçirilirdi. Mən bu sürrealist kadrlara internetdə baxanda ağlıma gəldi ki, bunun bənzəri “Yeddi oğul istərəm” filmində var. Yadınıza düşürsə, orda Gəray bəy Cəlalı dağlarda öldürərkən aşıq da gətizdirir və Kələntər Cəlala zülm eləmək üçün onun ayaqlarından güllə ilə vuranda Gəray bəy deyir: “Çal, aşıq, çal, komsomolun canı it canıdır!” Aşıq da (yanılmıramsa aşığın rolunu filmdə Aşıq Ədalət oynayırdı) böyük həvəslə “Yanıq Kərəmi” çalırdı. Ancaq mən bunu düşündüyüm anlarda sadiq oxucularımızdan Təranə xanım zəng vurdu (necə deyərlər, ürəkdən ürəyə yollar var imiş), həmin musiqili söküntünün... “Titanik” filmindəki məşhur səhnəni yada saldığını dedi. Məncə, onun bənzətməsi daha uğurlu idi. Doğrudan da neft tankeri ucuzlaşma aysberqinə dəyib batmaqda olan yapistlər üçün indi belə dəlisov musiqili aksiyalar zamanıdır. Kim-kimi ayaqlayıb xilasedici qayığa dürtülsə canını qurtaracaq. Misal üçün, səfir Arif Məmmədov “Titanik” batanda qadınları itələyib özünü qayığa atan mənfi qəhrəmana bənzəyir.
Villaların sökülməsi başqa bir şeyə də bənzəyir. Bayaq yazdığım kimi, bunların yiyəsinin olmadığını zənn eləsək elə bil göydən düşüblər. Eynilə yaradılmasında heç bir zəhmətimiz olmayan neft-qaz yataqları kimi. Bax, yapistlər neft-qaz yataqlarını necə musiqili talan edib, dağıdırdılarsa villaları da elə dağıtdılar. Təki xalqa bir şey qalmasın. Təki azərbaycanlılar yeməsin. Hər cür it-qurd yeyə bilər, bircə azərbaycanlılara haramdır.
Avropa Oyunlarına apardıqları Azərbaycan “milli” komandası bu düşmən münasibətin növbəti sübutudur. Hər xalq idman qurğuları quranda, dövlət büdcəsindən idmana milyardlar ayıranda təbii ki, ilk növbədə öz övladlarının, öz uşaqlarının sağlam böyüməsini, idman eləməsini arzulayar. Sonra vaxt və yer qalarsa qoy başqa xalqlar da bizim idman vəsaitindən yararlansın, buna sözümüz yoxdur. Amma vəziyyət necədir? Biabırçılıqdır. 290 nəfərə yaxın idmançı ilə oyunlara gedirlər, onların təxminən 130 nəfəri legionerdir!
Az qala yarısı! Ordan-burdan pulla, şirnikləndirmə ilə cəlb edilən insanlardır. Bontu Megersa, yaxud, Koloiazo Sotomayor lap çempion olsa belə bundan bizə nə? Doğrudanmı biz dövlət büdcəsindən milyonları Santos Merses üçün ayırırıq? Bəs hər kol dibində qayırılan olimpiya komplekslərinin nəticəsi hanı? Çünki o bəzəkli binalar “fıs” çıxıblar, kasıb millətin uşaqlarının idmanı üçün yox, yerli məmurların əyləncəsi üçün nəzərdə tutulublar. Əgər idman siyasəti uğurlu olsaydı yapistlərin hakimiyyətdə olduğu 22 il ərzində hər idman növü üzrə azı iki milli komandamız olmalı idi, hələ xaricə idmançı ixrac etməliydik. Amma iqtidarın əsas reklam elədiyi idman sahəsi bu kökdədir. Görün qalan sahələr nə gündədir.

Bizə qoşulun