Medianews.az
General olmaq istəyən dükançı
269 baxış

General olmaq istəyən dükançı

zamin yeni raz
“- Sizcə, bu dünya nə üçün yaradılıb axı?
 
- Mənə elə gəlir bu dünya ara vermədən bizi cinləndirmək üçün yaradılıb" 
(Volter, “Kandid, yaxud optimizm”)
Bir ara jurnalistlər baş nazirin müavini Abid müəllimdən Penoplast prospektində yanan binanın təmirini kimə tapşıracaqlarını soruşub “Alabala” cavabını aldılar. Sonradan isə təmirin deputat Ağalar Vəliyevin şirkətinə verildiyi ortaya çıxdı. Mən dərhal anladım ki, burada əslində yanlış səslənmə olmuşdur, Abid əkə “Ağalar” sözünü çaşıb “Alabala” kimi deyibdir. Olan şeydir. Müstəqilliyi təzə quran dövlətik. Bəzi problemlər həmişə olur. Hətta görürsən teleaparıcılar canlı efirdə məmələrini açırlar.
Canlı efir demişkən, bir telekanalizasiya aparıcısının necə həyasız və vicdansız olduğunu görmüşəm, istəyirəm fikrimi sizə çatdırım. Mən əslində televizora baxan deyiləm, sadəcə, keçən həftə elə oldu ki, bir idarədə qəbula gedirdim, səhər saat 11-12 arası beş-on dəqiqə otaqda gözlədiyim müddətdə bu axmaq verilişə baxmalı olurdum. Uzun sözün qısası, baxdığım birinci gün bu aparıcı dedi ki, Şəkidə bir kənd var, kəndin hamısı xəstədir. Guya 35 yaşa çatandan sonra bütün kənd şikəst olurmuş. (Kəndin adını da çəkmişdi, amma mən bu böhtanı təzədən tirajlamaq istəmirəm). Bu həyasız yalana, ucuz sensasiya cəhdinə heyrətləndim, amma telekanalizasiyalarımızın it günündə olduğunu bildiyimdən heç fikir vermədim. O birisi gün eyni vaxtda isə gördüm bu əxlaqsız adam (yalançılıq ən böyük əxlaqsızlıqdır, xüsusən bunu maddi maraq xətrinə edirsənsə) Şəkidən etirazlar aldıqlarını deyir, guya düzəliş edir. Söylədi ki, əslində o kənddə cəmi bir nəsildə irsi xəstəlik varmış, amma niyə keçən dəfə bütün kəndi xəstə elan edib, heç özü də bilmir. Əlbəttə, buna da dözmək mümkün idi, əgər bu əxlaqsız tip yalanına görə üzr istəsəydi. Amma təsəvvür edin, üzr istəmədi! Hələ sırtıq-sırtıq irişdi də, guya hər şey elə bu cür olmalı imiş.
Sözümün canı odur ki, Azərbaycanda istənilən qanunu pozub özünü “elə bu cür olmalıdır” ədası ilə apara bilərsən. Məsələn, binaların penoplastını söküb indi betopan vururlar. Kim qarantiya verir ki, bu betopanın tərkibində ağac yonqarı əvəzinə asbest - xərçəng yaratdığı üçün sivil dünyada qadağan edilən maddə istifadə edilməyib? Bunun uyğunluq sertifikatı hardan alınıb? Bəlkə bunları da “müqaviləsiz” vururlar? Heç kim bilmir. Yiyəsizlikdir. Necə ki, deputatdan biznes fəaliyyətinin səbəbini soruşan olmadı.
Yaxud bir ordenli idmançı var - Elnur Məmmədli. Yanılmıramsa, haçansa olimpiadada qızıl alıb. Sonra hökumət bunu yol polisi qoydu. Dünən isə internetdə şəkilli-məkilli xəbər var idi: Elnur Məmmədli Bakıda supermarketlər şəbəkəsi açıbmış. Özü intervü verib, deyir 6 dükanım var, hələ yenə açacağam. Arzusu isə general olmaq imiş. İndi dövlət görün nə gündədir: polis işçisi polis haqda qanundan xəbərsizdir! Xəbəri olsa həmin qanunun 32-ci maddəsini açıb görərdi yazılıb: “Polis əməkdaşı elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz”. Bəlkə Elnur müəllimin dükan açması pedaqoji fəaliyyət sayılır? Bəlkə yaradıcılığın bir növüdür? Nə biləsən. Adam nəinki gizlədir, hətta intervü verir. Bu qədər arxayınçılıqdır. Əlbəttə, düz eləyir, kimdən əskikdir? Hansı generalın dükanı yoxdur ki?
Bizdə elə vəziyyət yaradılıb ki, yalan ayaq tutub yerimir, yalan qaça-qaça məşəl daşıyır. Bunun tipik bir örnəyi prezidentin köməkçisinin redaktorlarla görüşündə yaşanmışdı. Orda köməkçi ərz elədi ki, guya Britaniyada “Qardian” qəzetinə kral ailəsi haqda yazmaq qadağan edilib. Aydın məsələdir, kralı hələ 800 il əvvəl mələdib “Maqna Karta” imzalatdıran xalqın qəzetinə belə qadağa mümkün deyil. Amma gülməlisi odur ki, Əli müəllimin bunu basıb-bağladığı günlərdə Britaniya məhkəməsi tam tərsinə bir qərar vermişdi və şahzadə Çarlz “Qardian” qəzetinə uduzmuşdu...

Bizə qoşulun