Medianews.az
Əhalinin gəlirləri
246 baxış

Əhalinin gəlirləri

zamin yeni raz “Nə qədər olsa da qəm, qüssə, kədər, Dünyada dərd varmı yoxsulluq qədər? Yazıq insanları bu dərdli tilsim Qoymur nə yaşasın, nə də ki, ölsün" (Mirzə Şəfi Vazeh, “Nəğmələr” kitabından) Azərbaycanın necə idarə edildiyini, dövlətçilik prinsiplərinin hansı ölçülərlə qoyulduğunu öyrənmək üçün Dövlət Gömrük Komitəsinin saytına baxmaq yetərlidir. Orda komitə rəhbərliyi haqda şəkilli-məkilli məlumatlar qoyulmuşdur və baxdıqca, oxuduqca zövq alırsan. Çünki məlum olur komitə sədrinin 5 müavini vardır, bunların 4-ü naxçıvanlıdır, hətta ikisi eyni kənddə doğulmuşdur. Qalan 1 nəfərin isə harda doğulduğunu yazmayıblar, böyük ehtimal o da həmin kəndin - Nehrəmin sakinidir. Bu, bilirsiniz nə deməkdir? Qədim zamanlarda padşahlar haranısa tutanda qoşun şeflərinə, şücaət göstərənlərə, çox vaxt isə bütün orduya alınan şəhəri yağmalamaq üçün icazə verərdilər. Amma o vaxtlar yağmalama müəyyən müddətdə aparılırdı, bizim misalda isə müddətsizdir. Eyni halı Bakı Şəhər Polisinə də aid eləmək olar. Orada rəhbər vəzifələrdə bir nəfər də Bakıda doğulmuş adam yoxdur. Heç olmazsa damazlıq məqsədiylə. “Qorotdel”in rəhbər heyəti 3 naxçıvanlı və 1 ermənistanlıdan ibarətdir. Əlbəttə, Azərbaycanı regionlara bölməyək, hamımız naxçıvanlıyıq. Ola bilər Nehrəm kəndində gömrükçülük ixtisasını xüsusi maraqla öyrənən çoxlu insanlar yaşamaqdadır. Yeri gəlmişkən, gömrükdəki həmin müavinlərdən biri qabaqlar baytar işləmiş, 50 yaşında isə qəfildən elm həvəsi yaranmış və üstəlik Təfəkkür Universitetinin hüquq fakültəsini bitirmişdir. Ümumən, bu Təfəkkür Universitetində insanlara ancaq təfəkkür verilir. Sağ olsunlar. Bu yerdə bəzi sadist-mazoxist ünsür jurnalistlər “əcəb edirlər”, “bizə bu da azdır” kimi sözlər yazırlar. Mənim qətiyyən onların sıralarına qoşulmaq fikrim yoxdur. Mən Avropa Oyunlarına hazırlaşan dövlətçi təfəkkürlü insanlarımızın yanındayam. Doğrudur, “Samsunq” şirkətinə müəyyən qədər kredit borcum vardır, lakin hesab edirəm hörmətli “Bandotdel” buna görə məni küçədən tutub, başıma çuval keçirdib idarəyə aparmaz. Bəyəm mən Rəsulzadənin heykəliyəm ki, başıma çuval keçirsinlər? Biz dövlətçiliyə sadiq adamlarıq. Lazım gəlsə, dövlətçiliyin möhkəmlənməsi naminə kreditləri qabaqcadan ödəməyə də hazırıq. Bu məqsədlə hamama vurduğumuz kafeli söküb satmağa belə hazırıq. Əgər dövlət 500 maşın penoplastı bir gündə sökürsə, biz iki kvadratmetr kafeli söksək nə olacaq? Camaat bulvar düzəldir! Bu mənada deputatxananın ağır yaz sessiyasından sonra tətilə çıxmasını alqışlayırıq. Çox işlədilər yazıqlar. 10 iclasda 350 qanun qayırılmışdır ki, bu da ötən ilin müvafiq dövründə qayırılan qanunlardan 7 faiz çoxdur. Ümumilikdə hər deputat başına 2,5 qanun düşmüşdür. Qüvvədə olan qanunların poliuretan üzlüklərinin sökülməsi işlərində böyük irəliləyiş olmuşdur. Orta məktəb şagirdlərinin məzun olub siniflərin qabağında “Nol altı” təkəri qaldırdıqları həmin əziz dünənki gündə deputatxana daha bir mühüm hadisə törətmişdir: 2014-cü ilin dövlət büdcəsinin icrası haqda qanun səsə qoyulub qəbul edilmişdir. (İstəsələr heç səsə qoymazdılar, amma bizdə demokratiya hər şeydən üstündür). Əhali 2015-ci ilin ötən 5 ayı ərzində çox narahat idi ki, görəsən 2014-cü ilin büdcəsi haçan icra ediləcəkdir, şükür, bu narahatlıq aradan qalxdı. Halbuki, Almaniya bundestaqı hələ 2009-cu ilin büdcəsinin icrasına baxır. Polşa seymi isə 1996-cı ilin ikinci yarısında qalıb. Büdcə haqda danışan maliyyə naziri Samir müəllim demişdir ki, ötən il əhalinin gəlirləri 39 milyarda çatmışdır. Demək manatı ona görə öldürdülər, əhalinin gəlirləri daha çox artmasın deyə. Amma bu, əlbəttə, fərziyyədir. Gələn il bu vaxt əhalinin gəlirləri daha çox artacaqdır. Sadəcə, bu əhalinin harda yaşadığını öyrənmək lazımdır. Ümidvarıq “Bankotdel”də işləyən yoldaşlar bizə və deputatlara yardım əlini uzadacaqdır.

Bizə qoşulun