Medianews.az
Uzaqgörənliyin böhranı
201 baxış

Uzaqgörənliyin böhranı

zamin yeni raz

“Xəstəxana yanırdı, həkimin arvadı korlara dedi ki, siz azadsınız, çıxın, binadan qaçın. Ancaq onlar alovun istisini bir sığınacaq kimi qəbul edib yerlərində donub qalmışdılar, hara gedəcəklərini bilmirdilər”

(Joze Saramaqo, “Korluq” romanı)
Vaxtilə yapistlər hakimiyyətə “uzaqgörənlər” şəklində gəlmişdilər. Sonra bu növü “hasarhörənlər” əvəz elədi. Nəticə də göz qabağındadır - burnunun ucundan uzağı görməyən bir hakimiyyət sistemi ortalıqda kor kimi dolaşmaqdadır. O üzdən hər gün bir biabırçılıq ortaya çıxır. Penoplast, banklardan kreditlərin oğurlanması, yiyəsiz villalar, dərəbəylik...
Deyə bilərsiniz ki, uzaqgörənliyin hasara nə dəxli var. Deyin. Bizdə demokratiyadır. Onsuz da hüququ tapdanan, belində nazir gəzdirən uca millətimiz hər zaman özündən zəiflərə, məsəl üçün, jurnalistlərə çımxırmaq ustasıdır. Ancaq ən azı mənim bu yazıdakı şəklimə baxsanız mənim uzaqgörənlik problemləri haqda danışmaq haqqımın təbiətən olduğunu görərsiniz. Necə deyərlər, başına gələn başmaqçı, gözlük taxan optikaçı olurmuş.
Söhbət ondadır ki, hələ 20 il öncə yapon optika alimləri araşdırma aparıblar (yeri gəlmişkən, bu məsələdə də onların ustalığına şübhəniz olmasın, üstəlik, bir yapon var, hər il bizim qaçqınlara nə qədər gözlük paylayır), məlum olub böyük şəhərlərdə, göydələnlərin çoxluğu şəraitində insanların gözləri zəifləyir, uzağı yaxşı görmürlər. Sən demə, insanın uşaq vaxtından geniş açılan üfüqü, açıq mənzərəni deyil, divarları seyr eləməsi onun gözünü zəiflədirmiş. Bir növ, həmişə yaxına baxan göz, elə yaxıngörməyə də düçar olurmuş.
Beləliklə, Bakını hasarlayıb özünü kor günə qoyan yapist sistem üzləşdiyi problemlər qarşısında da maymaq kimi davranır.
Örnək üçün, hazırda bankirləri, hakimiyyət nümayəndələrini, onların qohumlarını, JEK müdirlərini-zadı tutub zindana salırlar. Halbuki cəmi 5-10 il qabaq bu cür məqsədlər üçün ehtiyatda müxalifət qüvvələri saxlanılırdı. Guya bundan qabaqkı sistem şefi müxalifətin qara gözünə-qaşına aşiq idi? Qətiyyən. Sadəcə, adam qurduğu sistemin vaxtaşırı böhrana girəcəyini, faciə və problemlərlə üzləşəcəyini yaxşı anlayırdı, bu baxımdan müxalifəti müəyyən miqdarda hətta qoruyub saxlayırdı! İndiki başçı isə müxalifəti tam məhv edib, hamını çoxdan zindana doldurub, qaçan qaçıb, qalan susub. Bəs indi bina yanıb 15 nəfər öləndə bunu kimin üstünə yıxsınlar? Müxalifət eləyib deyəcəklər, camaat təəccüblənəcək: “Axı özün deyirdin müxalifəti bir sinif kimi 10 il qabaq məhv etmişəm. Bəs bunlar kimdir? Yoxsa villalar kimi, bunlar da yiyəsiz müxalifətdir?”
Yapistlərin üzləşdiyi böhran isə karikatur böhrandır. Nəticələrinə görə yox, əlbəttə. Nəticələri hamımız üçün faciələr yaradır. Mən sadəcə böhrandakı fiqurların gülünclüyünə işarə edirəm.
Örnək üçün, guya dənizdə adalar şəhəri salmaq istəyən hacının tərcümeyi-halını xatırlayın. Adam guya müsəlman və hacı idi, ancaq konserninə atəşpərəstlərin kitabı “Avesta”nın adını qoymuşdu. 100 milyardlıq proyektdən danışırdı, ancaq indi 300 minlik maşınını satlığa qoyub. Əslində yapizmin bütün mahiyyəti belə goplardan, bütün kadrları belə gopçulardan, “ostap bender”lərdən ibarətdir. Sadəcə, hərəsinin öz ifşa vaxtı var.
Başqa bir karikaturaya diqqət edin: ölkənin ən zırpı bankının adını “kasıb itinə Gümüş adı qoyur” prinsipi ilə “Beynəlxalq Bank” qoymuşdular. Amma indi məlum olur bankın bütün pulları yerli mafiozlarımıza, yerli quldurlarımıza kredit formasında paylanıbmış. Bu da sənə beynəlxalq... Danabaş Kəndinin Bankı adlansaydı vaxtında...
Hələ quldurlar bir yana, sən demə, rejimin təlxəkləri də bankdan külli miqdarda kredit alırmış. Deyirlər o təlxəklərdən birini aeroportda tutublar - xaricə qaçmaq istəyəndə.
Dayanıqlı inkişaf, davamlı sabitlik olmayanda hər şey beləcə penoplast şəklində, bir neçə saniyədə havaya uçub gedir. Yerində də qara hisə bürünmüş xarabalıq qalır.
 

Bizə qoşulun