Medianews.az
Molotov üzlüyü
174 baxış

Molotov üzlüyü

zamin yeni raz

“Əgər yanlış yaşadığınıza görə sizi qınayan insanları öldürməklə onları dayandıra biləcəyinizi düşünürsünüzsə, yanılırsınız”

(Platon, “Sokratın müdafiəsi” əsərindən)
****
Bütün saxtakarlar, timsahlar, yaltaqlar yenidən iş başındadır. Əslində həmişə yerlərində olurlar, sadəcə bəzən faciələrimizin tüstüsü onları gözdən yayındırır. Faciələrimiz bizi də aldadır. Elə bilirik daha həmrəyik, daha dərd bizi birləşdirib, yumruq kimi olacağıq, cinayətkarların ağzının payını verəcəyik. İllüziyadır. İnsanları “Allah bunların cəzasını verəcək” deyə aldatmaq kimi bir şeydir. İnsanları dünyada ədalətin olmasına, haqqın mütləq qalib gələcəyinə inandırmaq kimi mifoloji, əfsanə söhbətdir. Bilməlisiniz ki, yaşadığımız kainatda heç də həmişə həqiqət, doğru qalib gəlmir. Bilməlisiniz ki, bəzən kaftarlar yaşayır, körpə çiçəklər isə həlak olur.
Sual yarana bilər ki, bəs o zaman mübarizənin mənası, anlamı nədir. Xədicə İsmayıl kimi insanlar niyə repressiya aparatı ilə dirəşirlər, sona qədər savaşırlar? Tofiq Yaqublunu niyə sındırmaq mümkün deyil? Yadigar Sadıqlı, İlqar Məmmədov, Rəşadət Axundov və başqaları (etiraf edim ki, burda “və başqalarını” ürək sıxıntısı ilə yazdım, çünki bu adamlar belə şablon ümumiləşdirmələrə layiq deyillər, onlar hər biri fərdi, tənha qəhrəmandır) nə üçün tutduqları yoldan dönmür? Məncə bu sualın bircə cavabı var: yol onlara ləzzət verir. Necə deyərlər, prosesdən zövq alırlar. Mübariz insanın mübarizədən aldığı həzzi tarakanlar və həşərat kimi ömür sürənlər əlbəttə, anlaya bilməzlər.
Azadlıq prospektindəki faciəni unutdurmaq istəyirlər, buna da nail olacaqlar. Çünki klassik model var: repressiv rejimin qalib gəlməsini istəyirsənsə birinci, ilk növbədə kütləvi informasiya vasitələrini məhv elə. Acı da olsa bunu bacardıqlarını yazmalıyam. Amma izah etmədən. Çünki izah eləmək artıq qadağan zolağını adlamaqdır.
Diqqət edin, ilk gün penoplast üzlüklərin söküləcəyini vəd elədilər, amma dünən artıq Bakı ŞİH-in artist şefinin dilindən “ekspertiza aparılacaq, yanğın təhlükəsi olan üzlüklər söküləcək” açıqlaması verildi. Yəni, sökməyə də bilərik. Arxayın olun ki, biz sussaq, tələb eləməsək sökməyəcəklər. Hər binaya mühafizə ayırmaq kimi karikatur təklif isə biabırçılıqdır. O cümlədən, bəzi deputatların “Avropa Oyunlarına qədər üzlüklər qalsın, qorunsun, sonra sökülsün” təklifi azərbaycanlılara açıq həqarət idi. İnsan həyatı ilə oyun oynayırlar...
Qorumaq demişkən... Bunlar hələ də guya anlamır ki, o üzlükləri qorumaq mümkün deyil. Üstündəki elektrik işıqları xəttində qısaqapanmadan, kiminsə ehtiyatsız bir siqaretindən, mətbəxdən düşən qığılcımdan - hər şeydən yana bilən materialdır. Son faciədə bəziləri yanğınsöndürənləri gec gəlməkdə qınadılar. Halbuki, bütün faciə cəmi 25-30 dəqiqəyə olmuşdu, heç bir xidmət bu sürətə çata bilməzdi. Xətai rayonunda iki ay qabaq olan bənzər yanğının unikal bir videosu var, istəyənlər “Azadlıq” radiosunun saytında tapıb baxa bilər. Maşınla yoldan keçən adam çəkib. 9 mərtəbəli binanın bütün üzlüyü cəmi 10-15 saniyədə yanıb qurtarır! Dəhşətli bir yanğın sürətidir. “Azadlıq”dakı 16 qatlı bina da eyni sürətlə yanıb və əslində ilk 5-10 dəqiqə yanğından sonra insanları öldürən zəhərli qara tüstü olub. Yaralıların demək olar hamısının xəstəxanaların yanğın bölməsinə yox, toksikoloji bölmələrə yerləşdirilməsi bu səbəbdəndir. Adamlar zəhərləniblər, yanğın sonrası qazlardan boğulublar.
Bir versiyamı da yazım. İki ay qabaqkı yanğında sizcə niyə ölüm olmadı? Mənim fikrim belədir: insanları soyuq hava xilas eləmişdi. Pəncərələr bağlı olduğundan sürətli yanğının qara tüstüsü mənzillərə dolmamışdı. 16 mərtəbədə yanğın isə isti vaxta düşdü, görünür yazıq insanlar qapı-pəncərələrini açıq qoymuşdular.
Penoplast sexinin müdirinin tutulması şousuna gələndə... Özləri də etiraf edir ki, Bakıda azı 140 binaya bu tip üzlüklər çəkilib. Bəyəm bunların hamısını həmin Miryusif eləyib? 140 binanın üzlənməsi tenderlərini kim keçirib, məhsulu, üzlənmiş binanı kim təhvil alıb? Yüzlərlə adam yaşayan binanı sabah hansısa yoldan keçən benzin hopdurulmuş əski ilə üzləsə, buna yox deyən olmayacaqmı? Polis belə hallarda hara baxır? Yanar üzlükləri sökməyə çağıran jurnalistləri qorxutmaq polisin funksiyası deyil. Polis vaxtında həmin cinayətkarları tutmalı idi. Yandırıcı butulka ittihamı ilə NİDA-çı gənclərə 2 ildir həbsdə zülm edirsiniz, amma 16 mərtəbəli binaları yandırıcı üzlüyə bürüyənləri görmürdünüz. Guya görmürdünüz.

Bizə qoşulun