Medianews.az
Butulka düzəldənin həbsi
247 baxış

Butulka düzəldənin həbsi

zamin yeni raz “Xalqa quzu kəsim elə, Qoyunları sevən xalqdı. Göz bağlayan, ürək açan Oyunları sevən xalqdı. Heyran qalıb batı, doğu, Qızı qızdır, oğlu oğul! Yekə qarınları, yoğun Boyunları sevən xalqdı... ...Vətən gedə, ölkə yana Söz qaytarmaz bəyə, xana. Can doyduran, həm də cana Doyanları sevən xalqdı" (Mətləb Nağının şeirindən) Daimi oxucularımızdan Təranə xanım Moskvadan səfərdən qayıtmışdır, deyir Rusiya paytaxtında heç palma ağacı görmədim: “Bizdə isə Qəbələdən Bakıya qədər hər yerə palma doldururlar. Elə bil uca xalqımızı meymun yerinə qoyublar”. Təranə xanım xahiş elədi ki, məmurlara çatdırım, biz meymun deyilik. Mən də çatdırdım. Ay məmurlar, Azərbaycan xalqına hörmətlə yanaşın! Başqa bir oxucumuz Zahid bəyi isə gömrükdə üzləşdiyi qanunsuzluq narahat edir: “Mən Avropada yaşayıram, ildə 2-3 dəfə ailəmlə Azərbaycana istirahətə gəlirəm. Bu dəfə Gürcüstan sərhədində Azərbaycan gömrükçüləri məni bezdirdilər, dedilər, gərək maşının gömrük rüsumu qədər girov qoyub ölkəyə girəsən, əks halda, olmaz. Mən onlara qanunu göstərdim, dedim, xarici ölkə vətəndaşıyam, yalnız öz avtomobilimlə geriyə qayıdacağım haqda öhdəçilik götürməliyəm. Dedilər, biz yazılı qanunları ”hərləmirik", istəyirsən get prezidentə yaz. Tutub 4500 dollarımı girov aldılar, nəticədə benzin pulum da qalmadı. İstirahətimiz başlamadan zəhərə döndü. Gömrükdə məndən avtomobilin texniki pasportunun, başqa sənədlərin surətini də istədilər. Mən qabaqcadan bunları çıxarmışdım, dedilər, olmaz, gərək gömrüyün kseroks qurğusundan çıxaraq, halbuki heç fərqi yox idi. Amma məndən 4 vərəq surətinə görə 40 manat alanda “fərqi” anladım. Rüşvət gömrükdə haçan bitəcək? İlham Əliyev hər çıxışında korrupsiya ilə mübarizədən danışır. Onun dedikləri gömrüyə aid deyilmi? İndiyədək öz maşınımla Rusiya, Qazaxıstan, İran, Türkiyə, Özbəkistan, Gürcüstanda istirahətdə olmuşam, heç bir ölkədə məndən sərhəddə gömrük girovu istəməyiblər. Azərbaycan niyə düzəlmir?" Çətin sualdır, öyrənən kimi yazaram. Bu arada bir hökumət idarəsindəki vəzifə təyinatını sizlərə çatdırım, görün bizdə necə gülməli vəzifələr vardır. Xəbərlərdə yazmışdılar: filankəs müəllim filan nazirliyin ictimaiyyətlə əlaqələr idarəsinin mətbuat xidməti şöbəsinin baş məsləhətçisi təyin edilmişdir. (İndiyə qədər məşğul olduğu işlər səfeh-süfeh olsa da adam özü pis adam deyil, ona görə adını yazmıram). Təsəvvür edin, o nazirliyin mətbuat xidmətindən indiyə qədər yaralı barmağa dərman xəbəri də almaq mümkün olmayıbdır, ancaq baş məsləhətçisi varmış! Belə dövlətdə kreditləri basıb yeməsinlərmi? Sözgəlişi, Mütəşəkkil Bankirizmlə Mübarizə İdarəsi (xalq arasında “Bankotdel” adıyla tanınır) daha bir neçə bankiri tutub aparıb yolmuşdur. Xalq bu addımları alqışlayır, futbol matçında deyilən kimi, “bir daha, bir daha” səslənir. Əsas səbəb də sadizmdir, çünki xalq özü də kreditlərdən əziyyət çəkir, kredit iynəsinə oturmuşdur. İndi görəndə ki, hansısa bankiri Beynəlxalq Bankdan aldığı 100-150 milyon krediti gec qaytardığı üçün sürüyüb aparırlar, özünün aldığı 100-150 manatlıq kreditlər yada düşür, könlü açılır. Elnən gələn bəla toy-bayramdır. Yedin dadındır, verdin adındır, qaldı yadındır. Mən istəyirəm xalqımız ancaq çay içsin. Bunlar müdrik fikirlərdir, yazın dəftərə, qalsın. Mən bir prokuror tanıyırdım, onun stolunun üstü eyzən belə afyorizmlərlə doldurulmuşdu. İt sürütməsi edilən yoldaşlardan biri butulka zavodunun müdiridir, ehtimal edə bilərik ki, “bankotdel”də çalışan nehrəmli uşaqlar məhz bu mövzuda onunla şit zarafatlar etmişdir. Hərçənd, ola bilsin şüşə qədər incə davanıblar, çünki bu saat onları da topdan genosidə uğradırlar, təsəvvür elə, bir gündə 3 nehrəmli gömrük rəisinin işdən çıxarılması xəbəri gəlmişdi! Bir kəndə qarşı bu cür amansız repressiyaya nə lüzum vardır ki? Sabah sizə ordan deputat seçilmək təzədən lazım olmayacaq?

Bizə qoşulun