Medianews.az
Sonuncu romantik
232 baxış

Sonuncu romantik

zamin yeni raz
Mehman Hüseynovun ölüm xəbərini dünən çox böyük kədərlə oxudum. Hüseynov Qarabağ uğrunda döyüşlərə ilk atılanlardan biri olmuşdu, Xankəndinə bitişik Kərkicahan uğrunda döyüşdə, 1991-ci ilin dekabrında ağır yaralanıb əsir düşmüşdü. Deyilənə görə, rejissor Ceyhun Mirzəyev məşhur və hələlik Qarabağ savaşı mövzusunda yeganə adam arasına çıxarılası filmimiz olan “Fəryad”ı məhz Mehman Hüseynovun həyatı əsasında çəkmişdi, onun əsirliyini təsvir eləmişdi. 
Yeri gəlmişkən, Ceyhun Mirzəyev də elə o sonuncu romantiklər nəslindən idi, “Fəryad” filminə sözün əsl anlamında canını qoymuşdu, filmdə İsmayılın döyülməsi səhnələrinin yaxşı alınması üçün erməni rolunu oynayanlara tapşırıbmış ki, zərbələri gerçəkdən vursunlar. Bir versiya var ki, Mirzəyev elə filmdə aldığı zərbələrdən ölüb. Hər halda, Mirzəyevin cəmi 46 yaşında, “Fəryad” filminin premyerasını belə görmədən 1993-cü ilin martında ölməsi təsadüf deyil.
Ümumiyyətlə, biz o romantiklər və idealistlər nəsli haqda nə bilirik ki? Örnək üçün, Badamdar qəsəbəsinin mərkəzində Tofiq Məmmədov adına bir küçə var. O küçədə yaşayanların, o küçədən keçənlərin neçəsi Tofiq Məmmədovu xatırlayır, onun 1991-ci ildə, dekabr ayında məhz Mehman Hüseynovun komandir olduğu dəstənin tərkibində Kərkicahan döyüşlərində həlak olduğunu bilir? On nəfərdən ikisi bilsə sevinərəm... Hələ Kərkicahanda döyüşməyin, özü də tam mühasirə vəziyyətində kiçik bir qrupla yurdumuzu qorumağın nə demək olduğunu anlamaq üçün Google xəritələrinə baxın, orda Kərkicahanı tapın. Xankəndinin demək olar burnunun ucudur. Mehman Hüseynovun niyə Bakıxanov qəsəbəsində tək-tənha, unudulmuş durumda ölməsinin mənasını yalnız o zaman, bir azca anlayarsınız. Kərkicahan da belə “ölmüşdü”.
Doxsanıncı illərin əvvəlində, hələ pullu qor-qoduqların, papanın gül balası avtoş qırıntılarının  deyil, romantiklərin, vətən sevgisi ilə ürəyi döyünən idealistlərin hörmətdə olduğu vaxtlarda Mehman Hüseynov bizim üçün əfsanə adlardan biri idi. Deyirdilər ki, o, “Narxoz” kimi isti yerdə, müəllimlərin “Kapitalist Mamed”, “Rüşvət Əsəd”, “Eşşək Vahid” tipli adlar qazandığı bir mühitdə parazitlik eləmək istəməyib, dərs dediyi coğrafiya kafedrasında müəllimliyi atıb, ilk könüllü batalyonumuzun taqım komandirlərindən biri kimi döyüşə atılıb. Deyirdilər ki, Kərkicahan döyüşü çox ağır olub, 8 nəfərimiz həlak olub, qalanlarını yaralı əsir alıblar. Deyirdilər ki, əsirlərdən biri - kərkicahanlı Fərhadı “mən erməni çörəyi yemirəm” dediyi üçün işgəncə içində öldürüblər.
Mehman Hüseynovun Xankəndində saxlandığı kamera çox soyuq imiş. Deyirdilər o vaxt bir rus deputat (adını heç cür yadıma sala bilmədim) Xankəndinə gəlibmiş. O vaxtlar rusların belə əcaib, “sülpərvər” missiyaları çox olurdu. Bu adam əsirlərə də baş çəkir, kameranın çox soyuq olduğunu görəndə əynindəki qalın paltonu Hüseynovun üstünə örtmək istəyir. Hüseynov rusun bu hərəkətini məğrurluqla rədd eləmiş, paltarı götürməmişdi.
Dünən isə rus general Patruşev Bakıda hakimiyyət nümayəndələri ilə mazaqlaşırdı. O tərəfdə Mehman Hüseynov tək-tənha ölürdü. Bir az bu yanda başqa Qarabağ döyüşçüsü Tofiq Yaqublunu qaranlıq zindanda, cavan qızının ölümü ilə tək buraxmışıq. Sumqayıt tərəfdə şəhid ailələri, ərləri, ataları torpaq uğrunda ölən qadınlar avtomobil yolunu bağlayıb evlərinin qanunsuz uçurulmasına etiraz edirdilər. Onlar asfaltın üstündə diz çökmüşdülər, 50 min dollarlıq maşınla onları sürüməyə gələn polis çavuşu isə dişini ağardırdı.
Romantiklər ölməli idilər. Yalnız onlar hamısı öləndən sonra biz böyük bir epoxanın başını bağlayıb asudə şıllaq ata biləcəyik.

Bizə qoşulun