Medianews.az
Avtoritar dilçilik
214 baxış

Avtoritar dilçilik

zamin yeni raz

“Danış, səni görüm” (Sokrat)

Hər bir avtoritar rejimin başqa murdar sistemlərlə ortaq, eyni cəhətləri olsa da, özünəməxsus, orijinal, ekzotik xüsusiyyətləri də olur. Örnək üçün bizim şanlı hökumətimizin leksikonunu, danışıq terminlərini göstərə bilərik. 
Görürsən hansısa adam yaşamayan ərazidə bir siçan deşiyinə oxşar yeraltı keçid qayırırlar, bunun adını “Müxtəlif səviyyəli yol qovşağı” qoyurlar. Elə dəbdəbəli və forslu termin seçiblər ki, deyərsən bəs bu yol qovşağı göyün yeddinci qatına ucalır, yaxud bunu tikənlərin səviyyəsi Harvard-Oksford-filan səviyyəsidir. Bu təkcə “kasıb itinin adını Gümüş qoyar” mental-mağara düşüncəsindən irəli gəlmir. Eyni zamanda millətin gözünə kül üfürməkdir. Özləri səviyyəsiz olduqlarından hər şeyə “səviyyə” adı qoyurlar.
Yaxud ölkənin yaşıllıqlarını, meşələrini qırıb səhraya çeviriblər, Bakını hasarlanmış daş qəbristanlığa döndəriblər və vaxtaşırı hansısa parkı yolanda bunu “Park yenidən qurulur” adıyla sırıyırlar. Elə bil park hansısa zavoddur, fabrikdir, ya da nə bilim, “Ayfon” qurğusu-zad imiş, bunu yenidən qurmağa ehtiyac yaranıbmış. “Təzə ”Park-6" çıxdı, açılışa gəlin! Bu parkda ağacların yarpağı var! Tələsin!" - durum təxminən belənçikdir. Karikatur adamların sistemindən belə absurdlar doğur.
Normal dövlətlərdə hakimiyyət qurumları saat mexanizmi kimi çalışır, məmurların da ağlına gəlmir ki, misal üçün, hansısa Bağlıpəyə kəndində Məmmədağanın pasportuna arvadının şəklini yamamaq üçün ora “ASAN-Xidmət”in içində mamlımatanlar oturan “dranqlet” avtobusunu yollasınlar. Sonra da bunu telekanalizasiyada xəbər olaraq planetə yaysınlar: “Baxın! Bizdə sənədləri avtobusda qayırırıq! Gözləyin, bu avtobus sizin də xarabanıza gələcək!”
Amma bu gəzəyən-dövlətçilik siyasətinin ən gülməli hadisəsi “səyyar qəbul” anlayışıdır. Tez-tez rəsmi xronikalarda belə başlıq görürük: “İks rayon icra başçısı İqrek müəllim Zetabad kəndində sakinlərlə səyyar qəbul keçirmişdir”. Elə bil rəhmətliyin oğlu Marsa uçubdur. Səyyar qəbul nə deməkdir? Normal adamlar kimi dövlət sistemi, əhalinin şikayət və təkliflərinin qəbulu mexanizmi qurmaq olmazmı? Bu düşük “səyyar qəbul” termini mənim fikrimcə, hətta yapistlərin səviyyəsi üçün də çox gülünc səslənir.
Hakimiyyət gopa basanda, yalan dəyirmanı dayanmadan uydurmalar üyüdəndə bəzən hansı respublikada, hansı ərazidə yaşadıqlarını da unudurlar. Eyforiyaya qapılırlar. Ağızlarından köpük gəlir. Huşlarını itirib ekstaz içində yerə yıxılırlar. Bu, həmçinin yaltaqlara aiddir. Kiçik örnək verəcəyəm.
Diqqət eləmisinizsə, yapistlər və onların süfrəsinin qırıntıları ilə yemlənən yaltaqlar Azərbaycanda insan haqlarının pozulmasını tənqid edənləri adətən bu “arqumentlə” susdurmağa cəhd edirlər: “Azərbaycanın ətrafındakı dövlətlərə baxın. Onlarda terror olur, dünyada ümumən qarışıqlıq var, insanlar ölür, əzab çəkir. Bizdə isə, şükür olsun, sabitlikdir, cənab prezidentin uğurlu siyasəti sayəsində və sairə və ilaxır...” Uzatmıram, çünki mətni hamınız əzbər bilirsiniz, hər gün qulağınıza soxurlar.
Bunu deyənlər sanki 20 faizə yaxın ərazisi 23 ildir işğal altında olan dövlətin sakinləri deyillər. Sanki Azərbaycanın Qərbində qurd quzu ilə otlayır, insanlar ölmür, Dilqəmgil də Kəlbəcərdən çiçək yığıb qayıdıblar və buketi təntənəli surətdə Bahar Muradovaya veriblər. “Dünyanın başqa yerlərində pozulan sabitlik” ki deyirsiniz, o bizim ölkənin ən azı qərbində bir qərinəyə yaxındır it günündədir. O zaman nəyə öyünürsünüz? Yoxsa ora artıq Azərbaycan sayılmır?
Bəlkə də.
 

Bizə qoşulun