Medianews.az
İnsanlar və balqabaqlar
169 baxış

İnsanlar və balqabaqlar

zamin yeni raz 2003-cü ildə Norveçin Azərbaycanda səfiri işləyən Steynar Gil-dən “Azadlıq” radiosu təzəlikcə intervü alıb, orda belə bir tragikomik hissə də vardı: Steynar Gil baş nazirimizin indi kim olduğunu soruşurdu, müxbir deyirdi Artur Rasizadədir. Bundan sonra Steynar Gil gülüb: “Hələ də odur? Mən səfir olanda da o idi” - deyir. Hamı bizdəki bu idarəçilik sisteminə gülür. Ərinmədim, müqayisə üçün baxdım: Norveçin özündə Artur əkənin bizdə baş nazir olduğu müddətdə - 1996-cı ildən bəri düz 7 dəfə baş nazir dəyişilib! Həm də buna görə Norveç dünyanın insan yaşaması üçün ən gözəl, ən rahat dövlətlərindən biridir. Məşhur misalda deyilən kimi, pampersləri və siyasətçiləri tez-tez dəyişmək lazımdır. Uzaq Norveçə getməyək, burnumuzun ucundakı Gürcüstanda son bir həftədə hökumət böhranı yaşanır. 7 nazir istefaya gedəndən sonra ümumən Nazirlər Kabineti buraxılıb. Təsəvvür edirsinizmi? 1 yox, 2 yox, 3 yox, eyni vaxtda 7 nazir istefaya gedir! Rəhmətliyin uşağı, Azərbaycandakı həmkarlarınız kimi kreslodan yapışıb xalqı talaya bilmirsiniz? Nazir də istefa verər? İstefanı qoy xalq versin, öz torpağını, evini-eşiyini, respublikasını atıb qaçsın. Nazir daim kürsüdə oturub əmlak sümürməlidir. Biz belə görmüşük. Ümumiyyətlə, uca millətimiz gərək bu aksiomu anlasın: nazirlərini, idarəçilərini dəyişdirməyən xalqlar özü dəyişilir, deqradasiyaya uğrayır, insanlıqdan çıxıb amorf, yayğın kütləyə çevrilir. Parlamentində siyasi diskussiyalar olmayan xalq küçədə bir-birini bıçaqlamalıdır. Bu, enerjinin itməzliyi haqda əbədi qanundur. Yeri gəlmişkən, hazırda ABŞ-da bəzi yerlərdə zəncilər üsyan edir, polis maşınlarını yandırırlar. Amma heç kim buna kütləvi iğtişaş adı qoyub “İsmayıllı məhkəməsi”nə, 2003 hadisələrinə bənzər repressiyaya əl atmır. Çünki Qərbdə anlayıblar: polis maşını həm də elə hərdən xaqlın üsyana qalxıb yandırması üçündür! Təki onlar neqativ enerjini dövlətə qarşı çıxarsınlar, bir-birilərinə qarşı yox. Liberal dövlətçilik fəlsəfəsi bunu tələb edir. Güclü dövlət, xalq arasında gerçək dayaqları olan sistem heç vaxt belə etiraz aksiyalarından dağılmaz, nə də qorxub altını batırmaz. Amerikadan söz düşmüşkən, iqtidar mediasının, məmurların, deputatxana düyməciklərinin, cürbəcür pullu yaltaqların son günlərdəki anti-Amerika, anti-Qərb isterikasına gülünc bir şərh də əlavə edilib. Qısaca söhbəti açıqlayım, bəlkə bilməyənlər də var: yapistlər deyir ki, Avropa Oyunlarını pozmaq istəyən ermənipərəst qüvvələri ABŞ dövlət katibi Con Kerri maliyyələşdirir, göstərişlər birbaşa onun ofisindən verilir. İndi isə bu mövzuya deputat Səyavuş Novruzovun şərhini oxuyun: “Biz bu siyasəti ABŞ dövlətinin mövqeyi hesab eləmirik”. Yəni, Səyavuş əkə deyir ki, ABŞ dövlət katibi ABŞ-ın mövqeyini ifadə eləmir. Təbii, əgər Kerri haqda iqtidar mediasında yazılanlara inansaq. O zaman bu nə pəhriz, o nə alça turşusu? Ya Kerri haqda sözlərinizin yalan olduğunu deyin, ya da bəyan edin ki, ABŞ dövlətinin mövqeyini Azərbaycanda Asim Mollazadə ilə Hacı Madər ifadə edir. Bəzən də Səyavuş müəllim - böhranlı anlarda, məsələn. Baltimorda hansısa zəncinin burnu qanayanda bunun açıqlamasını Konqres adından Novruzov verir. Kresloda çox oturmağın bəlalarıdır hamısı. Yenə yazdığıma qayıdıram: siz onları dəyişdirmədikcə, onlar sizi dəyişdirəcəklər. Millət üçün Genləri Modifikasiya Olunmuş (GMO) məhsullar təhlükəli deyil, bunu yazanlara, danışanlara inanmayın. Dünyanın heç bir elmi GMO ərzaqların insanlara mənfi təsirini isbata yetirməyib, bu, Azərbaycan mediasını da basmış kütləvi psixoz, yalandır. Təhlükəlisi uzun illər dəyişilməyən hakimiyyətlərdir. Onlar xalqların yediyini, içdiyini, genetikasını, məzmununu dəyişdirir, korlayır, məhv edirlər. İnanmırsınızsa yaşadığınız əraziyə diqqət edin. Orda 1996-cı ildə neçə xiyar yaşayırdı, indi neçə insan qalıb? Hesab insanların xeyrinə olmayacaq, təəssüf ki. (Baş nazirimizin sevimli mövzusu olduğu üçün xiyardan misal çəkdim, yoxsa elə bir xüsusi məqsəd yoxdur. İstəsəniz hesablamanı balqabaq, inək, əqrəb, it balası üzərində də apara bilərsiniz).

Bizə qoşulun