Medianews.az
Gestapo estafeti
154 baxış

Gestapo estafeti

zamin yeni raz
Deyir artıq Avropa Oyunlarının məşəli yandırılıb, respublikamızın rayonlarında gəzdirilməyə başlayacaqdır. Çox gülməli hadisədir. Əgər bu, Avropa Oyunlarıdırsa, məşəli niyə rayonlarda gəzdirirlər? Elə bil nərd üzrə Azərbaycan çempionatıdır. Doğrudan da bu mənasız oyunların Avropa üçün önəmi vardısa məşəli Avropa ölkələrində gəzdirməliydilər.
Olimpiada məşəli qabaqlar bu cür gəzdirilirdi. Amma 2008-ci il Pekin olimpiadası zamanı dünyada çoxlu etiraz aksiyası keçirildi, məşəlin gəzdiyi ölkələrdə insanlar küçələrə çıxıb Çin Xalq Respublikasında insan haqlarının pozulmasına kütləvi etiraz etdilər. Bundan sonra Beynəlxalq Olimpiya Komitəsi (BOK) idiot bir qərar çıxarmışdır: olimpiadalar zamanı məşəlin ölkələrdə estafetlə gəzdirilməsi ləğv olunsun, ancaq yarış ölkəsi daxilində gəzdirilsin. Axmaq rejimlərdə turnir keçirməyə son vermək əvəzinə idmanı repressiya və alver predmetinə çevirən BOK şübhəsiz ki, planetdə ən murdar qurumlardan biridir. Bu qurumun idmanın fəlsəfəsinə, beynəlxalq olimpiya hərəkatının insanpərvər, sülhsevər missiyasına dəxli Hadı Rəcəblinin sosial siyasət komissiyasına dəxli qədərdir.
İndi bizim yapistlər də karikatur məşəli əllərinə alıb rayonlarımızda hinduşkaları ürküdəcəklər. Yeri gəlmişkən, bu “rayon-Avropa oyunları məşəli” gülməcəsinə diqqətimi Xədicə İsmayılın bu mövzuda replikası yönəltdi. Xədicə xanım zindanda olsa belə azadlıqdakı jurnalistlərin çoxundan azaddır, gözəl yazılar yollayır, rejimə sarsıdıcı zərbələr vurur. Necə deyərlər, “rəis, alınmayıb”, adam susmur.
Dünyadakı insan haqları qurumları, məşhur idman yazarları Avropa Oyunları Komitəsinə də müraciət eləmişdilər, Azərbaycanda insan haqlarının pozulmasını önə çəkmişdilər. Ancaq AOK təzəlikcə onlara cavab verib, təxminən belə deyib: “Bizim vecimizə deyil. Hər ölkənin insan hüquqları onun daxili işidir, biz yarış keçiririk”. Bu zırramalar, görünür, beynəlxalq insan haqları konvensiyalarını da oxumayıblar, insan haqlarının hər hansı ölkənin daxili işi sayılmasının faşist Almaniyası vaxtında qaldığını bilmirlər. Azərbaycanın çirkli neft pulları bu adamcığazların gözünü pis örtüb. Neyləmək olar, tarix boyunca bəzən “mirvariləri donuzların qabağına töküblər”. Bu da keçəcək, əlbəttə.
Ancaq bunun tez keçməsi üçün bizim də prinsipial olmağımız lazımdır. Nərgiz Yaqublunun yas mərasimində idim. Bu çiçək qızımızı, daim gülər üzü ilə dünyanı işıqlandıran gözəlimizi qara torpağa qoyub qayıtmışıq, bu vaxt Tofiq Yaqublunun vəkili Nemət bəyin telefonuna zəng gəlir. Nemət bəy deyir ki, zəng vuran müstəntiq idi, dedi Tofiq bəyə başsağlığını çatdırım. İsmayıllı hadisələrinin cinayət işini aparan müstəntiqdən söhbət gedir. Bu tipin qurduğu yalan, saxtakarlıq üzündən Tofiq Yaqublu iki il yarımdır zindandadır, ailəsi nə çətinliklər, əzablar yaşayıb, indi üstünə övlad itkisi də gəlib, bu isə həyasızcasına hələ başsağlığı göndərir. Belələrinə “əşşi, yasdır, yola verməliyik” deyib dözməliyikmi? Qətiyyən. Cinayətkarın qurbanına başsağlığı verməsi riyakarlıqdan, alçaq ironiyadan başqa bir şey deyil, belələrinin üzünə tüpürüb rədd eləməyincə, cinayətkarlıqla prinsipial mübarizə aparmayınca ölkədə vəziyyət dəyişməyəcək, bunu dərk eləməliyik.
Cinayət sözünü özüm qəsdən yazdım, çünki bəzən belə hallarda “əşşi, onun nə günahı, əmr quludur, nə tapşırıblarsa eləyir” deyənlərimiz var. Böyük yanlışdır. Hüquqi baxımdan cinayəti tapşıranın məsuliyyəti ayrıdırsa, əməli törədənin də məsuliyyəti ayrıdır. Heç kim yaxasını qırağa çəkməsin, “günah, mənəvi məsuliyyət” kimi yayğın mənəvi kateqoriyalarla baş aldatmasın. Söhbət konkret cinayət əməllərindən gedir və təəssüf ki, hazırda Azərbaycan əhalisinin böyük hissəsinin cinayətlə məşğul olduğunu deməliyik.
Sonda xalqımızı bir bayram münasibətiylə də təbrik eləmək istərdim: dünən, 26 aprel məşhur alman siyasi polisinin - Gestapo-nun yaradılması günü idi. 1933-cü ildə alman analar da “Balam böyüsün, gestapoçu olsun” deyib burnufırtıqlı uşaqlarını əzizləyirdilər.

Bizə qoşulun