Orta statistik azərbaycanlının aylıq qazancı hökumətin dediyinə görə guya 442 manatdır. Ancaq biz hamımız reallığı yaxşı bilirik, bilirik ki, ölkədə orta maaş 250 manatdan yuxarı deyil. Sadəcə, dolanışıq və ölməmək üçün yerdə qalan hissəni hərə bir yerdən çırpışdırır. Oğurluq kütləvi yayıldığı üçün millətin gözü kölgəlidir, daha böyük oğrulara - öz rəhbərlərinə etiraz eləmirlər.
Uzun sözün qısası, sadə azərbaycanlının gəlirləri o qədər azdır ki, kimsə cibinə girib 1 manat çıxarsa bunu dərhal hiss edir. Hətta daha kasıblarımız var, qəpiyə güllə atırlar. Adam tanıyıram, uşağı cibindən 20 qəpik götürdüyü üçün çırpmışdı. Məsələn, mən özüm ancaq 50 qəpikdən sonra duyuq düşürəm. (Ümid edirəm uşaqlar bu yazını oxumaz).
MTN-in tutduğu bir dəstə isə nəqliyyat nazirinin qohum-əqrabasının bank hesablarından bala-bala pul əkişdirirmiş. Misal üçün, nazirin bir qardaşından iki aya 80 min manat çəkiblər. O biri qardaşından 66 min manat və sairə. Lakin nazirin əqrəbaları və yaxın ətrafı bu oğurluqdan yalnız dəstə tutulandan sonra xəbər bilibdir.
Dünyada bank hesabları oğrularının belə sevimli metodu var. Kiminsə hesabını ələ keçirəndə adətən oğurluğu xırda-xırda edirlər ki, adam duyuq düşməsin. Deməli bizim nazirin ətrafı üçün 60-80 min manat xırda pullar imiş. Halal olsun. Fəxr edirik. Məncə Avropa Oyunlarında bir stadionun azarkeşlə doldurulması xərcini nazirin qardaşlarına tapşırmaq mümkündür. Hətta zəruridir.
Söz düşmüşkən, son aylar camaatımız arasında küçədəki ödəmə terminallarını (“PayPoynt”, “Million” və s.) dibindən qopardıb aparmaq halları artmışdır. Elə dünən birini apardılar. Bunlar böyük ehtimalla qardaşı nazir ola bilməyən yazıq adamlardır. Əlbəttə, biz cinayət hadisəsini qınayırıq, “oğrudan oğruya halaldır” formullu milli dəyərimizi, ümumxalq fəlsəfəsini qınayırıq. Yadda saxlayın ki, ən bacarıqlı oğru ələ keçməyən oğrudur. Palaza bürün, xalçanı oğurla. El gücü, pul gücü. Atası budaq-budaq oğurladığını, balası kökündən qazıb aparar. Erməniyə dayı de, uydurma soyqırımı dırnaqda yaz. At ölüb, itlər ondan kolbasa qayırırlar. Belə ata sözlərimiz çoxdur, maşallah. Oxucular xahiş eləsə dalını da yazaram, türkün məsəli.
Dünən internetdə bir xəbəri də yanlış oxudum, istəyirəm oxucularımızın məlumatı olsun. Gördüm yazıblar: “200 kəndin adına kredit götürən qadın həbs olundu”.
Sən demə burada “kəndlinin” yazıbmışlar. Bir qadın həmkəndlilərinin sənədləri ilə bankdan kredit alıb qaçıbmış, şanlı, cəsur, başı üstündən quş da uçmayan polisimiz isə bunu hərləyib-fırlayıb tutubdur. İndi mən yanlış oxuduğum hissəyə qayıtmaq istərdim. Yanlış da bir naxışdır. Kor kora kor deməsə sabitlik əldən gedər. Hər dərədə bir at öldürüb, xarici siyasət qurub. Hələlik bu qədər bəsdir.
Azərbaycan hakimiyyəti indiyə qədər xarici banklardan milyardlarla kredit alıbdır. Təzə məlumata görə hərəmizin 500 manat kredit borcumuz var - məmə deyəndən pəpə yeyənə qədər hər kəs borcludur, hətta uşaqlar borcla doğulur. Neft pulu da bitir, bilinmir gələcəkdə bu kreditləri nə təhər qaytaracağıq. Bəs 9 milyon azərbaycanlının adına (yarım milyon çıxdım iqtdarın qohum-əqrəbasının hesabına) kredit alıb çırpışdıranları haçan tutacaqlar? 200 kəndlinin kreditini yeyəni nənəm də tutar, hünəriniz var milyardlarla kredit udanlara “kiş”dən zaddan bir şey deyin. Deyə bilməzsiniz. Gücünüz elə o fağır qadına çatır.
Ya o qadını buraxın, ya da danışıqlara gedək, bizə öyrətsin görək bu xarici borcları necə batıra bilərik. Lazımdırsa pasportlarımızı yığaq verək.
