Medianews.az
Çeynənmiş ittihamlar yeni ifalarda
398 baxış

Çeynənmiş ittihamlar yeni ifalarda

images_xalid bey sSiyasətdə buraxılan səhvlər çox məşum olur, mənfi nəticəsi illərlə, qərinələrlə, əsrlərlə özünü hiss etdirə, milyonlarla insanın taleyinə təsir göstərə bilər. 1993-cü ilin iyununda buraxılmış səhv o qəbildəndir. Hakimiyyətin müqavimətsiz təhvil verilməsi, yun polkovniki Surət Hüseynovun hərbi qiyamının yatırılmaması çox ciddi yanlış idi. Hələ də bunu çox adam deyir, çox adam yazır, 22 ildir bu söhbət qurtarmır. Bu xüsusda yüzlərlə məqalələr yazılıb, o dönəmdə üzdə olan hər kəsdən bol-bol müsahibələr alınıb, araşdırmalar aparılıb, verilişlər hazırlanıb, tok-şoular təşkil olunub, o məşum qiyamın bütün detalları açıqlanıb, ortada demək olar ki, heç bir mühüm sirr-filan qalmayıb. Hər şey apaçıq ortadadır. Fəqət hələ də 2 iyun qiyamından söz düşəndə deyirlər: “Elçibəy qoydu, qaçdı”. Sanki o boyda qanlı hadisələr, ölkənin ərazisinin xeyli hissəsinin işğalıyla nəticələnən tarixi olayı yalnız bu üç quru sözlə ifadə etmək mümkündür. İctimaiyyət arasında çoxdan triviallaşaraq milyon dəfə təkrarlanan, artıq klişeyə çevrilən bu ifadəni başqaları - sıradan adamlar işlədəndə ona təhəmmül etmək olar, ancaq yazı-pozu adamları, siyasi xadimlər bu qədər bəsit rezümelərlə çıxış edəndə tablaşmaq olmur. Çünki “qoydu qaçdı” ittihamı həqiqəti ifadə etmir, həqiqətin əslində nədən ibarət olduğunu ortaya qoymaq üçün bir kitablıq söz yazılmalı və ya danışılmalıdır. “İsa Qəmbər 2003-ün oktyabrında meydana çıxmadı” fikri də elə o vaxtdan klişe xarakteri alıb. Bu ifadəni ilk dəfə kim səsləndiribsə, İsa Qəmbərə bəslədiyi antipatiyasından dilə gətirib. Sonradan isə digər opponentlər bu ifadəni min dəfələrlə təkrar edərək indiki halına gətiriblər. Hazırda elə çıxır ki, 2003-cü ildə hakimiyyət dəyişikliyinin əsas həlledici şərti İsa Qəmbərin Azadlıq meydanına getməsi imiş. Getsə, hakimiyyət dəyişəcəkmiş, getməyib, ona görə də dəyişməyib. İsa Qəmbər də, başqaları da bu cür ifadələrə dəfələrlə cavab veriblər, fəqət hər dəfə başqa biri bunu dilə gətirir və mütləq həqiqətmiş kimi ictimaiyyətə sırıyır. Bu xüsusda da çox araşdırmalar aparılıb, müsahibələr alınıb, məhkəmə protokolları incələnib. Həqiqət bundan ibarətdir ki, 2003-cü ilin oktyabrında meydana bir İsa Qəmbər yox, 100 İsa Qəmbər çıxsa da, hakimiyyəti dəyişmək ehtimalı sıfırla başlayan əmsalda idi. Birincisi, hakimiyyət sərəncamındakı bütün qoşun növlərini səfərbər etmiş, hələ seçkidən öncə dövlət çevrilişi həyata keçirmişdi. İkincisi, Rusiya, Türkiyə, ABŞ birləşərək hakimiyyətin dəyişməməsinə qərar vermişdilər və bu planın istədikləri kimi alınması üçün Əliyev rejiminə hər cür dəstək verirdilər. Üçüncüsü, meydana cəmi 4-5 min adam yığılmışdı və yerdə qalan 95 min adam yalnız ertəsi gün toplaşa bilərdi - o da hakimiyyətin silahlı qüvvələri meydanı amansızlıqla boşaltmasaydılar. Ona görə də hər dəfə bu cür taleyüklü mövzularda qulağa xoş gələn və klişe ifadələrlə (“Elçibəy qaçmasaydı”, “İsa Qəmbər meydana çıxsaydı” və s.) mülahizə yürütmək yanlışdır. Bir tarixi olayı bu qədər bəsit şəkildə ümumiləşdirərək hökm çıxarmaq olmaz. Söz yox, adları çəkilən və çəkilməyən siyasi xadimlərin fəaliyyətlərində qüsurlara, yanlışlıqlara yol verdikləri də olub və bu barədə vaxtaşırı yazılır, danışılır, amma söhbət ölkənin qarşısında tarixi xidmətləri olan şəxslərdən gedirsə, qərəzli və bəsit mülahizələrdən istifadə edilməməlidir. Onların şəxsiyyətinə və fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmaq lazımdır. Bütün şüurlu həyatını ölkəsinin, xalqının azadlığı uğrunda mübarizəyə həsr edən, hər cür məhrumiyyətlərə dözən, qanlarını qaşığa qoyaraq, əvvəlcə qırmızı imperiyanın, sonra da avtokratik rejimin qarşısından bir addım geri çəkilməyən, türmələrdə yatan, hər gün sui-qəsdə məruz qalmaq ehtimalı altında yaşayan insanları bir saniyənin içində qorxaqlıqda ittiham etmək isə ciddi ədalətsizlikdir. Bir də ölkənin bugünkü durumda olmasının əsas baiskarı 27-30 ildən bəri haqq-ədalət uğrunda özündən qat-qat güclü dairələrlə mübarizə aparanlar deyil, hakimiyyət başında olanlardır. Nə yazıq ki, onlara qarşı belə cəsarətlə cəbhə açan yoxdur.

Bizə qoşulun