Medianews.az
Sağalmaz mərəzin yeni tutması - Elnurun qələbəsi haqda
330 baxış

Sağalmaz mərəzin yeni tutması - Elnurun qələbəsi haqda

images_dekabr_kose xalid kazimli
Bu, nə xasiyyətdir bizdə? Adam mat qalır. Bir adamın uğurunu düz-əməlli qəbul edə, adekvat və pozitiv reaksiya verə bilmirik.
Mütləq nəsə bir mız qoymalıyıq, uğuru haqdan, isbatdan çıxarmalıyıq, üstünə kölgə salmalıyıq, çəkilən zəhməti heç-puç etməliyik, əmma tapmalıyıq, tapmasaq da uydurmalıyıq...
Türkiyədən yayınlanan, ancaq region ölkələrinin bir çoxunda da böyük maraq və diqqətlə izlənən “O səs Türkiyə” musiqi yarışmasının qalibi olmuş Elnurun vaqiəsi ilk hadisə deyil. Bundan qabaq da bu kimi hallarda ölkədəki ictimai rəyin haçalanması halı çox olub.
Məsələn, 2011-ci ildə azərbaycanlı musiqiçilər Avropa birincisi oldular, “Eurovision” yarışmasının növbəti ildə Bakıda keçirilməsinin mandatını qazandılar. Bir sonrakı il Avropa Bakıya gələcəkdi. Bakı bir həftəliyə Avropanın musiqi paytaxtı olacaqdı. Ölkədə hamı sevinirdi.
Ancaq bir-iki gündən sonra məlum oldu ki, heç  də hamı sevinmir. Qalib müğənniləri – Eldarla Nigarı bəyənməyənlər, qalibiyyətin neft pullarıyla əldə olunduğunu iddia edənlər, bu qələbənin əhəmiyyətsiz bir şey olduğunu dönə-dönə təkrarlayanlar vardı.
O qələbə isə əhəmiyyətsiz deyildi. Ölkənin özünün, mədəniyyətinin tanınması, reklamı üçün əhəmiyyətli idi. 2012-ci ilin birinci yarısında ölkəmizə diqqət o qədər böyüdü ki, hakimiyyətə belə narahatlıq yaratdı. Qonşu dövlətlərin qısqanclığı da kəllə-çarxa çıxdı.
Hələ bu hadisədən əvvəl və sonra olimpiada qələbələri ilə bağlı da eyni durum yaranmışdı. Pekində və Londonda parlaq qələbələr qazanaraq, qızıl medal əldə edən idmançılarımız ölkə insanlarını riqqətə gətirmişdilər. Amma həmişə olduğu kimi, ağız büzənlər, qələbəni əhəmiyyətsiz elan edənlər də vardı.
Ötən il “Qarabağ” futbol klubu Avrokubokda ard-arda qələbələr qazanır, məmləkət əhlini sevindirirdi. “Qarabağ”ın ev oyunları günü Bakı Barselonaya, Madridə, Milana dönürdü. Tariximizdə heç vaxt olmadığı qədər coşqu yaşayırdıq, millət “Qarabağ”ın ətrafında birləşirdi.
Qələbəni aşağılayanlar, uğura qara yaxanlar, insanların əməyini yerə vuranlar isə öz işlərindəydi. Sanki “Qarabağ” bu cür gözəl oynamaqla və yaxşı nəticələr əldə etməklə, insanları toparlamaqla, sevindirməklə pis bir şey edirdi.
İndi də Elnur...  Köhnə və sağalmaz mərəzimizin yeni tutması bu gənci də vurur. Adam öz sənəti, səsi, istedadı ilə 77 milyon əhalisi olan ölkəyə, sözün birbaşa mənasında səs saldı, çempion oldu, özüylə bərabər ölkəmizin adını da göylərə qaldırdı. Təbii olaraq sevindik. O bizlərdən biri olduğuna, bağrımızdan qopub getdiyinə, başarılı olduğuna görə sevindik.
İndi deyirlər, ölkədə siyasi məhbuslar var, bir milyon qaçqınımız var, Elnur bunlardan da danışsın.
Birdəfəlik anlamaq gərəkdir. Hər kəsin dərindən bildiyi bir sahə var. Elnur musiqiçidir, bütün varlığı ilə musiqinin içindədir və burada uğur qazanır. Siyasi məsələlər onun bildiyi işlər deyil, rəy bildirmək istəsə belə, mümkün olmaz. Necə ki, biz onun sahəsinin incəliklərini bilmirik, o da bizimkini bilə bilməz. Eləcə də idmançılar...
“Düşmən əlində inləyən qız-gəlinlər” demaqogiyasını da, nəhayət, bitirmək lazımdır. Əsirlərin 99 faizi mübadilə edilib, düşmən əlində qalan yoxdur artıq. Torpaqlarımız işğal olunub deyə bütün mədəniyyət, incəsənət, idman tədbirlərini ləğv etməli, oturub səhərdən-axşama mərsiyə söyləməli deyilik.
İçimizdəki xıltı, paxıllığı, xudpəsəndliyi kənara qoymasaq, bizdən nə doğru-dürüst dövlət quran olar, nə normal cəmiyyət formalaşdıran, azad seçki keçirən, demokratiya bərqərar edən.
Əgər bizdən biri dünya, Avropa, region miqyasında uğur qazanıbsa və bunu nəyə görəsə içimizə sindirə bilmiriksə, heç olmasa daxilimizdəki hirs-hikkə partlamasını, qəzəb püskürməsini boğmalıyıq.
Belə baxıram ki, sabah yazıçılarımızdan biri gedib Nobel mükafatı alsa, eyni qəzəblə onun üstünə tökülüb “qara qəpiklik yazısı yoxdur”, “istedadsız  yazıçıdır”, “o, bu mükafatı vətənə xəyanət etdiyi üçün alıb” deyə qalmaqal törədəcəyik.
Bunlara ehtiyac yoxdur. Darqursaq olmaq olmaz. Qəlbi böyük olmaq, uğurları uğur kimi qəbul etmək lazımdır.  
 

Bizə qoşulun