Medianews.az
Vergi şapalağı
427 baxış

Vergi şapalağı

images_xalid bey s
Neftin qiymətinin dünya bazarında düşməsinin fəsadları bir çox ölkələrin, xüsusilə də neft idxal edən dövlətlərin işinə yarasa da, neft hasil edən ölkələrin çoxunda fəsadlar törədib.
Yalnız Səudiyyə Ərəbistanı, Norveç və Küveyt kimi ölkələr istisna ola bilər. Adları çəkilən ərəb ölkələrində neftdən gələn pulların həcmi olduqca böyükdür, o baxımdan böhranı hiss etmirlər. Norveçdə isə dövlət büdcəsi neft satışından gələn milyardlardan asılı deyil.
Azərbaycan özünü heç nə olmamış kimi aparmaq, neftin qiymətinin ölkədə iqtisadi sferada heç bir böhran yaratmadığını israrla bildirsə də, elə deyil. Neftin qiymətinin düşməsi, bu səbəbdən ölkəyə daxil olan xarici valyuta ehtiyatının azalması bəzi fəsadlar törədib. Sadəcə, hələlik panikaya əsas yoxdur.
Bir də hakimiyyət xalqın təlaşlanmaması üçün özünü təmkinli aparır. Əslində isə neft satışından gələn maliyyə vəsaitinin çatışmayan hissəsinin yerini doldurmaq üçün çoxşaxəli tədbirlər görülür.
Bunlar qeyri-populyar tədbirlərdir, bir qədər gizli, əl altından aparılır, çalışırlar ki, ictimailəşdirilməsin, ajiotaj doğurmasın.
Ancaq on minlərlə, yüz minlərlə insanın həyatına, güzəranına təsir göstərən həmin tədbirləri gizlətmək, pərdələmək mümkün deyil.
Məsələn, artıq özəl tibb müəssisələrində çalışan minlərlə insan “büdcə doldurma” tədbirlərinin mənfi təsiri ilə üz-üzədir.
Bu barədə qəzetlərə məlumat verən mənbələr bildirirlər ki, təkcə ötən həftə 150-yə yaxın tibb müəssisəsində “xronometraj” yoxlaması başlayıb və yoxlama sona çatdıqdan sonra hər bir tibb müəssisəsinə əvvəlcədən müəyyən edilmiş xərac kəsilib.
Bildirilir ki, özəl tibb müəssisələrinə qoyulan aylıq vergi ödənişlərin miqdarının 30-50% və bəzi yerlərdə 100% (ikiqat) artırılması nəzərdə tutulur. Bu isə təxminən 20-50 min manat miqdarında aylıq ödəniş deməkdir.
Özəl tibb müəssisələrində müalicə və müayinə haqlarının bahalığı onsuz da çoxdan məlum idi. Məzənnələrin yüksəkliyinin nədən qaynaqlandığı barədə qənaətlər də haçalıydı. Bəziləri bunu müvafiq sahibkarların tamahkar olması ilə bağlayırdılar, bəziləri isə sahibkarların əlavə ödənişlərinin çoxluğu ilə izah edirdilər.
Özəl tibb müəssisələrində bundan sonrakı qiymət artımları isə sırf vergi amili ilə izah edilməlidir.
Bəs bu durum özəl tibb müəssisələrinə sərf edirmi? Qətiyyən. Bu, onların çöküşünün başlanğıcı deməkdir. Çünki müalicə və müayinə qiymətlərini bundan artıq bahalaşdırmaq mümkün deyil. Qiymətlərin artırılacağı təqdirdə onlar olan-qalan pasiyentlərini də itirəcəklər.
Ona görə də özəl tibb müəssisələri artıq acınacaqlı bir seçim qarşısında qalıblar: ya müəssisəni bağlamalıdırlar, ya da qiymətləri qaldırmalıdırlar. Əslində sonuncu variant da müəssisəni bağlamaq anlamına gəlir. Müştəri, pasiyent olmayandan, müəssisə özünü maliyyələşdirə bilməyəndən sonra onun fəaliyyət göstərib-göstərməməsinin mənası yoxdur.
Bəs şəfa axtaran minlərlə xəstə necə olacaq? Onlar müalicə-müayinə qiymətlərinin daha ucuz olduğu qonşu ölkələrə gedəcəklər. Əlbəttə, adi bir əməliyyata 5 min manat verməkdənsə, bu əməliyyatın qonşu ölkədə 1000 manata olduğunu bilən xəstə təbii olaraq həmin ölkəyə yollanacaq.
Bu, il ərzində ölkədən ən azı 50 milyon dollar maliyyə vəsaitinin ölkədən xaricə axması, özəl tibb müəssisələrinə çalışan insanların işsiz qalması və ya az maaşla çalışması, ümumilikdə səhiyyə sferasının tənəzzülü deməkdir.
Son nəticədə özəl sektora tətbiq edilən “vergi şapalağı” umulan nəticələri verməyəcək. Sıradan çıxan, bağlanan müəssisələr dünənə qədər müəyyən həcmdə vergi ödəyirdilərsə, bu gün heç vergi ödəməyəcəklər və dövlət büdcəsi dolmayacaq.
Əlbəttə, ən dürüst çıxış yolunu iqtisadçılar, maliyyəçilər bilər və onlar hökumətin hansı addımlar atmasını deməlidirlər. Elə bir siyasət yeridilməlidir ki, nə şiş, nə də kabab yanmasın.
Bu vəziyyətdən minimal itki ilə çıxmağın ən etibarlı yolu neftin qiymətinin yenidən bahalaşması ola bilər, o da ki bizdən asılı deyil.

Bizə qoşulun