Medianews.az
ABŞ-ın iradəsi, Abışın güzəranı
480 baxış

ABŞ-ın iradəsi, Abışın güzəranı

samir sari kose 1 Neftin dünya bazarında ucuzlaşması bəlkə ABŞ-a təsir göstərməyib, amma qonşum Abış kişiyə təsir göstərib. Ağsaqqallın dolanışığı bir qədər zəifləyib. Bunun səbəbi heç də o deyil ki, qonşumun Tümen tərəflərdə yaşayan oğlunun ölkəyə, atasına göndərdiyi maliyyə vəsaitində azalma var. Bu amilin rolu elə də böyük deyil. Çünki ağsaqqal sinninin bu çağında onsuz da evdə oturmurdu, nəqliyyat qoçuları ilə mübarizə apara-apara, özü demişkən, “taksavatlıq” eləyirdi, oğlunun göndərdiyi pulu da xeyir-şərə xərcləyirdi. ABŞ-dan fərqli olaraq Abış kişinin rifahına dair statistik göstəricilərdə tənəzzül tempinin əsas səbəbi odur ki, ağsaqqalın dediyinə görə, son vaxtlar taksiyə minənlər azalıb - xüsusilə də 2015-ci il girəndən bəri. “Minmirlər, - ağsaqqal gileylənir, - fikirlərindən keçir ki, minsinlər, rahat getsinlər, amma ciblərindəki pul yadlarına düşür, minmirlər, gedib avtobusa minirlər. Əvvəllər belə deyildi. Bir az basırıq olanda gəlib otururdular taksiyə. İndi qənaət edirlər. Şəhərin içində işləyəndə isə bəziləri əvvəllər 5 manat verdikləri yola indi 4 manat, hətta 3 manat vermək istəyirlər”. Ağsaqqal əmindir ki, bunun hamısının günahı Amerikadadır. Bu xüsusda onun qənaətləri ilə dünya iqtisadçılarının mülahizələri yüzdə doxsan üst-üstə düşür. Qonşum da fikirləşir ki, Amerika neftin qiymətini Rusiyaya görə ucuzlaşdırıb, istəyir ki, onu çökdürsün. “Amma mən Urusetdə işləmişəm, - ağsaqqal təmiz Azərbaycan dilində rus milli mentalitetinin bilicisi kimi rəy bildirir, - onları ne day boq, draznit eləyəsən, srazı mazqiləri çönür, hamıya protiv gedirlər. İnteresni upryamnı millətdilər”. Əlbəttə, bu cür dərin, anlaşıqlı və səhih analizdən sonra durub kişinin sözünün üstündən söz demək olmaz. Gərək razılaşasan və zövqünə uyğundrsa, Obamanın dalınca da alıb-verəsən. Əslində, bu düşüncədə olan təkcə Abış kişi deyil, onunla həmyaşıd olan sovet adamlarının çoxu hesab edir ki, rus nə edirsə, düz edir, Amerika isə həmişə, onlar kimi jarqonla desək, nepravdır. Belədir, ya belə deyil, bunu dəqiq bilmək üçün xeyli kitab-qəzet oxumaq lazımdır, amma əsas odur ki, Abış kimi zəhmətkeş insanların dolanışığında zəifləmə müşahidə olunmaqdadır. İndilikdə bərbər Zöhrabın xüsusi bir giley-güzarı yoxdur, deyir, əvvəllər də uşaqların başını (15 yaşdan aşağı) 2 manata, böyüklərin saçını 3 manata qırxırdım, indi də elə qırxıram, qiymətdə artma, azalma yoxdur, amma bəzi başı keçəlləmiş müştərilər ayda bir dəfə baş qırxdırırdılarsa, indi ay yarımdan bir gəlirlər. Zöhrab bunu qlobal iqtisadi böhranla əlaqələndirmir, deyir, qış fəsli ilə bağlıdır. Yəqin ki, elədir. Başı 15 gün gec qırxdırmaqla nə qədər maliyyə vəsaitinə qənaət etmək olar ki? Hazırda xəbərlər gəlir ki, dövlət büdcəsindən maliyyələşən bəzi tikintilərdə fasilələr əmələ gəlib, vəsait çatışmazlığı varmış. Neftin qiyməti bir az qalxan kimi tikintilər bərpa ediləcək. Dövlət idarə və müəssisələrində çalışanlara verilən “paket maaş”ın kəsildiyini də deyirlər. Bu da neftin qiyməti ilə bağlı məsələdir. Güman ki, Abış kişinin taksisinə minməyən şəxslərdən biri məhz o “paket”i kəsiləndir. Demək ki, bu işin mexanizmi belədir - nazir büdcədən əvvəlki qədər pul götürə bilmir, idarə rəisi nazirdən əvvəlki qədər ala bilmir, şöbə müdiri də idarə rəisindən. Sıravi işçilər də şöbə müdirlərindən əvvəlki “paket”lərini ala bilməyəndə məcbur olur qənaət eləsin və edir, taksi xidmətindən, kababçıdan, bərbərdən kəsir, gündə bir qalstuk, köynək, ayaqqabı, kostyum almır, ticarətçiyə ziyan vurur. Beləcə, nə qədər etiraf etməsək də, dansaq da, kral Salmanın nefti ucuz satmasının onun ölkəmizdəki adaşlarının - salmanların, abışların, dadaşların, abdullaların güzəranına mənfi təsiri var. Belə görünür ki, gərək “upryamnı millət” dünyaya “protiv” getməsin, bir az yola gəlsin ki, milli sərvətimiz yaxşı qiymətə getsin, tikinti-quruculuq işləri davam etsin, camaat taksiyə-filana tez-tez minsin. Milyarderlərin, milyonçuların dərdini çəkmək bizlik deyil. Atalar deyib ki, kök arıqlayana qədər arığın canı çıxar. Bax, budur, Rusiyada milyarder Ələkbərov 1-2 milyard geri düşüb, vecinə deyil, amma qonşum Abış kişinin aylıq qazancı 50 manat azalıb deyə xeyli qəzəblidir, Obamanın dalınca danışır.

Bizə qoşulun