Medianews.az
“Gedək, görək, niyyətləri nədir?”
467 baxış

“Gedək, görək, niyyətləri nədir?”

xalid kazimli kose 1 Bu gün iqtidar-müxalifət dialoqunun ikinci raundu başlayıb. Həmişə olduğu kimi, yenə də siyasi partiyalar arasında mövqe haçalanması var. Bəzi partiyalar iqtidar-müxalifət görüşünü, dialoqunu qəbul etmir və ona qarşı tənqidi münasibətdədir. Bəzi qüvvələr isə dialoqu zəruri sayır, təqdir edir. Belə görünür ki, birincilər iqtidar-müxalifət görüşündə iştirak etməyəcəklər. İkincilər isə dialoqda iştirak edəcəklərini bildirir və əlavə edirlər ki, bu təşəbbüs onlardan, müxaliflərdən gəlib. “Həmişəki kimi, bu dialoqun heç bir səmərəsi olmayacaq, gözdən pərdə asmaq üçündür” - bu dialoq əleyhdarlarının qənaətidir. “Növbəti iqtidar-müxalifət görüşü tərəflər arasında münasibətlərin inkişafına müsbət təsir edəcək” - bu da tərəfdarların rəyidir. İndiyədək bir çox bənzər görüşlər olub, iqtidarı və müxalifəti təmsil edən siyasilər toplantı keçiriblər, növbə ilə çıxış ediblər, müzakirə aparıblar və dağılışıblar. Onların müzakirələri daha çox mübahisə səciyyəsi daşıyıb və mübarizə müstəvisində gedib. Tərəflər əsasən özlərinin haqlı olduğunda israr ediblər. İndiyəcən belə olub. Bütün bu müzakirələr, görüş və dialoqlar heç bir əsas məsələni həll etməyib. Seçkilər yenə əvvəlki kimi keçirilib, siyasi dustaqların sayı artıb və s. Dialoq əleyhdarları məhz bu təcrübədən çıxış edirlər və heç bir mənası olmayacaq dialoqda iştirak edib vaxt itirmək istəmirlər. Ancaq dialoq tərəfdarları da əmindirlər ki, bütün siyasi problemlər əvvəl-axır danışıqlar, dialoq yolu ilə həll olunmalıdır və bu baxımdan hər dialoq irəliyə doğru bir addımdır. Fəqət ölkənin 22 ildən bəri demokratiya və azad seçkilər istiqamətində irəliyə doğru atdığı addımların cəmi məsafəsi heç bir metr də deyil. Hətta müəyyən prizmadan baxanda geriləmədən danışmaq olar. Məsələn, 1990, 1995, 2000 və 2005-ci illərdə keçirilmiş parlament seçkilərinin nəticəsində Milli Məclisdə müxalifəti təmsil edən deputatlar vardısa, 2010-cu il seçkilərində “ənənəvi müxalifət” adlandırılan partiyalardan bir nəfər belə parlamentə buraxılmadı. “Buraxılmadı” feilinin yerində “seçilmədi”, “mandat qazana bilmədi” kimi ifadələr işlətmək də olar, amma özümüzü və oxucuları aldatmayaq, məhz “buraxılmadı”. İndi yenə seçki ilidir. Hər dəfə olduğu kimi, bu il də hər şeyin fərqli olacağına ümidlər var. Gümanlar, versiyalar, arzular da öz yerində. Təbii ki, mövcud rejim, YAP hakimiyyəti yenə də parlamentdə həlledici çoxluğu, mandatların tam əksəriyyətini götürmək niyyətindədir və bu niyyətini həyata keçirmək üçün qarşısında maneə görmür. YAP-ın önündə qaldığı seçim variantları bundan ibarətdir: mandatların hamısını götürmək və kiçik bir qismini müxalifətə güzəştə getmək. Acı reallıq belədir: əgər müxalifət qüvvələri dialoqa gəlməsələr, radikal xətt tutsalar, “destruktiv fəaliyyət” göstərsələr, onda onlara keçən dəfəki kimi bir mandat belə verilməyəcək. Yox, dialoq çağırışlarına müsbət cavab verilsə, o zaman hakimiyyət aparıcı siyasi partiyaların beş-altı mandatla ölkənin siyasi sisteminin içində olmasına razılaşacaq. Əslində ölkə daxilində siyasi atmosferin daima gərgin, çəkişməli bir vəziyyətdə qalması və davam etməsi hakimiyyətə də sərf etmir və bu, siyasi ehtirasların qızışdığı günlərin birində fəsad verə, böhran yarada bilər. Ancaq bu da faktdır ki, mövcud iqtidar özünü bu cür ekstremal durumlar üçün hazır hesab edir. Onda elə bir qənaət var ki, yarana biləcək böhranlı vəziyyətdən çıxmaq üçün əlində sınanmış resepti var. Ona görə də Əliyev iqtidarı durumu gərginləşdirməkdən çəkinmir. Psevdomüxalifətçilər üçün hansısa dialoqlarda iştirak etmək çətin deyil. Onların böyük siyasi umacağı yoxdur - ən uzağı bir mandat. Ancaq hakimiyyətə gəlmək istəyən ənənəvi müxalifət parlamentdəki yerlərin çoxunu götürməlidir. Ölkədə elə bir azad, şəffaf, qanuni seçki mühiti yoxdur ki, müxalifət bu məqsədini gerçəkləşdirsin. Hətta o mühit olsa belə, bu, o demək deyil ki, seçkidə uğura qarantiya var. Hələlik ölkədəki siyasi şərait belədir və dialoqdan başqa yol yoxdur. İqtidar müxalifətin məqsədini bilmək istəyir. Müxalifət də hakimiyyətin ağzını aramalıdır ki, görsün, onun fikri, niyyəti nədir.

Bizə qoşulun