Medianews.az
Konkret cavablar
427 baxış

Konkret cavablar

samir sari kose 1
Deyirlər, fransız diplomat Taleyran 200 il əvvəl deyib ki, dil siyasətçiyə əsl fikirlərini gizlətmək üçün verilib. Yəni siyasətçi və diplomat sözün düzünü deməmək üçün basıb-bağlamalıdır, ayrı məsələlərdən danışmalıdır ki, beynindəki əsl niyyəti bilinməsin.
Bu qızıldan qiymətli fikirləri Taleyranmı deyib, yoxsa başqa bir dələduz-yalançı-fırıldaqçı dilə gətirib, bilmirəm, amma fakt budur ki, dünyanın, demək olar ki, bütün siyasətçiləri, diplomatları, məmurları o üsuldan istifadə edirlər.
Bizimkilərin də bu məsələdə üzü ağdır. Təkcə son 25 ildə nə yalanlar eşitmişik, nə qədər mətləbdən yayınan, suala konkret cavab vermək əvəzinə ərşdən-gürşdən danışan sital, siyapur məmurlar görmüşük.
Bəzən onlar xirtdəyə qədər zibilin içinə düşürlər və jurnalist “boğazınıza çıxan, artıq ağzınıza dolmaqda olan zibilə necə düşmüsünüz, necə çıxacaqsınız” deyə soruşanda yüksək mənsəblu məmur deyir, xeyr, burada heç bir zibil yoxdur, biz dövlətçiliyimizə sadiqik, regionun ən inkişaf edən dövlətiyik, iqtisadi inkişaf templərinə görə... nəysə.
Məsələn, son 20 günün bir nömrəli qalmaqalı var, hamınız bilirsiniz, jurnalistlər hər gün o xüsusda yeddi xəbər yazırlar, əllərinə düşən əlaqədar adamlara suallar verirlər. Qəzetçilərdən biri də Penitensiar Xidmətin rəisi Mədət Quliyevə belə bir sual verib: “Son günlər məhkum Lamiyə Quliyeva hadisələrinin fonunda sizinlə bağlı mətbuatda tənqidi məlumatlar yayıldı. Öncə bu barədə fikirlərinizi bilmək istərdik. Tənqidləri qəbul edirsinizmi?”
Mədət müəllim qırx ilin poqon, kreslo görmüş adamı kimi, sizcə, bu suala necə cavab verməliydi? Məncə, o, səmimi cavab verməliydi və belə də edib: “Burada narahatedici bir məsələ görmürəm. Cəmiyyətimiz inkişaf edir. Möhtərəm prezidentimiz şərəflə və çox böyük bir məharətlə respublikanın sükanını saxlayır. Xalqımız irəli gedir. Yaşayış səviyyəmiz yüksəlir”.
Gördüyünüz kimi, çox konkret cavabdır. Rəis tənqidləri qəbul edir, bildirir ki, demokratik cəmiyyətdə yaşayırıqsa, hamı öz fikrini bildirməlidir və burada narahatedici məsələ yoxdur. Eyni zamanda ölkənin sükanı da məharətlə qorunub saxlanmaqdadır, xalqımız da, Allaha şükür, irəli gedir, yaşayış səviyyəmiz isə, istəməyənlər kor olsun, yüksəlir.
Diplomatik cavab belə olar. Onun yerində kim olsaydı, deyərdi: “Vallah, bu problemlər məndən əvvəlki rəisin vaxtından qalıb, mənim günahım yoxdur”. Hətta onun yerində daha qeyri-səmimi, bir az həyasız bir şəxs rəis olsaydı, deyərdi, dünyanın bütün ölkələrində məhbəslərdə gözəgəlimli xanımlar hamilə qalırlar, sağ-salamat doğurlar da, təbii işdir.
Ancaq Mədət müəllim elə-belə general deyil, milli qəhrəmandır, sözünün çəkisini, yerini bilir, ona görə deyir ki, yaşayış səviyyəmiz yüksəlir, ölkənin sükanı da etibarlı əllərdədir.
Başqa bir xəbərə və ona reaksiyaya baxaq. Srağagün axşam qəfildən xəbər yayıldı ki, Naxçıvanın hökmdarı Vasif  Talıbov gözlənilmədən naxoşlayıb və onu təcili şəkildə Bakıya gətiriblər. Xəbərin dezinformasiya olduğu elə öz içindəydi. Çünki Talıbov xəstələnsəydi, onu Bakıya gətirməzdilər, ya kəsədən İrana keçirərdilər, ya da Sədərəkdən Türkiyəyə aparardılar. Hansısa məmurun xəstələnərkən Bakıya gətirilməsi, yaxud da Bakıda saxlanması harda görünüb? Mütləq xaricə getməlidirlər.
İndi görək Naxçıvanın Bakıdakı nümayəndəliyinin rəsmisi yayılan dezinformasiyaya necə reaksiya verib. Adam xəbərin şayiə olduğunu bildirb, təkzib edib, ardınca da bu cür deyib:
“Mən bu tipli təxribatlara əl atanlara bildirmək istəyirəm ki, Naxçıvan Azərbaycanda xüsusi çəkiyə malikdir və daima inkişaf edir. Bunun bariz nümunəsini görmək istəyənlər istənilən zaman Naxçıvana gedə bilərlər”.
Kənardan baxan deyə bilər ki, şayiələrə cavab olaraq, “xeyr Talıbov xəstələnməyib” demək kifayət idi, muxtar respublikanın xüsusi çəkisindən, daimi inkişafından, xüsusilə də bu tərəqqinin bariz nümunəsindən danışmağın yeri yoxdur.
Xeyr, siz bilmirsiniz, bu cür lazımdır, təxribata əl atanlar bilməlidirlər ki, muxtar respublikanın sükanı da etibarlı əllərdədir və NMR  də inkişaf edir, maşallah, bariz nümunələri də var.
Taleyran sağ olsaydı, dilin funksiyaları haqqında kəlamını daha da genişləndirərdi.

Bizə qoşulun