Medianews.az
21-ci əsrin ibtidai vəhşiliyi
458 baxış

21-ci əsrin ibtidai vəhşiliyi

xalid kazimli kose 1İnternet resurslarında bir videokadr dolaşır: ov köpəyi balıqçıların tutub sudan çıxardığı və daşların üstündə parpılayan balıqların üstünə diliylə su çiləyir ki, ölməsinlər.
Bu, Allahın dilsiz-ağızsız iti, şüursuz məxluq anlayır ki, susuz qalan balıqlar öləcək. Bu vəfalı heyvan öz məhdud ağlıyla, rəhmli ürəyi ilə istəmir ki, balıqların həyatı bitsin.
Bəs şüurlu insan nə edir? Bu dünyanın üzərində tərpənən nə varsa, insan onu parçalayır, dağıdır, kəsir, soyur, yeyir. Hər şeyə yem gözü ilə baxır. Və hamı bunu normal sayır. Belə olmalıymış.
Yaxşı, olsun. “Yer üzünün əşrəfi” olan, ancaq əksəriyyət etibarilə xislətindəki ibtidai vəhşiliyini qoruyub saxlayan insanların artıb-çoxalması, yaxın illərdə 10 milyarda çatması üçün gözünə görünən hər şeyi parçalayıb yeməsi təbiidir, siqlətindədir. Belə qəbul edək.
Bəs insanın bir-birini qırmasının adı nədir? Yaşayış uğrunda mübarizəmi? İnsanlardan və yaşıl çəyirtkələrdən (şala) başqa yer üzündə yaşayan yüz min növ məxluqdan heç biri yaşayış uğrunda mübarizəni hannibalizm (bir-birini yemək) vərdişi ilə aparmır.
Söz yox, morjlar da boğuşur, canavarlar da qapışır, təkələr də buynuzlaşır, amma onların heç biri öz həmnövünü məqsədli və kütləvi şəkildə qırıb-çatmır. Onların davası sürüdə nüfuz və ya dişiyə sahib olmağa görədir və qalib məğlubu öldürmür.
İnsan isə öz həmnövünü amansızlıqla, kütləvi şəkildə öldürür. İndiyədək dünyada yaşayıb getmiş 100 milyarda yaxın insanın yarıdan çox məhz müharibələrdə öldürülüb, öz əcəlləri ilə ölməyib.
Bir də var işgəncə ilə öldürmək. Bunu da insan edir. İşgəncənin daha ağır, ölümün daha iztirablı olması üçün min illərin o yanından bəri cürbəcür üsullar fikirləşən insan oğlu bu sahədə yaradıcılığını davam etdirir.
Bəşər tarixi çox əzablı edamlar görüb - dəri soymaqdan, dustağı qiymə-qiymə doğramaqdan nizəyə keçirməyə, tonqalda yandırmağa, çarmıxa çəkməyə, belinə qaynar samovar bağlamağa, başını gilyotinlə kəsməyə, asmağa, daşqalaq etməyə, qayadan atmağa qədər.
Çingiz xanın züryətləri Ukrayna knyazlarını yerə uzadıb üstlərinə taxtalar döşəyiblər, döşəmənin üstündə gecə-gündüz yeyib-içiblər - ağırlıq altında can verən knyazların bağırtısına qulaq asa-asa.
Əmir Teymur insan kəllələrindən qüllələr düzəldib. Şah Qacar Kirmanda uşaq-böyük demədən minlərlə adamın gözünü kor edib ulada-ulada çöllərə buraxıb. Hitler milyonlarla insanı qazda boğub. Stalin milyonları Sibirdə dondurub. Səddam düşmənlərini sulfat turşusunda əridib, şirlərə yedirdib və sair və ilaxır.
İndi də İŞİD videokameralar önündə baş kəsir, adam yandırır. Baxırsan ki, burada məqsəd təkcə insanları (həm də günahsız adamları) öldürmək deyil, həm də bunu dünyaya göstərmək və baxanları qorxutmaqdır, qorxudub tabe etdirmək, köləyə çevirməkdir.
İŞİD terrorçu təşkilatdır, beynəlxalq konvensiyaları, birlikləri tanımır, hər cür qəddarlıqlar törətməkdə sərbəstdir. Ancaq özünü İŞİD kimi aparan dövlətlər də var. Onlar da insanları qəddarcasına öldürürlər.
Məsələn, İordaniya İŞİD-in acığına təşkilatın istədiyi Sacidəni edam edib - başı kəsilən yaponlardan qisas almaq naminə.
Sacidənin törətdiyi terror aktının qurbanlarından biri isə rejissor Mustafa Akad idi. M.Akad dünyaya “Çağırış” adlı filmi ilə səs almışdı. Həmin filmdə o, İslamı müdafiə edir, onun sülh dini olduğunu qabardırdı. Taleyin ironiyasına baxın ki, ən böyük islam təəssübkeşi məhz islam dövləti qurmaq istəyənlərin teraktının qurbanı oldu.
Daha bir paradoksal hadisə yapon jurnalist Kenji Qotonun başına gəldi. Onu hələ dörd il öncə “ərəb qardaşlarım” adlandırdığı insanlar qətlə yetirdi - tam məsum olduğu halda. Kenji dövlətlərarası danışıqların alınmamasının, fantastik xərac tələbinin, siyasi təkəbbürün güdazına getdi.
Bir sözlə, 21-ci əsrin bu vədəsində insan topluluqları arasında didişmə, vuruşma, savaş, boğuşma 2-5 min il əvvəlki kimi, eyni vəhşilik və amansızlıqla davam edir. İndiyədək çox sivilizasiyalar, etnoslar bu vəhşiliyə qurban gedərək yox olublar.
Bir millətin öz başının salamatlığını qoruması güclü, ağıllı, uzaqgörən, tədbirli olmasından keçir.

Bizə qoşulun