Deyirdilər böhran olmayacaq. Kaş ki, deyilənlər doğru olaydı. Di gəl, 2015 gəlməmiş böhranın ayaq səsləri eşidilməyə başladı. Hələ aylar öncə iqtisadçılar hesablamışdı ki, xam neftin hər barelinin dünya bazar qiyməti 83 dollaradək ucuzlaşanda Azərbaycan gündə 10 milyon dollar, ayda 300 milyon dollar, ildə 3,6 milyard dollar vəsait itirir. İndi neft 60-70 dollar arasında var-gəl edir, görün itkilərimiz hara qalxıb.
Başqa bir hesablamalara görə, bu gedişlə ölkəmiz gələn il azı 4-5 milyard itki ilə başa vura bilər. Yəni illik büdcənin təqribən beşdə birini, Ermənistanın dövlət büdcəsi qədər vəsiiti!
Bir yandan da Rusiyada yaşananlar Azərbaycana ciddi təsir etməkdədir. Bir bankın nümunəsində bunu aydın görmək mümkündür. Budur, 2014-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla Rusiya arasında Azərbaycan Beynəlxalq Bankının (ABB) Moskva filialının “IBA-Express” hesablaşma sistemi vasitəsilə həyata keçirilən pul köçürmələrinin həcmi 22,1 milyon dollar olub. Yəni 17 min ədəd köçürmə. Hansı ki, 2013-cü ildə 55 milyon dollar (37 min köçürmə), 2012-ci ildə 71 milyon dollar (48 min köçürmə) olmuşdu. Hazırkı nəticə ən yaxşı halda 2003-cü il səviyyəsindədir. 11 il əvvəl həmvətənlərimiz Rusiyadan bu bank vasitəsilə Azərbaycana 21 milyon dollar pul göndərmişdilər: 17 min dəfə. Demək daha çox işsizlikdən “başını götürüb” Rusiyaya səpələnən, əsasən də kişilərdən ibarət olan ordumuz Rusiyadakı böhran səbəbindən burdakı doğmalarına da əl uzada bilmir.
Azərbaycanın özündə az qala bütün sahələrdə ixtisarlar gedir. Ötən həftə "Azərneftyağ" neft emalı zavodunun fəaliyyətinə xitam verildi və zavod Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (BNEZ) birləşdirildi. Əlavə xərclər tələb olunduğundan.
Neft Şirkətində, “Azəriqaz”da da ixtisarlar davam edir. Hətta neft-qaz sənayesində çalışanların ixtisar təhlükəsi səbəbindən bələdiyyə seçkilərində iştiraka kütləvi maraq göstərmələri də faktdır. Yəni ölü qurum da olsa, heç olmasa bekar qalmamaq üçün variantlardan biri sayılr.
2015-ci ilin yanvarında iri neft şirkətləri də ixtisarlara gedəcək. Rəsmi məlumata görə, Statoil Azerbaijan əməkdaşların 50%-ni ixtisar edəcək. (Trend) Həm yerli, həm də əcnəbilərin ixtisarı gözlənilir. Bu yandan da BP-Azerbaijan elan edib ki, 1 yanvar 2015-ci ildən işçilərini azaldacaq. Bütün bunlar qlobal böhranın təsirləridir. Hətta dünyanın neft nəhəngləri məcburi ixtisarlara gedir...
Azərbaycan odla su arasında qalıb. Bakı ilə “dost” olduğunu deyən Moskva 2015-ci il yanvarın 1-dən “karantin” altında istər təzə, istərsə də quru meyvə və tərəvəz, göyərti, quru ot, çay, çərəzin Rusiyaya idxalına qadağa qoyub. Ola bilsin həm də Azərbaycanı Gömrük İttifaqına qoşmaq üçün təzyiqdir. Rusiyaya həm də Ermənistana quru yol lazımdır axı. Rusiya bazarları Azərbaycan vətəndaşı üçün önəmli məsələdir. Bəlkə Moskva bu yolla kasıb vətəndaşı hakimiyyətə qarşı qaldırmaq niyyətindədir..?
Elə bu ilin avqustunda Rusiya Avropadan kənd təsərrüfatı məhsullarının idxalını qadağan etmişdi. Onda Rusiya rəsmisi Yuliya Trofimova demişdi ki, ölkəsində Azərbaycan mallarına tələbat artıb. Bu da “artan” tələbat: Yanvarın 1-dən Ordubadın ərik qurusunun, Qubanın ağ almasının da Moskvaya yolu qapadılır. Yayda Rusiyadan Bakıya gələn rəsmilərlə azərbaycanlı həmkarları arasında xeyli müqavilə imzalanmışdı, hətta onların bir qismini Milli Məclis son günlərdə, elə Moskvanın qadağa qərarı verdiyi günlərdə ratifikasiya etmişdi. Demək lazım olmadı daha.
2013-cü ilin statistikası çox şeyi deyir: Azərbaycandan, ümumilikdə, 830 min ton meyvə və 1 milyon 220 min ton tərəvəz ixrac olunub. Ötən il Rusiyaya ixrac etdiyi meyvə və tərəvəzdən isə Azərbaycan 200 milyon dollara yaxın gəlir əldə edib. Deməli, bu gəlirdən də məhrum olacağıq.
Bizi 2015-də kifayət qədər gərgin il gözləyir. Hələ mən bir neçə nümunədən bəhs etdim. Buraya siyasi hadisələri, Azərbaycan-Qərb kəskinləşən münasibətlərini də əlavə edəndə acı mənzərə yaranır. Rusiyanı diz üstə çökdürmək istəyində qəti olan ABŞ və Avropa bu gün Azərbaycanı şimal ayısının pəncələri arasında qopartmağa maraqlı da görünmür. Üstəlik, Azərbaycanda cərəyan edən siyasi proseslər də bizim faydamıza deyil, Rusiyanın ürəyincədir. Kəsəsi, rus ayısı qış yuxusuna gedənə oxşamır, həm qəzəblidir, həm də “Yeni SSRİ” planını gerçəkləşdirməkdə israrlıdır. Ordubad əriyi ilə qurtarsaydıq nə vardı ki. Çətin olacaq...
