Medianews.az
Böyük oyunun qurbanları
454 baxış

Böyük oyunun qurbanları

xalid kazimli kose 1 Bəzən adam neytral olmaq istəyir. Bir çox məsələləri, incə detalları nəzərə alırsan və görürsən ki, iki çəkişən qüvvənin heç birinin səfində dura bilmirsən. Ancaq imkan vermirlər, adamı seçim qarşısında qoyurlar: “Söz azadlığının, insan haqlarının təhlükədə olduğu vaxtda neytral olmaq xəyanətdir”. Hələ cümləni bəzən başqa fellərlə də bitirirlər: “...şərəfsizlikdir”, “...alçaqlıqdır”, “...həyasızlıqdır” və s. Burası yəqindir: yıxılana balta çalmazlar, həbs olunanı müdafiə edərlər, dara düşənə kömək olarlar və sair və ilaxır. Bu, xüsusilə, həm də əslində istisnasız olaraq siyasi motivlərlə həbs olunanlara aiddir. İki köməksiz təqaüdçünü 60 manata görə bıçaqlayıb öldürən canini müdafiə edəcək halımız yoxdur. Bu da bəlli faktdır ki, ölkədə siyasi motivlərlə həbs olunan xeyli adam var. Onların bir çoxu sırf bəhanələrlə həbs olunub. Yadigar Sadıqovu siyasi fəaliyyətinə görə tutublar, amma üstünə “Qarabağ əlilini döymək” suçu yükləyiblər. İsmayıllı iğtişaşlarında təhrikçilik etmək ittihamı bəhanədir, Tofiq Yaqublunu barışmaz müxalifliyinə görə tutublar. İlqar Məmmədovu isə ölkə parlamenti barədə dediyi sözə görə həbs ediblər, “İsmayıllı işi” bəhanədir. O biri həbs edilənlər də eləcə. Hər birinin həbsinin bir səbəbi və bu səbəblə bağlı olmayan bəhanəsi var. Jurnalist Xədicə İsmayılın həbsi də o xanədəndir. “Tural Mustafayevi intihar həddinə çatdırma” ittihamı bəhanədir. Jurnalistin həbsinin səbəbi kimi apardığı araşdırmalar göstərilir. Böyük ehtimalla elədir. İndi YAP sözçüləri də bir-birinin ardınca X.İsmayılın konkret şəxsin konkret ifadəsi əsasında saxlanıldığını deyirlər. Amma onlar da bilir ki, bu, əsas səbəb başqadır. X.İsmayılın ilk sensasion araşdırması (yeri gəlmişkən, onları bir sıra qəzetlər də çap edib - o cümlədən müəllifin “Səs” qəzetindən fərqləndirmədiyi “Yeni Müsavat” da) iki-üç il öncə dərc olunub. Belə çıxır ki, jurnalistin həbsinə hazırlıq o vaxtdan gedirmiş. Bu həbsin bu qədər gecikməsinin müxtəlif səbəbləri ola bilər. Ancaq hiss olunur ki, QHT rəhbərlərini, hüquq müdafiəçilərini əhatə edəcək həbs dalğası barədə qərar ötən ilin sonunda, bu ilin əvvəllərində qəbul edilib. Rauf Mirqədirov, Leyla və Arif Yunuslar, Anar Məmmədli, Baxış Süleymanlı, Rəsul Cəfərov və başqaları bu dalğanın qurbanlarıdır. Mətanət Əzizova və Emin Hüseynov canlarını birtəhər qurtarmasalar, onlar da bu gün adları çəkilənlərin yanında olacaqdılar. Mövcud rejim yeni mərhələdə məhz bu sektoru özünə təhlükə kimi görür, ya onların beynəlxalq miqyasda zərərli iş apardıqlarına əmindir, ya da müxalif qüvvələrə maliyyə donorları tapmalarından şübhələnir. İkisi də ola bilər. Bütün bu həbslər isə birmənalı olaraq Qərbə dirəniş göstərmək, xüsusilə də Amerikaya diş qıcamaqdır. Xədicə İsmayılın həbsi həmin zəncirin hələlik son həlqəsidir. Maraqlıdır hakimiyyət niyə indiyə qədər səbr etdi və X.İsmayılın bu müddət ərzində bir neçə qalmaqallı hadisələrdə iştirakına, fəallıq göstərməsinə dözdü? Dekabrın 5-də icra edilən həbs qərarı isə heç kəsə təəccüblü görünmədi. Torba tam hazır idi. Orası da aydındır ki, bir jurnalistin köməksiz-yardımsız bu kimi sensasion araşdırmalar aparması mümkünsüzdür. Bilən adamların dediyinə görə, offşor zonalardan məxfi informasiyaların sızıntısını yalnız ABŞ-ın MKİ-si, İsrailin “Mossad”ı, Britaniyanın “Mİ-6"-sı təşkil edə bilər. İlk dəfə “Azadlıq” radiosunun saytında yer alan həmin materialların sırf kəşfiyyat məlumatlarından ibarət olduğu (prinsipcə, məşhur “Vikiliks” saytının açıqladığı materiallar kimi) şübhə doğurmurdu və adı çəkilən radionun ABŞ Dövlət Departamentindən maliyyələşən media orqanı olduğunu nəzərə alanda bu məlumatların jurnalistin əlinə necə düşdüyünü təxmin etmək çətin deyildi. Hərçənd bir az da dərin təhlil edilsə həmin sensasion araşdırmaların ABŞ dövlətinə nəyə görə lazım olduğunu, onunla İlham Əliyevi nəyə vadar etmək istədiklərini də təxmin etmək olar. Beləliklə, ortada olan odur ki, daha bir jurnalist sırf peşə fəaliyyətinə görə həbs olunub, tural-mural, eləcə də əxlaq-moral bəhanədir. Bir də ortada mövcud rejimin jurnalistin yolverilməz saydığı hərəkətini öz adıyla sənədləşdirməyə cəsarət etməməsi faktı var. Vaşinqton və Bakı arasında gedən kəşfiyyat-şantaj-mənafe oyununun qurbanı isə ictimai-siyasi fəallardır.

Bizə qoşulun