Medianews.az
Vurhavur və neftin qiyməti
514 baxış

Vurhavur və neftin qiyməti

samir sari kose 1
Başımız qarışıb “Vur, komandir, vur” başlıqlı yazılar yazmağa, dünyada qlobal proseslər gedir. Artıq əli qələm, klaviatura tutan, təbi, həvəsi, vaxtı olan yazı-pozu adamları az qala hərəyə bir “vur, komandir, vur” başlıqlı yazı yazmışıq. Düzdür, bəzən həmin yazıların başlığı sırf təsadüf üzündən başqa cürdür, amma hamısının məzmunu eynidir: “vur, komandir, vur”.
Prinsipcə, mən düşmənin canlı qüvvəsinin və cansız texnikasının vurulmasının əleyhinə deyiləm, hətta tərəfdarıyam ki, daima bizi öldürmək, yurdumuzu yağmalamaq istəyən başıxarab, beynipozuq düşmən yerindəcə vurulmalıdır, heç mıqq da edə bilməməlidir.
Amma ellikcə “vur, vur” deyə bu məsələyə baş vurmağın da yeri yoxdur. Vuran vurub, xidmətini edib, mükafatını alıb, məsələ bitib. Biz də uzun illərdən sonra rəqib qapısına qol vurmağın ləzzətini, coşqusunu yaşamışıq və təkrar-təkrar yaşayırıq. Yaxşı ki, düşmən helikopterinin vurulması anı videoyazıya alınıb, arada yenidən baxırıq. Futbolda da belədir: vurulan qolların təkrarına baxmaq ləzzət edir.
İntəhası, başımızın vurhavura qarışdığı vaxt neftimizin qiyməti dünya bazarında 80 dollardan aşağı düşüb. Yəni bu xüsusda verilən bədbin proqnozlar doğrulub. Dərindən düşünəndə bu xəbər qanımızın qaralmasına səbəb olmalıdır, amma hələlik dərindən düşünmürük.
Əvvəlcə Teksas (ABŞ ştatının adını acığa əsl variantında yazıram, belə olmalıdır) neftinin qiyməti düşmüşdü, ardınca xəbər gəldi ki, bəs Azərbaycan neftinin də qiyməti 80 dollardan aşağı düşüb. Neçə vaxtdır, deyirdilər, neftin qiyməti bir az da düşəcək. Budur düşüb, iqtisadçılar demişkən, psixoloji həddən də aşağı enib.
Bu o deməkdir ki, ölkəmizə gələn yaşıl pullar azalacaq. Pul da elə şeydir ki, o az olanda yaxşı silahlar almaq olmur. Yaxşı silahlar olmayanda göydə quşu gözündən, helikopteri gövdəsindən vurmaq ehtimalı azalır. Belə olanda erməni pilot hava maşınına minib səngərimizin üstündə o tərəf-bu tərəfə uçur, lotuluq edir, sonra qayıdıb öz bazasına gedəndə xidmət yoldaşlarına deyir: “Ara, sən öl, türklər helikopterin səsini eşidib qorxularından səngərə tülkü kimi girmişdilər”.
Amma neftdən gələn pullar çox olanda adam yaxşı silahlar alır, “yer-hava”, “İqla” kimi silahlar tədarük edir və erməni pilot bazasına qayıdıb yekə-yekə danışa bilmir, uzağı iki helikopterdən biri qayıdır, o da yerə qonan kimi “ay astvas, dəhşət” deyib bayılır.
Adamın pulu az olanda nəinki səngərdə “vur, komandir, vur” demək olmur, heç stadionda futbolçuya da “vur” deyə bilmirsən. Qayıdıb adam deyirlər, nəynən vurum, necə vurum.
İndi deyirlər ki, Rusiyanın bahalı neftdən gələn pulu artıq düşüb deyə, “vur-vurum” eləyir, gah Gürcüstana, gah Ukraynaya cumur. Düz deyirlər, neft dollarları çox olmasa rus hərbi maşını qonşu dövlətlərə girməzdi, hünəri çatmazdı, Malayziya təyyarəsini göydə vurub salmazdı (Yeri gəlmişkən, o təyyarəni “vur, komandir, vur” tövsiyəsindən sonra vurmuşdular, amma o sərnişin təyyarəsiydi, hərbi helikopter deyildi).
Onu da deyirlər ki, böyük dövlətlər neftin qiymətini ona görə qəsdən, süni şəkildə endirirlər ki, Rusiyanın pul azalsın, aqressiv olmasın.
Bu fikir çox geniş yayılıb. Hətta bizim məhəllənin politoloq-taksiçilərinin şərhi bundan ibarətdir ki, Qərb Rusiyanı boğmaq üçün neftin qiymətini aşağı salır. Onlar bu informasiyanı hardan alır, bu qənaətə necə gəlirlər, bilmirəm, amma bu xüsusda onlar politoloq Vəfa Quluzadə qədər bilirlər və onun qədər danışırlar.
Taksiçi-politoloqlar  ermənilərin hərbi helikoperinin vurulmasına görə də çox əndişəlidirlər, deyirlər, dünya birliyi bu cür hərəkətləri alqışlamır, üstəlik, ermənilər də atəşkəsi pozacaqlar, yenə təmas xəttində qırğın olacaq.
Hər halda əsas odur ki, neft daha da ucuzlaşmasın, əlimiz aşağı düşməsin. Gördüyünüz kimi, dünyada ermənilərin dayısı, havadarı çoxdur, bizim də güman yerimiz bircə bu neftdir.

Bizə qoşulun