Medianews.az
Əl-Bağdadi - bəxti kor xəlifə
489 baxış

Əl-Bağdadi - bəxti kor xəlifə

xalid kazimli kose 1
Əbubəkir əl-Bağdadi vaqiəsi heç nədir, bin Ladenin hələ də sağ olduğuna inananlar var. Çe Gevaranın əslində ölmədiyini, əsir götürüldüyünü düşünənlər də olub. Səddam Hüseynin yerinə onun oxşarının asıldığını iddia edən və cidd-cəhdlə camaatı buna inandırmağa çalışanlar da vardı.
Hitlerin intihar etmədiyini yazanlar, Argentinaya qaçaraq günümüzə qədər yaşadığını iddia edən cildlərlə kitablar, yüzlərlə məqalə var.
Belə hadisələr çoxdur. Bir zamanlar adı əfsanələşmiş şəxslərin qəfil ölümü, qətli heç vaxt birmənalı şəkildə, qəti tibbi fakt kimi qarşılanmır. Ortalığa nə qədər sənəd, fotoşəkil tökülür tökülsün, çoxları onu qəbul etmir və əfsanələr yaradırlar: “sağdır”, “ölməyib”, “gün gələcək, ortaya çıxacaq”.
Amma o gün heç vaxt gəlmir. Hitler üzə çıxmadı, ömrünün son günlərində belə ortaya çıxıb, “bu mənəm, bəşəriyyətə qan udduran Hitlerəm, əslində ölməmişdim, indi ölürəm” demədi.
İki min ildən bəri İsa peyğəmbərin ölmədiyinə, göyə çəkildiyinə inananların dünyasında bunlar adi şeylərdir.
İndi də bənzər durum Yaxın Şərqi qan gölünə çevirərək, minlərlə günahsız insanların ölümünə bais olan və dünyanın İraq-Şam İslam Dövləti kimi tanıdığı terror şəbəkəsinin lideri Əbubəkir əl-Bağdadinin ətrafında yaranıb.
Neçə vaxtdır ki, onun öldürüldüyünə dair informasiyalar yayılır, amma rəsmi çəkildə təsdiqlənmirdi. Hələ bir neçə ay əvvəl əl-Bağdadinin bombardman zamanı həlak olduğu bildirilirdi. Sonradan məlum oldu ki, həmin informasiyalar dəqiq deyil.
İndi yenə də bənzər məlumatlar yayılıb. Ancaq bu dəfə ortalıqda şəkillər var və rəsmi şəxslər doğrudan da belə bir hadisənin baş verdiyini təsdiqləyirlər.
Bununla belə, bu da hələ tam həqiqət sayılmır. Çünki insanlarda belə bir qənaət var ki, əl-Bağdadi kimi şəxslər əlçatmazdırlar, onlar adi döyüşçülər kimi asan hədəfə gələ biləcək yerlərdə olmurlar, mütləq yeraltı bunkerdədirlər, təhlükəsizlkdədirlər və bütün əməliyyatları oradan idarə edirlər.
Yadınızdadırsa, bin Laden barədə də elə deyirdilər. Hamı onun Tora-Bora dağlarındakı əlçatmaz bunkerə sığındığını güman edirdi. Bin Laden isə Pakistanda bir əyalət şəhərində asudə ömür sürürmüş və yeri müəyyən olunduğu təqdirdə məhv edilməsi bir neçə saatlıq əməliyyatın işi imiş.
Bu baxımdan əl-Bağdadinin fiziki məhvi çox da ağlasığmaz hadisə kimi görünməməlidir. Müasir izləyici texnoloji vasitələrlə, hədəfi yüzdəyüz dəqiqliklə vuran silahlarla baş etmək, onların fokusundan çıxmaq çox çətindir.
İndiyədək yüzlərlə terrorçu məhz hədəfi dəqiq vuran silahlardan açılan atəşin qurbanı olub.
Şəkilləri yayılan meyitin əl-Bağdadiyə nə dərəcədə oxşar olub-olmaması faktı mübahisə predmeti olmaqdaykən,  ABŞ və digər qüdrətli ölkələrin hərbi-siyasi rəhbərləri artıq İŞİD lideri barədə keçmiş zamanda danışırlar.
Bununla belə, həmin dairələr İŞİD-in məsələsinin bitmədiyini, təşkilatın rəhbər heyətinin yenidən formalaşdırılacağını, hələ bir müddət də müqavimət göstərəcəyini bildirirlər.
Bin Laden öldürüləndən sonra da belə olmuş, “əl-Qaidə” başçısız qalmamışdı. Ancaq Ayman əz-Zəvahiri heç cür əfsanəvi bin Ladeni əvəz edə bilmədi və dünyanın ən qorxunc terror təşkilatı zəifləyərək yerini və təşəbbüsü İŞİD kimi həm dövlət, həm də hərəkat olan bir qruplaşmaya verdi.
Əl-Bağdadi öldürülübsə, İŞİD-in perspektivi bir qədər fərqli olacaq. Çünki İŞİD bir şəxsiyyət ətrafında formalaşmış təşkilat deyil, “Vahid İslam xilafəti” yaratmaq kimi utopik və anti-bəşəri ideyanın ətrafında formalaşmış və olduqca mütəşəkkil bir hərəkatdır. Yeni “xəlifə” kim olacaqsa, döyüşçülər ona biət edəcək, onun əmrlərini dinləyəcək, öz ideyaları naminə ölümə gedəcəklər.
Bir həqiqət dərk edilməlidir ki, bir neçə yüz ilin oturuşmuş dövlətləri ilə çiling-ağac oynayıb da uğur qazanmaq mümkün deyil. Yaxın Şərqdə əmələ gələn terrorçu təşkilatlar da, onların əl-Bağdadi və başqa liderləri də çox qısa müddətdə məhv ediləcəklər. Onlardan geriyə isə qətlə yetirdikləri on minlərlə insanın nəşi, yüz minlərlə parçalanmış, dağılmış, əsir-yesir olmuş ailələr qalacaq.

Bizə qoşulun