Medianews.az
Göyçayda Nar bayramı, Vəngdə qoduq cıdırı
610 baxış

Göyçayda Nar bayramı, Vəngdə qoduq cıdırı

samir sari kose 1
Gərək ki, 6-7 il əvvəl yazıçı-publisist Nərmin Kamal yazmışdı ki, İspaniyada 500-dən artıq bayram var və bunlar istər ölkə, istər bölgə səviyyəsində keçirilir. Belə çıxırdı ki, matadorlar ölkəsində hər gün bayramdır, hətta çox vaxt bir günə iki bayram düşür.
Bu yerdə bizim oxucu dərhal folklora əl atacaq və ilk reaksiyası belə olacaq: “Dəliyə hər gün bayramdır”. Sonra mentalitet, milli dəyərlər keşikçiləri deyəcəklər ki, eh, onlara nə var, arsız adamlardır, bütün günü çalıb-oynayır, atdanıb-düşürlər, elə yüngüllük bizə yaraşmaz.
Bu cür başqa ölkələr də var. Məsələn, nə vaxt baxırsan, Braziliyada karnavaldır, yüz minlərlə insan küçələrə tökülüb dingildəyir, oxuyur, deyir, gülür, şoular göstərirlər.
Bu o demək deyil ki, onların sosial problemləri yoxdur. Xeyr, var, amma onlar müxtəlif sosial problemlərə görə qanlarını çox da qaraltmır, keflərindən qalmırlar.
Biz, əlbəttə fərqli camaatıq, ciddi, ağırtaxtalı xalqıq, yüngülməcaz, fıştırığa oynayan deyilik. Ona qalsa, bizdə də bayram çoxdur, amma bizdə əsasən qara bayramlardır. İşğal olunmuş rayonlarımızın işğal günlərinin hər biri bizim üçün ağlaşma günləridir. Hələ bunun qətliam, vertolyot qəzası, metro terroru günləri də var. Biz o dərdləri hər il çəkirik, kütləvi şəkildə oturub ağlaşmasaq da, özümüzü ağlamsınmış, təsirlənmiş kimi göstəririk.
Bizim ispanlardan əsas fərqimiz odur ki, onlara korridada öküz hərləyəndə, qırmızı parça ilə yayındırıb boynundan xəncərləyəndə biz xəncər, zəncir zərbəsini öz belimizə, başımıza yetiririk.  Onlar qızmış öküzlərin qabağınca küçələrdə bir az da böyüzm olmuş halda, amma gülə-gülə qaçanda, burda bizim gözümüzün yaşı üzümüzdən bıldır-bıldır axır.
Bir sözlə, biz kütləvi ağlaşma ovqatına köklənmiş camaatıq. Tarix boyu düz-əməlli ağ gün görməmişik, ondandır.
Amma indi müstəqil dövlət olmuşuq, öz əlimiz, öz başımızdır, ağ günlər görmək üçün şansımız artıb. Baxın, “Eurovision” qalibi olmuşuq, hər il paytaxtımızda avtomobil yarışları keçiririk, gələn il Avropa oyunlarını keçirən ilk ölkə olacağıq və sair və ilaxır. Bütün bunlar bayram deyilmi?
Allah tərəfi, partiya (YAP) və hökumətimiz ölkədə bayramların sayının artırılması üçün əməli tədbirlər həyata keçirir və milləti qara bayramlardan, ağlaşma-şivən ovqatından çıxarmağa çalışır. Məsələn, Göyçayda keçirilən Nar bayramı bunun sübutudur.
Camaat yığışır, öz gözəl məhsullarını nümayiş etdirir, elcanlı rəhbərlər mənalı çıxışlar edirlər, ölkəmizdəki inkişaf və tərəqqini, tikinti-quruculuq işlərini tərifləyirlər, xalqın gözü-könlü açılır. Nəyi pisdir? Oturub ağlaşmaq caizdirmi?
Odur, ermənilər Qarabağda, Vəng kəndində hər il qoduq ötüşdürürlər, səhərdən-axşama qədər yeyib-içir, deyib gülürlər. Onlarınkı da odur, ulaq cıdırı ilə kef edirlər. Bizdə olan imkanlar onlarda olsa beynəlxalq festivallar təşkil edərdilər. Amma biz küçələrimizdə “Ferrari” ötüşdürürük. “Ferrari” ilə təzə-təzə eşşəkləşən qoduğun arasındakı fərqi isə hamınız bilirsiniz.
Bu baxımdan Göyçaydakı Nar bayramına ağız büzmək lazım deyil. Bəlkə Lənkəranda keçiriləsi Limon bayramına ağız büzmək, üz turşutmaq olardı, o da yalnız ona görə ki, bu məhsul turşdur, ondan dadanı təbii olaraq o hala salır.
Qubada Alma bayramı keçirilsə, pis olarmı? Əla olar. Ucarda Beçə bayramı keçirilsə, millət tökülüb sacda bişirilmiş cücə çığırtması yeyər, ağzı dada gələr. Tovuz və Qazaxda müştərək olaraq (bəzi mundiallar iki ölkədə keçirilir, bilirsiniz) Xəngəl bayramı, Gədəbəydə Kartof bayramı təşkil etmək də mümkündür.
Gəncə və Sumqayıt işin çəmini tapıb, hər il Şəhər bayramı keçirirlər, meydanlara ildən-ilə uzanan tort çıxarırlar, minlərlə adam tortun başına dolanır. Ruzidir, bərəkətdir.
Milli bayramların sayının artırılması istiqamətində ən mühüm iş işğal olunmuş rayonların geri alınması ola bilər. O zaman işğal günləri, qara ildönümlər kəskin azalar, onların yerində əsl bayramlar əmələ gələr.
Kim bilir, bəlkə biz də ermənilərin acığına Cıdır düzündə qoduq ötüşdürər, sair karnavallar, xalq gəzintiləri təşkil edərik.
Arzu edək ki, gələn il bu vaxt Nar bayramını da, Beçə bayramını da, Xəngəl bayramını da Şuşada, Cıdır düzündə keçirək.
 

Bizə qoşulun