Medianews.az
Kütləvi şəkildə reallaşan iki arzu
437 baxış

Kütləvi şəkildə reallaşan iki arzu

samir sari kose 1
Heç demə, insan ən böyük arzularından birinə çatandan sonra xeyli dərəcədə peşman ola bilərmiş. Yəqin ki, bu, arzusuna çatanların xeylisində olub. Bir neçə gün öncə növbəti (ay ərzində 47-ci dəfə) 3 saatlıq tıxacda qaldıqdan sonra məndə də elə bir hiss yarandı və açığı, hələ də ötüb keçməyib.
Lap əvvəldən başlayaq. Sovet dövrünün axır illəri idi, Gəncədə tələbəydim. Bir gün yataqxanada otaq yoldaşım Xaləddin dedi ki, onun qardaşı oğlu Səidi ağır vəziyyətdə təcili rayondan Bakıya aparıblar, onu görməyə getmək istəyir, mən ona yoldaşlıq edə bilərəmmi. Çox gəncdik, macərapərəst idik. Şənbə gecəsi qatarla yola düşdük. Bazar günü səhər dəmiryol vağzalında şəhərin əksər qonaqlarının sosiska yeyə-yeyə kakao içmək ayinini yerinə yetirib üz qoyduq Səidin yerləşdirildiyi xəstəxananı axtarmağa. Xaləddinin dediyinə görə, qardaşıoğlu uşaq xəstəxanasında olmalıydı, amma hansında, bilmirdi. Xeyli axtardıq, soraqladıq, Semaşko tərəfə gəldik çıxdıq, ordan da Qarayev adına uşaq xəstəxanasını və Səidin palatasını tapdıq.
Dildə demək asandır, amma bütün bu ünvanları tapana qədər mən çox əziyyət çəkdim. Niyə mən? Ona görə ki, rusca danışmaq lazım idi. Yol yoldaşımın ruscası yox idi, mənimki də o zaman təkmil deyildi. Üz tutduğumuz bütün adamlar bizə rusca cavab verirdilər. Hətta avtobusda kənd adamına oxşayan birindən ünvan soruşduq, o da “toşnu ne znayu, amma qde-to qabaqlarda doljen bıt” deyə bir cavab verdi.  Arada dedim, Xaləddin, deyəsən, Bakıyla Rostovun bir fərqi yoxdur, hamı rusca danışır. Xəstəxanaların qeydiyyat şöbələrində də eyni vəziyyət idi. Əslində burada işləyənlərin başqa variantı da yoxdu, çoxu ermənilər, ruslar idi və “kəndçilərin dilini” bilmirdilər.
Xüləs, yanımcıl əmi naxoş qardaşoğlu ilə görüşdü, sağollaşdı, çıxdıq şəhərə gəzməyə. Axşam saat 10-a qədər vaxtımız vardı. Gəldik indiki Fəvvarələr meydanına, gəzdik, dolandıq. Açığı, Bakının buraları çox xoşuma gəldi. Səliqəli küçələr, işıqlı vitrinlər, son dəblə geyinmiş insanlar, gözəl qızlar, müxtəlif dildə danışan qonaqlar, sakitlik, əmin-amanlıq. Fikir verdim ki, Bakıda gənclər Gəncədəkindən fərqli olaraq yalnız “kostyum-şalvar” (Polat Ələmdar stili) geyinmirlər, hər cür və rəngarəng geyinirlər. Qalstuklu qonaqlar, yəni biz bu işə bir az şaşırdıq. Axşam “Nizami” kinoteatrında bir fransız komediyasına baxdıq, kefikök çıxdıq və qatarımızın yola düşməsinə iki saat qaldığından kinoteatrın qarşısında durub vaxt keçirməyə çalışdıq. Elə olanda Xaləddinə dedim ki, qaqa, bu saat ən böyük arzum Bakıda yaşamaqdır. O da bu fantastik arzuda olduğunu dedi, ikilikdə güldük, lağ-lağı elədik. Və bu arzu arxivə verildi.
Üstündən illər keçdi, tale elə gətirdi ki, Bakıda yaşayası oldum. Daha bir arzum ölkənin ən yaxşı qəzetində (bu da 1978-ci il arzusuydu) işləmək idi, o da gerçəkləşdi.
Ancaq iki-üç gün öncə məhz “Nizami” kinoteatrının qarşısında tələsən vaxtımda düşdüyüm tıxaca görə o vaxtkı arzumun nə qədər yanlış olduğunu anladım.
Mənim xoşuma gələn Bakıdan indi əsər-əlamət yoxdur. Bakı Kəlküttəyə dönüb. Düzdür, yenə Bakıda rusca və hər cür əcnəbi dildə danışanlar, nə gəldi geyinənlər var, amma şəhərdə hərəkət etmək mümkün deyil. Biz o vaxt “Nizami” kinoteatrının qarşısında durub küçəyə, səkiyə baxanda ara-sıra “Volqa”lar, “Jiquli”lər, bir də 8 nömrəli marşrutda işləyən trolleybuslar gəlib-keçərdi. Tıxac yox, sıxlıq yox, səs-küy yox. Teatrların, kinoteatrların qarşısında növbələr olurdu. İctimai nəqliyyatda hamının əlində qəzet və kitablar görərdin. Küçədə, metroda anqıra-anqıra danışan, meymun, çaqqal, yaquar səsi çıxaranlar görməzdin. Hər yerdə şəhər mədəniyyəti hiss olunurdu.
Bəs Bakı niyə Kəlküttəyə döndü ki, indi burdan qaçıb-qurtulmağı arzu edirik?
Bunun əsas səbəbi budur: görünür, vaxtilə mənim kimi o gözəl Bakıya baxaraq burada yaşamağı arzulayanlar həddindən artıq çox olub və onların arzuları gerçəkləşib.
Sovet dövründə hamının daha bir arzusu avtomobil sahibi olmaq idi. Hamının bu arzusu da çin olub.
Hazırda kütləvi şəkildə həyata keçmiş o iki arzudan başqa bir arzu doğub: bu Kəlküttədən qaçmaq... Ancaq heç kəs bu arzusunu reallaşdırmaq istəmir.
 

Bizə qoşulun