Türkiyədə məşhur bir futbol mütəxəssisi var: Yılmaz Vural. Mən onun həyat və yaradıcılığını azı 12 ildir izləyirəm, futbolu bilən, amma uğursuz adamdır. Qoyasan, studiyada oturub şərh verə, məşqçilərin səhvini tuta, hakimlərin qüsurlarını göstərə, ən doğru qərarların nədən ibarət olduğunu sadalaya, bir sözlə, qızıl xırdalaya. Baxırsan ki, adam futbolu əla bilir.
Ancaq elə ki, Yılmaz əfəndi özü hansısa komandanın baş məşqçisi olur, uzağı ikinci oyunda komandasının qapısına azı beş qol vururlar. Üçüncü oyunda elə, dördüncü oyunda da həmçinin. Beşinci oyundan sonra klubun rəhbərliyi, türkün sözü, acil şəkildə toplanır və Yılmaz Vuralı komandadan qovurlar.
Düzdür, ondan sonra gələn məşqçi də Vuralın əli dəyən komandanı bay eləyə bilmir və bir qayda olaraq, həmin komanda həmin il superliqadan kümə düşür.
Bax, o cür gözəl mütəxəssis bu il futbol üzrə milli yığma komandamızın başına gələ bilərmiş - Berti Foqtsun yerinə. İntəhası, alman lobbisi imkan verməyib.
Bu günlərdə Türkiyə mətbuatına müsahibəsində Yılmaz bəy deyib: “Berti Foqtsun müqaviləsi başa çatdıqdan sonra Azərbaycan millisini mən çalışdıracaqdım. Ancaq alman lobbisi ortaya girdi və Foqtsla müqaviləni yenilədilər. Bu səbəbdən Azərbaycanda işləyə bilmədim”.
Nəticədə biz olduqca şən, optimist, o qədər uduzmasına baxmayaraq, türklər demişkən, yılmaz, usanmaz bir məşqçinin rəhbərliyi altında tarix yazmaq imkanından məhrum olmuşuq.
Ah, mənfur alman lobbisi, ah... Sən nələrə qadirmişsən.
Təsəvvür edin, hörmətli oxucular, “Avrovision-2012"-nin Bakıda keçirildiyi il Almaniya ilə Azərbaycanın münasibəti təxminən 1942-ci il səviyyəsində idi. Bizim təbliğatçılar rəsmi hökumət qəzetlərində Hitlerlə Merkelin şəklini qoşa verirdilər, o boyda dövlətin xarici işlər nazirini açıq tekstlə ”petux" adlandırırdılar, ara-sıra alman malları (“Mersedes S klass” və “BMW X5" və X6 da o cümlədən) almağa qadağa və söyüş qoymaq tələbi səsləndirilirdi, AzTV Almaniyanın çökdüyünə dair silsiləvi şəkildə süjetlər, reportajlar yayırdı, hökumət adamları hər bir almaniyalı qonağa potensial casus kimi baxırdı, amma almanın xasıyla, Berti Foqtsla işi olan yox idi.
Etiraf edək ki, bəzi jurnalistlər həmin soxasoxun fonunda fürsətdən istifadə edərək fon Foqtsun torbasını tikmək təşəbbüsü göstərdilər, dəli yadına daş salmağa çalışdılar, amma Almaniya-Azərbaycan soyuq müharibəsinin Foqtsun karyerasına mənfi təsiri olmadı. AFFA rəhbərliyi dünyada ikinci bir məşqçi yoxmuş kimi onu vəzifəsində saxlamaqda, o da milli komandamızı uduzdurmaqda davam etdi.
Əlbəttə, heç kim iddia etmir ki, Berti Foqtsu vəzifəsindən götürən saat milli komandamız Kosta-Rika yığması kimi qabağına çıxanı udaraq mundiallara qatılacaq. Yox, bizdə hələlik o material, o alt yapı, o aşağı ətraf yoxdur. Amma hər halda bir məşqçinin rəhbərliyi altında uduzmaq əzabından xilas ola bilərik, başqa məşqçiləri söymək imkanı qazanarıq. Yoxsa Foqtsun ünvanına deyilməyən söz qalmayıb, o da soyuqqanlı alman olaraq, bütün söyüş və tənqidləri yaxşı mənada peysərə verir.
Hərçənd onun yerində Yılmaz Vural olsa, çıxıb jurnalistlərlə dalaşardı, söyüşərdi, bunun komandamızın FİFA-dakı reytinqinə elə bir təsiri olmasa da, ən azı həyat maraqlı olardı.
İndi hamı deyir ki, istəyir, get “Çelsi”dən Mourinyonu gətir, xeyri yoxdur, futbolçularımız zəifdir.
Ancaq niyə xeyri olmamalıdır ki? Dinəndə futbolçulara yekə-yekə “filan məşqçinin yetirmələri” deyirlər. Deməli, yaxşı məşqçinin canı çıxmalıdır, hətta küçədə toza-torpağa bata-bata top qovan qayışbaldır qara gədələrdən yaxşı futbolçular yetişdirməlidir.
Yoxsa artıq yetişmiş Dieqo Kostanı, Ardanı, Runini, Messini, Ronaldonu, Qarayı, Pirlonu, Markesi, İbrahimoviçi yığ bir komandaya, başlarına da lap Yılmaz Vuralı qoy, hamını uda-uda gedəcəklər.
Ona görə də, artıq vaxtdır, fon Foqtsu təmtəraqla, Azərbaycan futboluna böyük töhfə verdiyinə görə “Şöhrət” ordeni ilə təltif edərək yola salmaq, yerinə yetişdirici bir məşqçi gətirmək lazımdır. Bizdən iki dəfə balaca olan və nefti olmayan Kosta-Rikadan örnək götürmək gərək.
