Medianews.az
Belə ölkədə yaşayırıq...
492 baxış

Belə ölkədə yaşayırıq...

xalid kazimli kose 1
Belə bir ölkədə yaşayırıq: dənizi hasarlı, meşəsi çəpərli, çölü məftillənmiş, gölü dövrələnmiş, çayı qurumuş, dağı karxana, şəhəri tozlu-palçıqlı, kəndi palçıqlı-tozlu, yolu yamaqlı, suyu xlorlu... Və biz bu ölkəyə “Vətən” deyirik, əsasən sevirik.
Biz belə bir ölkədə yaşamağa çalışırıq: idarə edənləri zalım, məmuru nainsaf, yırtıcı, hakimi ədalətsiz, fərraşı əliçomaqlı, darğası acgöz, varlısı harın... Və biz vətəndaş olaraq onlara itaət edirik.
Biz belə bir ölkədə baş dolandırırıq: müəllimi repetitor, həkimi reseptitor (bu, yeni və süni termindir - apteklərin çox və baha dərman satmasına yardımçı olanları ehtiva edir), gömrükçüsü qaçaqmalçı, qaçaqmalçısı narkobaron, narkobaronu oliqarx, deputatı biznesmen, biznesmeni məmur. Və biz bunları bilə-bilə “qanunun aliliyi”ndən danışan vaizlərə qulaq asırıq.
Biz belə bir ölkədə işləyirik: hər gün soyula-soyula, hər gün söyə-söyə, söyülə-söyülə, hər gün döyülə-döyülə, gözümüzü döyə-döyə, hər gün hiddətlənə-hiddətlənə, gündə üç dəfə bu ölkədən baş götürüb getmək istəyə-istəyə, gündə beş dəfə bu ölkədə doğulduğumuza lənət oxuya-oxuya, gündə bir neçə dəfə bizdən də pis olanlara baxıb şükür edə-edə... Və biz bu ölkəyə bağlıyıq.
Biz belə bir ölkədə həyat uğrunda mübarizə aparırıq: yaltağının yeri başda, riyakarının əli aşda, mübarizi qandallı, dürüstü qapı dalında, nadürüstü rəyasətdə, milyon oğurlayanı saraylarda, toyuq oğrusu zindanlarda, haqq davası edənlər işsiz, etiraz bildirənlər başıqapazlı... Və biz bu ölkədə gələcəyə nikbin nəzərlərlə baxırıq.
Biz belə bir ölkədə qalmışıq: insanlarının bir qismi ruspərəst, bir hissəsi farspərəst, bir dəstəsi qərbpərəst,  xeylisi çörək mühaciri, yeni bir qrupu orda-burda ölüm axtaran və tapan, üç nəfəri doğru-dürüst yekdil ola bilməyən, darmadağın, yeddi məzhəbə, qırx sektaya bölünmüş bir cəmiyyət. Və biz usanmadan həmrəylikdən, azərbaycançılıq ideyasından danışırıq.
Biz belə bir ölkədəyik: müğənnisi toy həşirində, ruhanisi vay peşində, jurnalisti gözüqıpıq, aktyoru tamada, yazıçısı kitab buraxmaq üçün bazarda inək satmaqda, oliqarxa mədh söyləməkdə, naşiri kitab satmaq üçün məmurlara və oxuculara yalvarmaqda, gözəl modelləri pullu sponsor-məşuq axtarışında, futbolçusu portuqal, xokkeyçisi koreyalı, voleybolçusu ukraynalı... Və biz mədəniyyət və incəsənətin inkişafından, idmana qayğıdan bəhs edən moizələr dinləyirik.
Biz belə bir ölkədə mövcuduq: cansağlığını Türkiyədə, İranda, Almaniyada, İsraildə axtarırıq, istirahət üçün Gürcüstana, Türkiyəyə, Avropaya, BƏƏ-yə gedirik, ticarət üçün Avropaya və Asiyaya üz tuturuq. Və qayıdıb ölkəyə gələndə “vətənimin torpağına, daşına qurban” deyə yalançı patriotluq etməkdən çəkinmirik.
Biz belə bir ölkədəyik: addımbaşı haqsızlıq görürük, hər an həbs olunmaq, dolaşdırılmaq qorxusu yaşayırıq, hər yerdə ayrı-seçkiliklə, yerlibazlıqla, qohumbazlıqla üzləşirik və hesab edirik ki, elə belə də olmalıdır.
Biz belə bir ölkədə çarpışırıq: Burası ağa qara, qaraya ağ deyənlərin, “mən salim olum, cümlə-cahan batsa da, batsın” düşünənlərin, “nə şər iş olur-olsun, mənim xeyrim gəlsin” devizi ilə yaşayanların, özləri əzilən olduqları halda əllərinə imkan düşsə qarşılarındakını əzib keçməyə hazır olanların, kalori və komforta görə hər şeyindən keçə bilənlərin çoxluq təşkil etdiyi ölkədir.
Biz belə bir ölkədə yaşayırıq. Əslində yaşamağa çalışırıq, vaxtımızı əridirik. Bunun düzgün, normal yaşayış olmadığını bilə-bilə, firavan ölkələrdə olduğu kimi yaşamağı arzu edə-edə, amma bundan ötrü əlini ağdan-qaraya vurmaya-vurmaya günlərimizi sovuruq.
Bu, bizi xoşbəxt etməyəcək. Bu riyakarlıq, əliəyrilik, yalançılıq, acgözlük, tamahkarlıq, düşüncəsizlik, fırıldaqçılıq, pozğunluq, sapıqlıq, xəbislik, hiyləgərlik, təkəbürlülük, yaltaqlıq, alçaqlıq bizi bədbəxt edəcək...
Pozitiv istisnalar sayılmır. Çünki onlar qaydanı pozmur. Keşkə ümid verən bir işartı olsaydı... Keşkə “hər şey yaxşılığa doğrudur” deyə biləydik...

Bizə qoşulun