Medianews.az
Milçək bir şey olmasa da...
545 baxış

Milçək bir şey olmasa da...

zamin yeni raz
ABŞ-ın ATƏT-dəki müşaviri Kristofer Robinson Azərbaycandakı durumu bütün bölgə üçün təhlükəli sayıb, bununla yapokratlar növbəti dəfə dəli olublar. İndi yerindən duran Robinsonu söyür. Ancaq ölkəmizdə insan haqları pozulursa, yaşamaq dözülməz hala gəlirsə, Robinson bunu görməsinmi? Yapokratların pulla örtülmüş gözləri duruma kor ola bilər, repressiv Azərbaycanın bütün dünya üçün törətdiyi təhlükələri görməz, ancaq Yer planetində ötən əsrin ortalarından bəri bir çox bəşəri dəyərləri anlayıblar, BMT İnsan Haqları Bəyannaməsinə, Avropa İnsan Haqları Konvensiyasına və sairə sənədlərə salıblar.
 Oralarda başa düşüblər ki, insan haqları qapalı bir ölkənin daxili işi deyil. Həm də qapalı repressiv rejimlər əvvəl-axır qonum-qonşularına da təhlükə törədirlər. Bura həm savaş təhlükələri (tipik örnəyi indiki Rusiya), həm cürbəcür sağalmaz xəstəliklər (Afrika), həm də elə həmin bəşəri dəyərlərin deqradasiyası daxildir. Deqradasiyaya örnək Azərbaycanın beynəlxalq qurumlara üzvlüyündən sonra həmin qurumlarda kürü umsuqlarının, cürbəcür yalançı, saxtakar, rüşvətxor tullantıların artmasıdır.
Lorens Britt adlı politoloq, tarixçi var. O, uzun illər bir çox ölkələrdəki faşist rejimlərini araşdırıb, “Faşizmin 14 əlaməti” adlı bir sənəd hazırlayıb. Oxuyursan, görürsən bunların hamısı indiki Azərbaycanda var: seçkilərin saxtalaşdırılması, xarici və daxili düşmən obrazları, hərbi-polis rejimi, insan haqlarının guya hansısa dövlət maraqları naminə pozulması, hər yerə bayraq və dövlət simvolları yapışdırmaq, incəsənətin boğulması, qadın hüquqlarının tapdanması və sairə.
Əlbəttə, deyilə bilər ki, Robinson bir qədər şişirtməyə yol verib, Azərbaycan dünya üçün İran, Şimali Koreya, Rusiya və sairə qədər təhlükəli sayılmaz, ölkəmizin xırda ölçüləri böyük yaramazlıqlara imkan yaratmır. Mübahisəlidir. Məncə şərin kiçiyi və böyüyü olmur, pislik həmişə pislikdir. Bir damcı neft bir çəllək içməli suyu yararsız duruma gətirirmiş, bunu bilirdinizmi?
Yapokratiyanın qorxaq isterikası son günlərin kiçik bir hadisəsində özünü göstərdi. Sən demə, Azərbaycanda NİDA adlı “kabus dolaşırmış”, xəbərimiz olmayıb. Bildiyiniz kimi, “Coca-Cola” şirkəti bütün dünya üzrə orijinal bir reklam kampaniyası aparır: adam adları yazılan içki buraxır, o cümlədən, kim istəsə öz adını bu içkinin bir qabının üzərində yazdıra bilər. Heç kim bunu ciddi bir iqtisadi hadisə-zad kimi qəbul eləmir, adətən zarafatla yanaşırlar. Elə bu yaxında adını xatırlamadığım bir gəncin facebook şəbəkəsində paylaşdığı foto da bu yumor məqsədini güdürdü. Həmin fotoda üzərində “NİDA” yazılmış “Coca-Cola” təsviri var idi.
Ancaq Azərbaycandakı repressiv, kölgəsindən qorxan rejim bu zarafatı böyük təhlükə kimi hiss etdi. Qəzetlərdə, saytlarda şirkətdən açıqlama tələbləri ard-arda düzüldü. Şirkətin Bakı nümayəndəliyi isə axmaq suallara (“Şirkət inqilabçı ”NİDA" təşkilatını dəstəkləməklə nə etmək fikrindədir?") cavab verməklə səviyyəsizliyin son həddini göstərmiş oldu.
Bəziləri daha uzağedən nəticələr çıxartdılar: guya şirkət ABŞ-ın tənqidi siyasətini davam etdirir, bu da Morninqstarın intervüsünün ardıdır, belə getsə iqtidar “Coca-Cola”nı Azərbaycandan qovacaq və sairə. Guya şəxsi kapitalı 90 milyard dollar, ötənilki dövriyyəsi isə Azərbaycanın dövlət büdcəsindən 2 dəfə çox - 47 milyard dollar olan bir şirkəti qovmaq asan bir iş imiş. Elə bil mikrorayonda Ağaquluya məxsus çayxana-zad bağlayırlar. “Coca-Cola”nın bu düşük macərasından bir komediya filmi çəkmək olardı, kino sənayemiz itin günündə olmasaydı...
Bu olayda ən ibrətamiz cəhət isə şübhəsiz, rejimin hər xırda detaldan altını batırmasıdır. Robertson da elə bunu nəzərdə tutur - iy pis çıxır...
 

Bizə qoşulun