Medianews.az
 Qanunverici şiş
555 baxış

Qanunverici şiş

zamin yeni raz
Deputatxanada hökumətin hesabatı dinlənilibmiş. Əhvalat vaqe olub dünən. Çox gülməli əhvalatdı. Hərtərəfli gülməlidir. Düyməbasanların olmayan bir hökumətdən hesabat istəməsi təxminən xiyar turşusu bankasının içində mirvari boyunbağı axtarmaq kimi bir şeydir. Bunun tapılması ehtimalı milyardda bir olar, ya yox. Əlbəttə, mən inkar eləmirəm, hesabat ola bilsin vardır. Əgər özün əvvəlcədən boyunbağını xiyarların arasında gizlətsən, taparsan.
Mən qəsdən adlarını çəkmirəm, buna ehtiyac da yoxdur. Deputat müəllimlərdən biri ərz edib ki, Azərbaycan analoqu olmayan iqtisadi tərəqqi eləyibdir, yaxşı olardı tuman-köynək, corab istehsalını da düzəldək. Doğrudan da çox yaxşı təklifdir, çünki məşhur sovet anekdotundakı kimi “Amerikaya çatıb, onu ötüb keçmişik və şalvarımızın dalındakı yamaq görünür”. Sadəcə, indi Azərbaycanın şalvarının yamağı da qopub düşüb, milli alt paltarlarının yoxluğu isə lazımsız, milli mentalitetimizə yad mənzərə yaradır.
Başqa deputat isə ... şiş istehsalından danışıb. (Hər dəfə deputatxana iclaslarından reportajları oxuyanda cənab prezidentin müdrik və uzaqgörən siyasətinə heyran qalmaya bilmirsən. Bunları necə seçib, hardan tapıb ora yığır... Gözəllikdir!). Deyib ki, biz deputatlar kabab yeməyi çox sevirik, ancaq şişimiz yoxdur. Doğrudan da Azərbaycanda milli kabab şişlərinin istehsalı artıq zərurətə çevrilmişdir. Bu şişlərdən bir-birimizin gözünə, qarnına soxmaqda da yararlanaraq dövlətçilyimizə yüksək fayda verə bilərik.
Əlbəttə, simvolik olaraq yazıram, əslində mən sülhpərvər insanam. Qeyd etmək istədim ki, milli şiş insanın qarnına batanda insana daha xoş olur. Vaxtilə bir debil siyasətçimizin dediyi kimi: “Öz millətimin diktatoru, yadelli demokratdan daha əzizdir”. Balaca beyni o qədər dərk edirdi, çox da qəribçiliyə salmayaq. Və qayıdaq “öz deputatlarımızın yanına”.
Müzakirələr şiddətlə davam etdikdən sonra deputatlardan biri müzakirələrin birbaşa ortasına hoppanıb, havada dombalaq aşaraq spikerə kəllə vurmuşdur. Zarafat edirəm, qorxmayın. Bizim Məclisdə elə şey olmaz. Deputat deyib ki, bizim baş nazir Artur Rasizadə çox insanpərvər şəxsiyyətdir, həmişə deputatların üzünə açıqdır, başqa məmurlar da Artur müəllimdən örnək götürməlidir. Təsəvvür edirsinizmi? Millət belə baş nazirin olduğunu yaddan çıxardıb, ancaq bu, Artur müəllimi tərifləyir.
Yeri gəlmişkən, bu deputat keçən il prezidentliyə namizədliyini vermişdi, o zaman da belə gülməli sözlər danışırdı. Özünü ağıllı göstərmək istəyirdi, ancaq xoruz buraxırdı. Məsələn, şəxsiyyətin ikiləşməsini metamorfoza adlandırmışdı. Demişdi ki, Əliyevin prezidentliyi dövründə 200 qarış torpaq azad edilib. İndi də elementar hesablama qabiliyyətinin yoxluğundan əzab çəkdiyini isbata yetirib. Deyib ki, prezident Əliyev 2013-cü ildə öz komandasını əsaslı surətdə yeniləyib: 2 naziri işdən çıxardıb.
Azərbaycanda yalan olmasın, bəlkə 30 nazirlik var. Ona görə dəqiq yaza bilmirik ki, bizdə nazirliklər onlayn sistemdə, canlı yayımla yenilənir, balalayır, artıb-törəyir. Mən indi bu cümləni yazdığım anda bəlkə də təzə bir nazirlik yarandı. Bunlardan ikisinin rəhbərini dəyişmək haçandan “əsaslı surətdə” sayılır? Ağlına quzu kəsim... İki nazirin dəyişilməsinin əsaslı islahat sayılması üçün gərək ölkədə uzağı dörd nazirlik olaydı.
Ancaq yenə də tuman-köynəkdən danışan deputata qayıdaraq qeyd edirəm ki, orada deyəsən ən ağıllı adam elə odur. Hətta deputatlar “ağıllınız kimdir” sualına, “odur ey, qabaqda gedən...” cavabını verirlər. Ən realist adam odur, qəşəng başa düşür ki, neft pulunu axıdıb Amerika peykini Fransa peykodromundan uçurtmaqla dövlət olmur. Dövlətin öz corabı da olmalıdır. Cəhənnəm, milli patavası olmalıdır.

Bizə qoşulun