“Belarus prezidenti Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putinin heç şübhəsiz ki, senzuradan keçdikdən sonra yayılmış foto və videoları Rusiya diktatorunun tamamilə tükəndiyini göstərir”.
Politoloq Xaqani Cəfərli Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, Kreml Dmitri Medvedyevin Rusiyanın keçmiş dövlət başçısı olmasına hörmət qoymadan ondan trol kimi istifadə etdiyi halda “Los” ləqəbi verdiyi Lukaşenkonun da “müttəfiq dövlətin başçısı” olmasına heç bir hörmət qoymadan ondan trol kimi istifadə edir: “Ukraynaya qarşı cinayətkar müharibənin başladığı gündən Kreml bu trolların sözləri ilə Qərbi və Ukraynanı qorxutmağa çalışır.

Lakin Kremlin ona verdiyi “Los” ayamasından fərqli olaraq çox bic siyasətçi olan Lukaşenko da məsuliyyətini anlayaraq gələcəkdə bu məsuliyyətdən yayınmaq və yaxud da özünün xeyrinə dəlil kimi istifadə edə biləcək ifadələr işlətməkdən çəkinmir. Rusiyanın işğalçı olduğunu, işğalçılıq siyasətini davam etdirdiyini çox aydın cümlələrlə ifadə etməsi də bunun sübutudur. “Siqaret kötüyü” ayamalı Putin onun sözlərinə düzəliş edərək Rusiyanın başqlarının torpaqlarını ələ keçirmədiyini, özünə aid olanı geri qaytardığını ifadə etsə də, artıq gec olur.
Lukaşenkonun Rusiyanın işğalçılıq siyasətini ifşa edən ifadələrinin yaxın gələcəkdə Rusiyanın hərbi və siyasi elitasının mühakiməsi zamanı ittiham sənədlərində yer alacağına şübhəm yoxdur”.
Nailə Qasımova,
Medianews.az