Medianews.az
Hindistan Rusiya neftindən imtina etdi – <span style=color:red>Trampın hədəsi işə yaradı
217 baxış

Hindistan Rusiya neftindən imtina etdi – Trampın hədəsi işə yaradı

Hindistanın dörd ən böyük dövlət neft emalı zavodu Rusiya neftinin alışını dayandırıb. Bu barədə məlumatı Reuters sənaye mənbələrinə istinadən yayıb. Söhbət Indian Oil Corp, Hindustan Petroleum Corp, Bharat Petroleum Corp və Mangalore Refinery Petrochemical Ltd şirkətlərindən gedir. Reuters yazır ki, onlar son bir həftə ərzində Rusiya neftini tələb etməyiblər. Musavat.com bildirir ki, politoloq Zeynal Əmrəliyev Hindistanın Rusiya neftindən imtina etməsini təkcə iqtisadi yox, həm də ciddi geosiyasi və strateji amillərlə əlaqələndirir. Onun fikrincə, bu qərar regionda baş verən güc nisbətlərinin dəyişməsi və beynəlxalq təzyiqlərlə birbaşa bağlıdır: "Bu, ABŞ prezidenti Donald Trampın Rusiya neftini alan ölkələrə rüsum tətbiq etməklə hədələməsi, eləcə də neftə endirimlərin azaldılması səbəbindən baş verib. Hindistanda Rusiya neftinin ən böyük alıcıları özəl şirkətlər Reliance Industries və Nayara Energy olaraq qalır. Lakin bazarın əsas payına nəzarət dövlət neft emalı zavodlarındadır. Onlar Hindistanın sutkada 5,2 milyon barel olan ümumi emal gücünün 60 faizdən çoxuna malikdirlər. Üstəlik, ötən həftə Avropa İttifaqı nəzarət səhm paketi Rusiyanın Rosneft dövlət şirkətinə məxsus olan Nayara Energy-yə qarşı sanksiya tətbiq edib. Şübhəsiz ki, bu cür qərarın verilməsi təkcə iqtisadi deyil, həm də geosiyasi və strateji səbəblərdən qaynaqlanır". Zeynal Əmrəliyev qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Rusiya neftini alan ölkələrə qarşı əlavə rüsumlar tətbiq etməklə hədələməsi Hindistan hökumətinin qərarına ciddi təsir edib: "Hindistanın bu qərarı qəbul etməsinə bir neçə amil təsir göstərib ki, onların başında, şübhəsiz ki, Donald Trampın hədəsi əsas yer tutur. Ağ Ev rəhbəri Rusiya ilə ticarət edən ölkələrə qarşı sərt cəza tədbirləri həyata keçirir. Rəsmi Dehli indiki mərhələdə Vaşinqtonla münasibətlərin pozulmasını istəmir. Həm Hindistanın, həm də ABŞ-ın Çinlə münasibəti normal deyil. Hər iki ölkə Çinlə iqtisadi mübarizədədir. Hindistanın başqa bir dərdi də Çinin regionda ağalığının qarşısını almaqdır. Rəsmi Pekin Avropa ilə ticarət əlaqələrini inkişaf etdirdikdən sonra Hindistanın əlindəki tranzit yollarının boykotuna başlayıb. Bu isə Dehliyə böyük çətinliklər yaradıb. Çinin aktiv fəaliyyəti nəticəsində Hindistan iqtisadiyyatında son zamanlar sürətli kiçilmə müşahidə edilir. Hind hökuməti bu məsələdə ABŞ-ın dəstəyinə ümid edir". Politoloqun fikrincə, ikinci önəmli fakt isə Rusiya neftinə əvvəllər tətbiq olunan böyük endirimlərin azalmasıdır: "Buna görə də bu neft Hindistan üçün daha az sərfəli olur. Ehtimal ki, rəsmi Dehli alternativ mənbə kimi Yaxın Şərq və Qərbi Afrika neftinə müraciət edəcək. Bu bölgələrin neftinin qiyməti ucuz olduğu üçün ehtiyat olaraq saxlamaq baxımından da əlverişlidir. Bu qərar Hindistan–Rusiya münasibətlərinə bir qədər mənfi təsir göstərə bilər. Ehtimal ki, Moskva cavab tədbiri kimi Çinlə münasibətlərin genişləndirilməsi siyasətini həyata keçirəcək".

Bizə qoşulun