Medianews.az
Bunkerdə gizlənənlər Zəngəzur dəhlizinə qarşı – <span style=color:red>AÇIQLAMA
386 baxış

Bunkerdə gizlənənlər Zəngəzur dəhlizinə qarşı – AÇIQLAMA

İranda Zəngəzur dəhlizi əleyhinə çıxışlar davam edir. Bu məsələdə ölkənin ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti xüsusilə fəallıq göstərir. İranın təzyiqi Ermənistanı Zəngəzur dəhlizinin açılmasına razılıq vermək fikrindən daşındıra bilərmi? Ümumiyyətlə İranın Zəngəzur dəhlizinin açılmasına imkan verməmək üçün kifayət qədər təzyiq imkanı, rıçaqı varmı? Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Əli Əkbər Vilayəti son dövrlər İranda Zəngəzur dəhlizi ilə bağlı ardıcıl çıxış edən əsas şəxsdir: “O, Azərbaycana düşmən mövqedə duran bir adam kimi tanınır. 1992-ci ildə məhz onun müəllifi olduğu, birbaşa onun iştirakı, rəhbərliyi ilə hazırlanan İranın xarici siyasət konsepsiyasında Azərbaycan Respublikası düşmən ölkə kimi qeyd olunub. Həmin konsepsiyada Azərbaycan Respublikasının varlığının İrana təhdid olduğu vurğulanıb. Məhz Vilayətinin təklifi əsasında Azərbaycan Respublikasından “gələcək təhdidlər”lə mübarizəni İranın daxilində qarşılamaqla deyil, əksinə, onu Azərbaycan Respublikasının içərilərinə keçirməklə aparmaq ideyası irəli sürülüb. O zamandan İran Yaxın Şərq, Orta Şərq ölkələrində olduğu kimi Azərbaycan Respublikası ərazisində də agentura şəbəkəsi, proksi qüvvələr yaratmağa cəhdlər edib, bu istiqamətdə müəyyən addımlar atıb. “Müqavimət oxu” yaradılması ideyasının müəllifi də həmin Vilayətidir. Bəlli olduğu kimi, artıq bu ideya iflasa uğrayıb, İrana böyük ziyan vurub. Əli Əkbər Vilayəti panfarsçı, panirançı, “Sasani düşüncəsi”nin əsas daşıyıcılarından, ideoloqlarından biridir. O və bu zehniyyətin digər daşıyıcıları illər uzunudur İrana böyük ziyan vursalar da, öz siyasətlərindən əl çəkmək istəmirlər”. O.Qasımov hesab edir ki, İran Zəngəzur dəhlizinin açılmasının qarşısını ala bilməyəcək: “Bəli, İranın davranışı dəhlizin açılması prosesini bir az yubada bilər. Çünki Ermənistan müstəqil dövlətə çevrilməyi, müstəqil qərar verməyi bacarmır, xarici təsir və təzyiqlərə açıqdır. Ona görə dəhlizin işə düşməsi bir qədər yubana bilər. Amma Zəngəzur dəhlizi açılacaq. Bu, İranın və ya başqasının istəyib-istəməməsindən asılı olmayaraq baş verəcək. İran sadəcə olaraq prosesi müəyyən qədər ləngidə bilər. İnanıram ki, Ermənistanda rasional düşünən siyasətçilər, ekspertlər də bu dəhlizin açılmasının vacibliyini anlayırlar. Zəngəzur dəhlizinin Ermənistana ciddi dividendlər gətirəcəyi bəllidir. Bölgədə kommunikasiyalar açılacaq və Ermənistan, ilkin hesablamalara görə, tranzit gəlirlərdən ildə 350-400 milyon dollara yaxın vəsait götürəcək. Bu, Ermənistan üçün kifayət qədər ciddi rəqəmdir. İran iqtisadi cəhətdən həmin dividendə yiyələnmək, eyni zamanda Azərbaycanın əsas hissəsini Naxçıvanla, Türkiyəni isə Azərbaycan, Güney Qafqaz və Mərkəzi Asiya ilə bağlayacaq dəhlizə nəzarəti ələ keçirmək, beləliklə, həm maddi gəlir, həm də geosiyasi, geostrateji rıçaq qazanmaq istəyir. Vilayətinin fikirlərinə diqqət edin. Bildirir ki, Zəngəzur dəhlizi ABŞ, NATO və bəzi pantürkçü çevrələrin ideyasıdır. Guya NATO, yaxud digər Qərb qüvvələrinin Zəngəzurda dəhlizə nəzarəti İranın mühasirəyə alınması deməkdir. Bu, cəfəngiyatdır. İranın ən azı beş qonşusu, hamısı ilə də uzun-uzun sərhədləri var. Vur-tut 42 kilometrlik ərazi ilə İranın mühasirəyə alınacağı absurddur. Əslində Zəngəzur dəhlizi ilə bağlı bu cür açıqlamalar Tehranın strateji tərəfdaş adlandırdığı Ermənistana böyük hörmətsizliyidir. Belə açıqlamalarda Ermənistana təkəbbürlü yanaşma, Yerevanı aşağılama aşkar surətdə görünür. İranda Zəngəzur dəhlizini Ermənistanın zərərinə yozmaq cəhdləri də cəfəngiyatdır. Ermənistan rəhbərliyi nəyin onların milli maraqlarına uyğun olub-olmadığına özü qərar verə bilər. Bu, İranın verə biləcəyi bir qərar deyil. Doğrudur, Ermənistan İranla münasibətlərinin korlanmasını istəmir, amma milli təhlükəsizlik məsələsi çox ciddi məsələdir və Yerevan anlayır ki, onun milli marağı Zəngəzur dəhlizinin açılmasını tələb edir”. İranın Zəngəzur dəhlizinin açılmasına imkan verməmək üçün yetərincə potensialı olmadığını bir daha vurğulayan O.Qasımov əlavə edib: “Xüsusilə son iki ildə biz İranın potensialının nəyə qadir olduğunu aydın gördük. Məhz Əli Əkbər Vilayəti və onun kimilərinin həyata keçirmək istədiyi siyasətin nələrə gətirib çıxardığı göz qabağındadır. Bayaq qeyd etdiyim kimi, Vilayəti “müqavimət oxu” ideyasının da müəllifidir. Nəticə nə oldu? HƏMAS, “Hizbullah” ciddi şəkildə zəiflədildi, Suriyada Bəşər Əsəd rejimi yıxıldı, İraqda İranmeyili hərbi quruplaşmalar nəzarətə götürüldü, Yəməndə husilərə ağır zərbələr vuruldu. Nəhayət, İranın özü İsrailin, ABŞ-nin birbaşa hücumlarına məruz qaldı, ciddi itkilər verdi. Ona görə İranın bu siyasəti bölgədə sülhün, əməkdaşlığın əleyhinə yönəlmiş destruktiv davranışdan savayı bir şey deyil. Belə siyasət uzun zaman davam edə bilməz. İranın daxilində də artıq bu məsələ narazılıq doğurur, fikir ayrılıqları ortaya çıxır. Çox maraqlıdır ki, hazırda regionda qonşu dövlətlərlə münasibətləri normallaşdırmağa çağıran İran prezidenti Məsud Pezeşkianın rəhbərlik etdiyi qüvvələrə qarşı İranda təzyiq kampaniyası başladılıb. Kampaniyanı başladanlar isə bu ilin iyununda İsraillə 12 günlük savaş zamanı ortada olmayan, bunkerdə gizlənən şəxslərdir. İndi onlar bunkerdən çıxıblar, iddialı bəyanatlar verirlər, savaş günlərində isə ortalıqda yox idilər. Bəs kim idi o vaxt ortalıqda olan? Məhz qonşularla normal münasibət qurmağa çalışan Məsud Pezeşkian və onun komandası. Paradoksa baxın: dar ayaqda bunkerdə gizlənənlər həmin günlər meydandan çəkilməyənləri ittiham edirlər”. Nailə Qasımova,  Medianews.az

Bizə qoşulun