Medianews.az
“Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında
573 baxış

“Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında

Azərbaycanda mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, mühəndislik, bədən tərbiyəsi və idman, kənd təsərrüfatı, mülki aviasiya, dövlət qulluğu və hüquq sahəsində olduğu kimi jurnalistika sahəsində də fəxri ad verilir. Medianews.az bildirir ki, jurnalistlərə verilən fəxri ad belə adlanır: “Azərbaycan Respublikasının əməkdar jurnalisti”. Digər fəxri adlar kimi, “Əməkdar jurnalist” adı həm Azərbaycan, həm də xarici ölkə vətəndaşlarına verilə bilər. “Azərbaycan Respublikasının fəxri adları haqqında əsasnamə”yə görə, eyni fəxri ad bir şəxsə təkrar verilmir. Lakin bir fəxri ada layiq görülmüş şəxs əmək fəaliyyətinin digər sahəsində xidmətlərinə görə müvafiq fəxri ad almağa - bu, fəxri adların verilməsi şərtlərinə zidd gəlmirsə - təqdim edilə bilər. Fəxri adlara layiq görülmüş şəxslərə fəxri adın vəsiqəsi və döş nişanı təqdim olunur. “Azərbaycan Respublikasının fəxri adları haqqında əsasnamə”yə görə, “Əməkdar jurnalist” fəxri adı uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və media subyektlərinin rəhbərlərinə verilir. “Əməkdar jurnalist”lər bu fəxri ada Azərbaycan Prezidentinin sərəncamı ilə layiq görülürlər. Fəxri adların təqaüdü də var. “Əməkdar” fəxri adı (əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi) üçün təqaüd 200 manatdır. Hazırda bu təqaüdü alanların sayı 4500 nəfərdən çoxdur. Fəxri adlara layiq görülmüş şəxslərə təqaüdü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödəyir. Toğrul Əli, Medianews.az

Bizə qoşulun