Medianews.az
Stalin, Putin, kilsə və yaxud müqəddəs elan edilən <span style=color:red>iblislər üçün sığınacaq
213 baxış

Stalin, Putin, kilsə və yaxud müqəddəs elan edilən iblislər üçün sığınacaq

Putindən söz açanda SSRİ lideri Stalini də xatırlamaq lazımdır. Amma "böyüklük" xəstəliyinə tutulan Putin heç vaxt nə rus çarı, nə də İosif Stalin ola bilməz. Keçmiş SSRİ-nin varisi sayılan Rusiyanın rəhbəri kimi Vladimir Putin daha cılız görükür və daha çox hökmlü zəngin obrazında gözə çarpır. Bu yaxınlarda Rusiya kilsələrinin birindən süjet verilirdi və məni daha çox cəlb edən görüntü Putinin portretinin İsanın məbədindən asılması oldu. Allahın evində şərə beyət. Müqəddəs ayinlərin sədaları altında. Rusiyada işğalçını, iblisi dəstəkləyən keşişlər ordusu yaranıb. Bu prosesi başladan Putindir, çünki riyakar dinçilərin hansı əxlaqa sahib olduqlarını gözəl bilir və onu da yaxşı bilir ki, onların hamısı peyğəmbəri, Məryəm oğlu həzrət İsanı satan Yəhudanın mənəvi varisləridir. Bir də ki... Axı Putin heykəllərini ucaltdığı yoldaş Stalindən çox nəsnə öyrənib. Həm də "patriot" Vladimir Putinin həyatda ən böyük arzusu zalım hökmdarı dəlicəsinə sevən, üstəlik, araqdan içib, kolbasadan yeyə-yeyə bütün qonşulara, dünyaya diş qıcayan, yüz illərdir ki, söyə-söyə, ləngər vura-vura öldürən rusların, hətta şüuraltı olaraq özünün belə iyrəndiyi bu rusların, bu qəddar kütlənin sevimlisinə, xilaskar rəhbərə çevrilməkdir. Bu mənada Putin həmişə Stalinə həsəd aparıb. Stalinin hər gün artan heykəllərinin yanında bir gün də öz heykəlinin olacağı ümidi ilə sovet diktatorunu xatırlatmağa məhkum olan Vladimir Putinin psixoloji portretini yaratmağa ehtiyac yoxdur, çünki Stalinin əzəmətli heykəlləri hər şeyi deyir. Və həm də deyir ki... Putin heç vaxt əzəmətli hökmdar tarixi yaza bilməz. Çünki Putinin bioqrafiyasını yenidən yaratmaq mümkün deyil. Stalinə oxşatmaq istəyir özünü, ancaq Stalinin tarixini dirigözlü yaşamağı bacarmaqdan ötrü qaçaq, oğru, inqilabçı, qatil olmaq lazımdır. Bütün bunları edən Stalinin ən böyük bəraəti "ideya naminə" idi. Doğru, ya yanlış, bu başqa məsələdir. Putinin isə varidatı onu korrupsioner kimi tanıdıb. Yüzlərlə belə müqayisələr və paradokslar mövcuddur. Stalin böyük şər kimi mifə çevrilə bildi. Bu da tarixin ironiyası. Üstəlik, Hitlerlə müqayisədə bəraət aldı. Halbuki hər ikisi adamyeyən idi, lakin Stalin İkinci Dünya müharibəsi kimi böyük fakta görə, "yaxşı adamyeyən" kimi azca kölgəyə çəkildi. Yeri gəlmişkən, Stalinin ikonası var... Rankur-Laferyerin yazdığına görə, bəzən Stalinin böyüklük maniyası elə bir həddə çatırdı ki, o, özünü Allahla eyniləşdirirdi. 1940-cı illərin ortalarında Gürcüstan Pravoslav Kilsəsinin katolikosu ilə söhbət zamanı Stalin ondan soruşmuşdu: "Bəs siz kimdən daha çox qorxursunuz — məndən, yoxsa Tanrıdan?" Katolikos qəfil verilən bu sualdan çaşqın vəziyyətə düşmüşdü və sözsüz ki, Stalinə cavab verə bilməmişdi. Müşahidəsi, eləcə də din xadimi barədə düşündükləri onu yanıltmamışdı. "Ellər atası" onu diqqətlə süzüb belə demişdi: "Mən bilirəm ki, siz məndən daha çox qorxursunuz, nəinki Allahdan, yoxsa mənimlə görüşə bu cür adi mülki geyimdə gəlməzdiniz". Bu faktı təsdiq edən və illərlə sovet lideri Stalinin irsini araşdıran Rusiya Dövlət Arxivinin aparıcı mütəxəssisi, tarix elmləri doktoru Oleq Xlevnyukun fikrincə, Stalinin məhz özünün əbədi hesab etdiyi hakimiyyəti dövründə artıq böyük bir hökmdar kimi çox ciddi problemləri yaranmışdı. Buna bənzər digər ehtimalı qeyd edən Popova görə isə daim təlaş, qorxu içində yaşayan və həmişə qəfil hücum gözləyən Stalinin psixikasında müəyyən problemlər çoxdan yaranmışdı. Dmitri Volkoqonov isə "dahi rəhbərin" ömrünün son illərində uşaqlıq dostlarını tez-tez xatırlamasını və onlara maddi yardım etməsini, yenidən kəndli balasına çevrilmək istəyini məhz bir gün Kremlin ona qarşı münasibətinin dəyişə biləcəyi ilə əlaqələndirirdi. Ukrayna torpaqlarının bir hissəsini işğal edəndən sonra “Kiyevi üç günə almaq" düşüncəsiylə daha bir hücuma keçən, amma o vaxtdan ukraynalıların sərt müqaviməti qarşısında ilişib qalan Rusiya Federasiyasının prezidenti Vladimir Putin XX əsrin 91-ci ilində keçmişə gömülmüş SSRİ-nin diktatoru, həmçinin qalib hökmdarı İosif Stalin kimi olmaqdan ötrü əlindən gələni edəcək ki... ...Alınmayacaq... Oqtay Qorçu

Bizə qoşulun