Medianews.az
İnternetin sürətinin artması məsələsinin <span style=color:red>İZAHI
346 baxış

İnternetin sürətinin artması məsələsinin İZAHI

Son bir ildə Azərbaycanda genişzolaqlı internetin sürəti iki dəfə artıb. Bəs bunu internetdən istifadə edən vətəndaşlar hiss edirmi? Edirsə, kimlər, hansı bölgələrdə, şəhərlərdə yaşayanlar hiss edir? Yəni genişzolaqlı internetin sürətinin artmasını necə başa düşmək lazımdır? Bu o deməkdirmi ki, indi bizim istifadə etdiyimiz internet bir il əvvəlkindən iki dəfə sürətlidir? Yoxsa genişzolaqlı internetin sürətinin artması başqa anlama gəlir? Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, son bir ildə Azərbaycanda genişzolaqlı internetin sürətində baş verən 104%-lik artım ölkənin rəqəmsal inkişaf sahəsində atdığı strateji addımların uğurlu nəticəsidir. Onun sözlərinə görə, "Ookla"nın iyun ayı üzrə hesabatı göstərir ki, orta sürət 81.36 Mbit/s-ə çatıb, bu da 2023-cü ilin iyununda olan 39.87 Mbit/s göstəricisindən iki dəfədən artıqdır: “Azərbaycanın bu dövrdə beynəlxalq reytinqdə 4 pillə irəliləməsi təkcə texniki göstəricilərin yaxşılaşmasını deyil, davamlı və məqsədyönlü siyasətin real nəticəyə çevrildiyini göstərir. Ən önəmlisi isə budur ki, bu inkişaf yalnız paytaxtla məhdudlaşmayıb. Bakı şəhərində sürət 91% artaraq 78.78 Mbit/s-ə çatsa da, ölkə üzrə ortalamanın daha yüksək olması regionların bu inkişafda mühüm rol oynadığını sübut edir. Bu isə o deməkdir ki, "Onlayn Azərbaycan" kimi infrastruktur layihələri nəticəsində regionlarla mərkəz arasında uzun illər mövcud olmuş "rəqəmsal uçurum" əhəmiyyətli dərəcədə azalıb”. Ekspert vurğulayıb ki, digər ölkələrlə müqayisədə Azərbaycan üçün bu nəticə daha diqqət çəkicidir: “Çünki əksər ölkələrdə yüksək sürət əsasən iri şəhərlərdə müşahidə olunur, regionlarda isə ciddi fərqlər qalmaqdadır. Bizdə isə bu tarazlığın tədricən bərpa olunması, internetin sürəti və keyfiyyətində əraziyə görə fərqin azalması inklüziv rəqəmsal inkişafın göstəricisidir. Əlbəttə, vətəndaşların bu sürət artımını hiss etməsi istifadə etdikləri provayderdən, texnologiyadan (ADSL, LTE, fiber-optik), daxili infrastrukturdan və yerləşdikləri ərazidən asılıdır. Lakin bu gün artıq rayon mərkəzlərində və bəzi kəndlərdə belə fiber-optik bağlantılarla 100 Mbit/s və daha yüksək sürət əldə etmək mümkündür. Bu, həm təhsil, həm biznes, həm də dövlət xidmətlərinə çıxış baxımından regionlarda yeni imkanlar yaradır. Nəticə etibarilə, bu artım yalnız bir texnoloji nailiyyət deyil, həm də sosial-iqtisadi bərabərliyin, inklüzivliyin və rəqəmsal suverenliyin təmin olunması istiqamətində əhəmiyyətli addımdır. Qarşıda duran əsas hədəf bu inkişafın davamlılığını təmin etmək, istifadəçi təcrübəsini yüksəltmək və rəqəmsal savadlılığı artırmaqla bu imkanlardan maksimum səmərə əldə etməkdir”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun