Medianews.az
Bağırsaq xərçəngi gənclər arasında artır: <span style=color:red>Səbəbi qidalanma ola bilər
192 baxış

Bağırsaq xərçəngi gənclər arasında artır: Səbəbi qidalanma ola bilər

Son illərdə dünya üzrə 50 yaşdan aşağı insanlarda bağırsaq xərçəngi hallarında ciddi artım müşahidə olunur. Medianews.az ntv-yə istinadən bildiri ki, yeni araşdırmalar bu artımın əsas səbəbləri sırasında yüksək miqdarda qırmızı ət və şəkərli məhsulların qəbulunu göstərir. Tədqiqatçılar gənclərdə baş verən bağırsaq xərçənginin bioloji quruluşunun yaşlı insanlardakı ilə fərqləndiyini bildirir və həyat tərzi, xüsusilə də qidalanma vərdişlərinin yenidən nəzərdən keçirilməsini tövsiyə edirlər. Cleveland Clinic tərəfindən aparılan bir araşdırmada 50 yaşdan aşağı və yuxarı olmaqla iki pasiyent qrupu müqayisə olunub. Nəticələrə görə, gənc xəstələrdə karbohidrat və protein metabolizmasında ciddi fərqlər müşahidə olunub. Xüsusilə sitrat səviyyələrinin azalması və metabolik stres göstəricilərinin yüksəlməsi diqqət çəkib. Mütəxəssislər qırmızı və emal olunmuş ətlərin (sosis, pastırma, kolbasa və s.) eləcə də şəkərli içkilərin bağırsaq xərçəngi riskini artırdığını bildirirlər. Ümumdünya Səhiyyə Təşkilatı emal olunmuş ətləri birbaşa kanserogen, qırmızı əti isə potensial kanserogen kimi qiymətləndirir. Yüksək temperaturda bişirilən ətlərdə yaranan kimyəvi maddələr və emal zamanı istifadə edilən nitratlar DNT-yə zərər verərək xərçəng riskini artırır. Şəkərli məhsullar isə təkcə çəki artımına deyil, həm də insulinin müqavimətinin artmasına, bağırsaq florasının pozulmasına və xroniki iltihablara səbəb olur. 2024-cü ildə Cancer Epidemiology jurnalında dərc olunan araşdırma göstərir ki, yüksək şəkərli içki istehlakı, hətta bədən kütlə indeksi nəzərə alınsa belə, xərçəng riskini artırır. Mütəxəssislər xəbərdarlıq edir ki, bağırsaq xərçəngi yalnız genetik səbəblərlə izah oluna bilməz. Hərəkətsiz həyat tərzi, qarın piylənməsi, nizamsız qidalanma, lif çatışmazlığı, alkoqol və siqaret istifadəsi bu xəstəliyin gənclərdə daha erkən və aqressiv şəkildə inkişaf etməsinə yol açır. Həkimlərin sözlərinə görə, gənc xəstələrdə şişlər daha çox sol bağırsaq və düz bağırsaq bölgəsində müşahidə olunur və bu hallarda ailəvi xərçəng tarixi olmasa da, genetik dəyişikliklərə daha çox rast gəlinir. Üstəlik, 45 yaşdan aşağı şəxslər üçün rutin skrininqlərin olmaması diaqnozu gecikdirir. Tövsiyələr: Qırmızı və emal olunmuş ət qəbulunu həftədə 2-3 porsiya ilə məhdudlaşdırın; Şəkərli içkilərdən uzaq durun, su və bitki çaylarına üstünlük verin; Gündəlik 25-30 qram lif qəbul edin (meyvə, tərəvəz, paxlalılar); Anti-inflamator qidaları (zeytun yağı, qoz, zərdəçal, meşə meyvələri) menyunuza daxil edin; Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə fiziki fəaliyyətlə məşğul olun; Qarın piylənməsindən uzaq durun; Yuxu rejiminizə və stress idarəsinə diqqət yetirin; Alkoqol və siqaretdən imtina edin və ya minimuma endirin; Ailədə xərçəng halları varsa, 40 yaşdan əvvəl müayinələrə başlayın; Nəcisdə qan, qarında şişkinlik, daimi yorğunluq kimi simptomları ciddiyə alın. Bağırsaq xərçəngi artıq yalnız yaşlıların deyil, gənclərin də sağlamlığı üçün ciddi təhdidə çevrilib. Bu, müasir həyat tərzi ilə bağlı risklərin yenidən qiymətləndirilməsini zəruri edir. Medianews.az  

Bizə qoşulun