16.07.2025, 14:20
136 baxış
Azad
Süni intellekt DNT tədqiqatlarında inqilab edəcək
Uzun illər idi ki, alimlər insan DNT-sinin 98%-ni tədqiqatlar üçün "lazımsız" hesab edirdi. Lakin müasir elmdə artıq yanaşma tərzi dəyişib.
Medianews.az-ın məlumatına görə, mütəxəssislər hesab edirlər ki, bu sahədə əsl inqilab baş verib və bunun da əsas səbəbi Google-un süni intellektə çatması, hər şeyi yenidən yazmasıdır.
Amerikanın məşhur "Google DeepMind" şirkəti yeni "AlphaGenome" adlanan süni intellekt sisteminin təqdimatını keçirib. Bu yenilik müasir insan DNT-sinin kodlaşdırılmayan hissələrindəki hətta ən xırda dəyişikliklərin orqanizmə necə təsir etdiyini də modelləşdirməyə qadirdir. Bu sahələr genomun təxminən 98%-ni təşkil edir və uzun illər faydasız sayılırdı. Ancaq bu gün artıq elm aləminə məlum olub ki, məhz elə həmin hissələr insan genlərinin aktivləşməsi və susdurulmasına nəzarət edir, həmçinin orqanizmin inkişafında bir çox xəstəliklərin yaranmasında əsas rol oynayır.
Requlyator zonalardakı pozuntular, hətta kodlaşdıran hissələr dəyişməz qalsa belə, yenə onkoloji, irsi xəstəliklərə səbəb ola bilər. "AlphaGenome" sistemi isə məhz bu hissələri təhlil etmək üçün yaradılıb. Belə ki, alqoritm təxminən bir milyona qədər əsas cütdən ibarət DNT ardıcıllığını emal edir və həmin hissələrin aktivliyi ilə bağlı on minlərlə molekulyar xüsusiyyəti proqnozlaşdırır.
Elm adamları bu yeniliyi təqdir edirlər və bildirirlər ki, əslində, problemin miqyasını anlamaq üçün "gen" anlayışının necə dəyişdiyini bilmək vacibdir. Məlumdur ki, XX əsrdə elm aləmi geni yalnız zülalların sintezi ilə əlaqələndirirdi. Lakin bu gün genom istənilən DNT ardıcıllığı kimi başa düşülür; onun məhsulu (zülal və ya RNT) bioloji proseslərdə iştirak edir. Həm də bu meyara görə, DNT-nin demək olar ki, 40%-i genetik aktivdir, lakin hələ də funksiyası tam bilinməyən bir milyarddan çox əsas cütü qalır. "AlphaGenome" elə bu məqsədlə yaradılıb. O, genlərin açılıb-bağlanma mexanizmini bərpa edir və xırda mutasiyaların hansı biokimyəvi dəyişikliklərə səbəb olacağı barədə elmi proqnoz verir.
Bir müddət əvvəl isə bir genin tam anormal aktivləşməsinə səbəb olan mutasiya nümunəsi götürülüb və bu sistem laboratoriya təcrübələrində artıq sübut olunmuş həmin reaksiyanı düzgün modelləşdirə bilib, yəni öz proqnozunun dəqiqliyini təsdiqləyib.
Hazırda "AlphaGenome" sisteminə giriş məhduddur, çünki hələlik o, yalnız qeyri-kommersiya tədqiqatları üçün təqdim olunur. Bununla belə, layihəyə akademik dairələr, həmçinin biotexnoloji startaplar böyük maraq göstərir, çünki bu sistem tənzimləmə pozuntularından qaynaqlanan xəstəliklərin müalicəsində yeni yanaşmaların axtarışını əhəmiyyətli dərəcədə sürətləndirə bilər.
Lakin məhdudiyyətlər də var. Model 100.000-dən çox əsas məsafəsində yerləşən DNT hissələrinin qarşılıqlı təsirini həmişə düzgün nəzərə almır və toxuma fərqlərini zəif ayırd edir ki, bu göstərici də əslində heç fərdi genomun tam analizinə uyğun deyil. Həmçinin mühit və inkişaf faktoru ilə bağlı kompleks xəstəlikləri də ümumi əhatə etmir.
Bütün bunlara baxmayaraq, tədqiqatçılar nikbindir və onların fikrincə, bu sistemdə müəyyən çatışmazlıq olsa da yenilik kimi çox ümidvericidir. Amerikalı alimlərə görə, "AlphaGenome"un potensialı çox böyükdür, üstəlik də bu xüsusiyyəti onu mükəmməl edəcək.
Mütəxəssislər bunun indiyədək müşahidə edilməyən bir ilk olduğunu vurğulayıblar. Onların sözlərinə görə, süni intellektin bu yeni sistemi ümumilikdə insan DNT-sində baş verən bütün nöqtəvi dəyişikliklərin molekulyar proseslər zəncirini necə işə saldığını tamamilə izləyə biləcək və eyni zamanda süni genetik konstruksiyaların layihələndirilməsində istifadə olunacaq. Üstəlik də bu sistem daha əvvəllər elmə qaranlıq qalan tənzimləyici zəncirlərin xəritəsini qurmağa kömək edə biləcək.
İstehsalçılar hesab edirlər ki, bu modelin gələcəkdəki inkişafı genetik pozuntuların yalnız simptomlarını yox, səbəblərini də aradan qaldırmağa yönəlmiş terapiyaya yol aça bilər. Tədqiqatçılar çox yaxın gələcəkdə belə müasir texnologiyaların köməyi ilə genin sirlərini açacaqlarını və DNT araşdırmaları sahəsində elmi inqilab sayılacaq yenilik etməklə, hətta ən ağır xəstəliklərin çarəsini tapacaqlarını bildirirlər.
Medianews.az