Səfər Alışarlı
02.07.2025, 09:22
274 baxış
Azad
Ölkəsinin dörd tərəfinə dəhşət saçmaq istəyən Rusiya rəhbərliyi...
Dünya format edilir. Bunu başa düşməyənlər özünü dağa-daşa çırpır. Dünyanı şər qüvvələrin idarə etdiyini demək mümkün olmasa da, reallıqda şərin təsir gücü çox böyükdür. Bütün hakimiyyətlərin bətnində şərə xidmət kodları var. Bəziləri şərin qulu, nökəridir.
Ölkəsinin dörd tərəfinə dəhşət saçmaq istəyən Rusiya rəhbərliyi həmin şərin əmrlərini yerinə yetirən kimi görünür. Əks təqdirdə, bircə balaca ağlı olan rəhbər Ukraynaya hərbi təcavüz edərdimi? Bəşəriyyətin müharibə təcrübəsində bu təcavüzə bəraət qazandırası heç nə yoxdur.
İndi də Rusiya öz imperiya ambisiyaları ilə guya Azərbaycanı ram etməyə çalışır. Onun Azərbaycandan nə istədiyi açıq deyilməsə də, bizə bəllidir. Bu aqoniya Moskvanın SSRİ süqutunu 1990-cı il Bakı qırğını ilə dayandırmaq cəhdinə oxşayır. Mümkün deyil, nə Moskva o vaxtkıdır, nə Azərbaycan.
Əgər Rusiya labüd Qafqaz demarşını özünün süqutu kimi görmək istəyirsə, görsün. Müdrikliyi çatırsa, elə görməsin, elə baxmasın. İki əsrdən artıq bir müddətdə Rusiya bu diyara heç nə vermədən yalnız milli-etnik assimilyasiya gücünə arxayın oldu.
Rusiya güc strukturlarının azərbaycanlılara qarşı kobud, heç bir dövlət ərkanına və etikasına sığmayan hərəkətləri sanki bu ölkə üçün xilaskar axtarışının tərkib hissəsidir. Biz istəməsək də, tarix bizi bu missiyaya doğru aparır.
Səfər Alışarlı
Səfər Alışarlı