12 gün ölkəmizin yerləşdiyi regionda qonşu dövlətlə (İran) strateji müttəfiqimiz olan dövlət (İsrail) arasında şiddətli döyüşlər getdi. Rəsmi Bakı bu müddət ərzində nə dərəcədə korrekt, usta siyasət yürüdə bildi? Politoloqlar Azərbaycan dövlətinin sözügedən 12 gün ərzində tutduğu mövqeni, yürütdüyü siyasəti Medianews.az-a şərh ediblər.
Politoloq Əziz Əlibəyli Medianews.az-a deyib ki, rəsmi Bakının siyasəti yeni inşa olunmayıb: “Bakı son 20 ildə xüsusilə neytral mövqedən əsaslandırılmış xarici siyasət xətti həyata keçirib. Bloklara qoşulmama bunun bariz nümunəsi idi. Azərbaycanın burada hədəflədiyi ölkəmizin ərazisindən qonşu ölkələrə hərbi məqsədlə zərbə vurmaq üçün istifadə edilməməsi idi. Rusiya-Ukrayna müharibəsində olduğu kimi bu, İsrail-İran müharibəsində də özünü göstərdi. Yaxın Şərqdə cərəyan edən bir çox prosesdə, hətta Qarabağ müharibəsinin gedişində də Azərbaycan bu xətti izlədi. O baxımdan hesab edirəm ki, indiki vəziyyətdə qonşu ölkələrin ikisində - şimalda Rusiyanın, cənubda İranın müharibə vəziyyətində olduğu bir dövrdə ortada sabitlik adası kimi qalmaq əslində xarici siyasətin uğuruna ən gözəl örnəkdir”.
İranla vahid tarixi keçmişə, mədəni kimliyə malik olduğumuzu, orada 40 milyondan çox azərbaycanlının yaşadığını, İsraillə isə hərbi-strateji müttəfiqliyimizi yada salan Əziz Əlibəyli qeyd edib ki, rəsmi Bakı bir yandan bu faktorları nəzərə alaraq, o biri yandan da bu faktorların heç birinə baxmayaraq, İsrail-İran savaşında Azərbaycan Respublikası ərazisindən istifadə edilməsinə imkan vermədi: “Eyni zamanda rəsmi Bakı müxtəlif kanallarla iki dəfə İsrailə müraciət edərək İranın azərbaycanlılar yaşayan şəhərlərinə zərər vurulmaması məsələsini də qaldırdı. Beləliklə, Azərbaycan dövləti bir daha münaqişəyə qoşulmadan münasibətləri nəzarətdə saxlama mexanizminə sahib olduğunu nümayiş etdirdi".
Politoloq Oqtay Qasımov Medianews.az-a açıqlamasında bildirib ki, sözügedən 12 gün bütün dünya, o cümlədən Azərbaycan üçün çətin bir dönəm oldu: "Çünki savaş birbaşa bizim qonşuluğumuzda gedirdi. Bu qonşu dövlətdə isə 40 milyondan artıq soydaşımız yaşamaqdadır. Savaşın bir tərəfinin cənub qonşumuz, digər tərəfinin isə strateji tərəfdaşımız olması hadisələri istər-istəməz Azərbaycan üçün də bir sınaq mərhələsinə çevirdi. Hesab edirəm ki, Azərbaycan bu vəziyyətdən kifayət qədər uğurla çıxdı. Savaşın ilk anından rəsmi Bakı atəşkəs əldə olunmasının, problemləri danışıqlar yolu ilə həll etməyin vacibliyini irəli sürdü və bu mövqe dəyişməz qaldı.
Nəhayət, İsraillə İran arasında atəşkəs razılığına gəlindi. Doğrudur, bu, İsrail-İran məsələsinin bitməsi demək deyil. Bu, daha çox münasibətlərin, gərginliyin hansısa bir dönəmə qədər dondurulması, durdurulması anlamına gəlir. Bütün hallarda biz maraqlıyıq ki, bölgəmizdə, yerləşdiyimiz coğrafiyada savaş olmasın, insanların həyatı təhlükə altına düşməsin, əməkdaşlıq formatları yaransın, püxtələşsin və bütün ölkələr bundan yararlana, fayda götürə bilsin”.
Nailə Qasımova,
Medinaews.az