23.06.2025, 11:20
117 baxış
Azad
135 yaşında Ginnesin Rekordlar Kitabına düşür
ABŞ-da uzunömürlü tısbağa ilə bağlı çox nadir bir hadisə baş verib. Mayami şəhəri zooparkının əməkdaşlarının məlumatına görə, Qalapaqos tısbağası olan 135 yaşlı Qoliat ilk dəfə ata olub.
Medianews.az bildirir ki, dünya rekorduna sahib olan bu tısbağa zooparkın ən yaşlı heyvanıdır.
234 kiloqramlıq Qoliat vəhşi təbiətdə olduğu illər ərzində də, zooparkda yaşadığı dövrlərdə də, bir sözlə, həyatı boyu övlad sahibi olmağa çalışıb, lakin çox uzun müddət keçməsinə baxmayaraq nəticəsi olmayıb. Yalnız bu il onun bəxti gətirib və iyunun 4-də Qoliat 128 günlük inkubasiyadan sonra nəhayət bala görüb. 135 yaşlı bu erkək tısbağaya yanvar ayının 27-də qoyulan 8 yumurta içindən yalnız bircə uğurlu yumurtadan çıxan balasına atalıq etmək qismət olub.
"Bu, təkcə Qoliatın ilk nəsli deyil, həm də Mayami zooparkında yumurtadan çıxan ilk Qalapaqos tısbağasıdır və bu, bir çox səviyyədə tarixi hadisəyə çevrilir" - deyə zooparkın paylaşımında bildirilib.
Qoliat 15 iyun 1890-cı ildə Qalapaqosdakı Santa Kruz adlı adada yumurtadan çıxıb. 23 iyul 1929-cu ildən isə Bronks zooparkına köçürülüb və uzun müddət sonra - 30 iyul 1981-ci ildə Mayami zooparkına gətirilib.
Ginnesin Rekordlar Kitabı artıq Qoliatın "Ən qoca yaşında ilk dəfə ata olan tısbağa” kimi tanınması üçün verilmiş ərizəni qəbul etdiyini və ən qoca ata tısbağanın Ginnesin Rekordlar Kitabına düşdüyü barədə xəbəri yaxın zamanlarda açıqlayacağını bildirib.
Mayami zooparkının rəhbərliyi və işçiləri ilə bərabər 135 yaşlı ata tısbağa Qoliatı tədqiq edən mütəxəssislər bildiriblər ki, ümumiyyətlə, Qalapaqos növündən olan belə tısbağalar 200 ilədək yaşadıqlarına görə, onu "dünyanın ən qoca, həmçinin ilk dəfə valideyn olan rekordçu saymaq olar".
Mayami zooparkından bildiriblər ki, yaşlı valideynlərin körpəsi artıq inkubatordan buraxılıb və ayrıca tısbağa "çələngi"nə yerləşdirilib.
Medianews.az