Medianews.az
Rusiya İranın bölünəcəyindən qorxur - <span style=color:red>Politoloq
196 baxış

Rusiya İranın bölünəcəyindən qorxur - Politoloq

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin rəhbəri olduğu MDB İnstitutu ilə İranın aparıcı analitik mərkəzlərindən biri - İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) birlikdə təşkil etdikləri “Dəyişən dünyada Rusiya-İran əməkdaşlığı” adlı konfransda İsrailin hücumlarının davam edəcəyi halda İranda rejimin çökə biləcəyi və bundan sonra İranın bölünə biləcəyi əsas müzakirə mövzusu olub. Moskvadakı “Prezident-otel”də keçirilən konfrans MDB İnstitutunun direktoru Konstantin Zatulinlə yanaşı İranın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazım Cəlalinin çıxışı ilə başlayıb. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun akademik direktoru, Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RSMD) vitse-prezidenti Vitali Naumkin, Rusiya Elmlər Akademiyasının İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutunun direktoru Aleksey Kuznetsov, Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov, Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktor müavini Maksim Baranov, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərq Araşdırmaları Mərkəzinin aparıcı elmi işçiləri Nina Məmmədova, Vladimir Sajin, Yelena Dunayeva, Ömər Nessar, MDB İnstitutunun Avrasiya inteqrasiyası və ŞƏT-in inkişafı şöbəsinin müdiri Vladimir Yevseyev və müavini Daria Xaritonova, İran İslam Respublikasının Rusiyadakı səfirliyinin 1-ci dərəcəli müşaviri Əli Mohaqın iştirak etdiyi konfransa İran, Türkiyə və postsovet respublikalarından olan ekspertlər qatılıblar. Bədbin əhval-ruhiyyədə keçən konfransda ekspertlər İranın müdafiə siyasətindəki böhranın səbəbləri ətrafında müzakirələrlə yanaşı İsrailin hücumlarının davam edəcəyi halda rejimin çökə biləcəyi və İranın bölünmə təhlükəsinin yaranacağı ilə bağlı narahatlıqlarını, hətta qorxularını dilə gətiriblər. Konfrans iştirakçıları rejimin çökəcəyi halda azərbaycanlılar, ərəblər, bəluclar və kürdlərin müstəqillik uğrunda mübarizəyə qalxacaqlarını bildirərək, İranın parçalanmasında maraqlı olmayan qonşu ölkələrin İrana ordu göndərmələrinin zərurətindən bəhs ediblər. Ukraynada ağır hərbi itkilər verən Rusiya jandarm rolunu oynaya bilmədiyi üçün bu prosesə İranın bölünməsində maraqlı olmayan qonşu ölkələri cəlb etməyə çalışır. Pakistanın bəlucların, Türkiyənin isə kürdlərin İrandan ayrılmasını özləri üçün böyük təhlükə hesab etdiklərini, İsrailin bölgədə güclənməsinə qarşı olduqlarını vurğulayan ekspertlər bu iki dövlətin Rusiya ilə birlikdə İranın bütövlüyünü qorumalı olduğunu qeyd ediblər. Konfransda Azərbaycan və azərbaycanlılarla bağlı dəfələrlə mövqe ifadə edilib və Bakının İsraillə yaxın münasibətləri də müzakirə mövzusu olub. Ekspertlər Türkiyənin Rusiya ilə müqayisədə Azərbaycana daha çox təsir etmək imkanlarının olduğunu, Ankaranın bu imkanlarından istifadə edərək Bakını İsraillə əməkdaşlıqdan çəkindirməli olduğunu qeyd ediblər. Aydın görünür ki, Rusiya İranın bölünməsindən qorxur və bunun qarşısını almaq üçün bütün gücünü işə salıb. Bu hal sosial şəbəkələrin Azərbaycan seqmentində də aydın hiss olunur. Xaqani Cəfərli, politoloq

Bizə qoşulun