“Gənc sənətçilərə mənim çox böyük inamım və etibarım var. Bu gün istedadlı gənclərimiz çoxdur. Xüsusilə də Muğam müsabiqəsində. Hələ yer tutub, çıxış etməyən çox gənc xanəndələrimiz var ki, onlar da tədricən öz yerlərini tapacaqlar. İstedadlı gənclərə dövlətimiz tərəfindən də dəstək var. Mənim onlara tövsiyəm odur ki, danışmaqdan daha çox oxusunlar. Onlara bu gün oxumaq lazımdır. Müğənni, xanəndə oxumalıdır. Bu gün efirlərdə sənət göstərmək qalır kənarda, danışığa üstünlük verirlər. Bu kimi hallar məni çox üzür. Ailə-məişət mövzuları efirlərdən yığışdırılsa yaxşı olar. Danışmaq mənasızdır, heç kimin şəxsi həyatı insanlar üçü maraqlı olmamalıdır. Hər bir insanın yaxşı günü də, pis günü də var. Bu, həyatdır. Onun alnına yazılmayıb ki, bu müğənnidirsə mütləq həyatı pis olmalıdır”.
Bunu Medianews.az-a açıqlamasında Xalq artisti Şahnaz Haşımova deyib.
Sənətkar efirlərə nadir hallarda çıxmasının səbəblərindən də danışıb:
“Mən elə o vaxt da, bu gün də efirlərə bir o qədər də həvəs göstərmirəm. Düşünürəm ki, dəqiqədə bir çıxıb insanların vaxtını almaq lazım deyil. Televiziyaya çıxırsansa gərək sənin təqdim etməyə, göstərməyə bir ifan olmalıdır. Yox, əgər köhnə mahnıları dönə-dönə çıxıb ifa edib, efiri məşğul edəcəksənsə, bu, mənasızdır. Efirə çox çıxmağı sevmirəm. Bir misal gətirim. Mən Rübabə Muradovanı hər zaman çox sevmişəm, onun ifaları ilə yaşamışam. Elə bir dönəm oldu ki, Rübabə xanım düz 1 il ekranlara çıxmadı. O vaxt televiziya və radio verilişlərinin həftəlik proqramı dərc olunurdu. Mən hər həftə o proqramı alırdım ki, görüm Rübabə xanımın bu həftə çıxışı varmı? Olmayanda çox məyus olurdum. Düz 1 ildən sonra Rübabə xanımın adı proqramda çıxdı və mən oturub onu sevə-sevə dinlədim. İfası da yadımdan çıxmadı. Əbədi olaraq yaddaşıma yazıldı. Efirə çıxanda da elə oxumaq lazımdır ki, o ifa insanların ürəyinə köçə bilsin”.
Xalq artisti bildirib ki, istedadlı şəxslərə dəstək olmaq lazımdır:
“Gəncədə yaşadığıma görə neqativ hallarla bir o qədər də qarşılaşmamışam. Çünki Gəncədə təkcə “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblı var idi. Ümumi özfəaliyyət kollektivləri çox idi. Amma bizim ansambl dünyada tanınırdı. Mən də ansambla Xalq artisti Fikrət Verdiyevin dəvəti ilə gəldim. Burada mən mahnılarımla, oxumağımla məşğul olurdum. Elə olurdu ki, Bakıya, o vaxtkı Respublika sarayına bizi dəvət edirdilər. 1 həftə məşq edirdik, əziyyət çəkirdik. Deyirdilər ki, sabah gəlin konsertə. Bir də baxırdıq ki, bədii rəhbəri yuxarı çağırıb deyirdilər ki, siz müəyyən səbəblərə görə proqramdan çıxdınız. Bunu da kimlərsə edirdi. Əlbəttə ki, düzgün deyildi. Bu gənc ifaçıları ruhdan salmaq demək idi. Mən indiyə qədər heç kimə paxıllıq etməmişəm. Sənətkarın özünə inamı varsa, sənətinə arxayındırsa, heç kimin paxıllığını çəkməz. Günəş günəşdir də. Necə edirsənsə et, onsuz da parlayacaq. Paxıllıq edənin paxıllığı özünə qalır. Mən əzablı, çətin, səni bütövlükdə səndən alan sənətin hər bir sənətkarına, istedadına yalnız uğurlar arzu edirəm”.
Əli Əsgər,
Medianews.az